14 March 2017
  • 585 ნახვა

Qədim Tiflisin qədim cizgiləri: Tatar meydanı

Tatar meydanının başqa adları da vardır: Qala meydanı, Şeytanbazar, Aşağı bazar, Aşağı meydan, Meydan. İndi Qorqasal meydanı adlanır. Demək olar ki, son vaxtlara kimi Tiflisin ən qədim meydanlarından biri olan bu meydan belə adlanırdı. Vaxuşti Baqrationi onu «Qala meydanı», Jan Şarden isə «Hərbi meydan» adlandırırdı. Bu iki ad meydanın yerləşdiyi yeri özündə əks etdirirdi. Eyni zamanda son feodal dövrlərində bu adlar paralel olaraq işlədilirdi. Qalada əsrlər boyu əsasən azərbaycanlılar, iranlılar, osmanlılar qərar tuturdular. Müsəlman əhalinin gürcülər arasında «tatar» adlandırıldığına görə, bu meydanın da adı Tatar meydanı olmuşdur.

1800-cü il planına görə, bu meydana bir neçə küçə daxil olurdu. Meydan bu küçələr vasitəsi ilə Orta bazar, Zərrafxana məhəlləsi, Kldisuban (Qaya məhəlləsi), Rastabazar, Hamamlar məhəlləsi ilə birləşirdi.

Meydanda əsasən ərzaq dükanları yerləşmişdi. Burada sərrac, baqqal, bəzzaz, çəkməçi, boyaqçı, kababçı, cızbızçı, pitiçi, çayçı, çörəkçi, lavaşçı, kəlləbaz dükanları və başqa dükanlar yan-yana idi. Meydanın şimal-qərbində Alafxana idi. Onunla üzbəüz tərəfdə xaşxanalar cərgəsi və çar dükanları (belə ki, bu dükanlar çara məxsus idi və icarə ilə başqa şəxslərə verilirdi) var idi. Bu cər­gələrin arxasında «Berzenxana» deyilən yer, daha doğrusu, yunanların məhəlləsi idi. Yunanlar gürcücə berzen adlanır. Onun mərkəzində də yunan kilsəsi yerləşirdi. Meydanın cənub-qərbində «Qalanın böyük dayağı» adlanan (Surp Gevorq kilsəsi) yerdə yapıncı və papaqçıların dükanları var idi. Bu tərəfdən meydana dar küçə daxil olurdu. İndi Samğebro (Boyaqçılar) küçəsi adlanır. Həmin yerdə Liləxana yerləşirdi. Alaf dükanlarından başqa burada baqqallar, balıqçılar, qəssablar düzülmüşdü. (Meydanın bilavasitə yaxınlığında, Kür qırağında mal-qara, heyvan kəsilən yer var idi).

Tatar meydanında alverin maraqlı qaydalarından birini, qədim Tiflisə yaxşı bələd olan, onun vurğunu İosif Qrişaşvili belə qələmə alır:

«Şorayeldən, Marneuldan və Durnukdan bura un, taxıl, Qarayazıdan düyü, Ağdaşdan qarpız, Zaqataladan ləz­gi armudu, Şıxlıdan pendir, Duşetdən və Qarabağdan qoyun, yun, kərə yağı, Hamamlıdan yumurta, Cəlaloğludan və Məngilisdən kartof, Ləmbəlidən yağ, Qulfdan və Kağızmandan duz, Borçalıdan soğan, badımcan və sair gətirilirdi.

Tatar meydanının ortasında böyük tərəzi - Qapan tərəzisi qoyulmuşdu. Buradan da mal əhaliyə və alverçilərə paylanırdı. Kənddən gətirilən mal ilk növbədə şəhər sakinlərinə, sonra isə alverçilərə satılmalı idi. Qapan tərəzisində bayraq ucaldılan zaman əhali, sonra isə alverçilər almalı idi. Saat 12 tamam olanda bayraq endirilirdi və bu, onu göstərirdi ki, bundan sonra alverçilər ilə kəndlilər arasında alış-veriş başlamalı idi».

Ötən əsrdə Şeytanbazarda «Azərbaycan» və «Axundov» mehmanxanaları var idi. Cəlil Məmmədquluzadə öz xatirələrində bu barədə yazır:

«Tiflisin Şeytanbazarında rast gəldiyim islam aləmi hər gün və hər saat məni yazmağa vadar edirdi. Material o qədər idi ki, şairlər deyən kimi:

 

              Yaza-yaza dərdimi aləmdə kağız qoymadım.

              Axırı bir guşəyi-divarə yazdım dərdimi»...

 

Başqa bir yerdə yenə yazır:

«Belə məhəllə dünyada müsəlman aləminin hər bir şəhərində var. Qələ şəhərinin Şeytanbazarı, İrəvanın, Bakının və hətta Təbrizin və qeyri şəhərlərin və qəsəbələrin şeytanbazarları bir şəkildədir: toz və torpaq, zibil, evlər və dükan-bazar xaraba, küçələr dolu it-pişiklə və keçəl-küçəl müsəlman uşaqları. İki dükanın biri çayxana, tiryəkxana, qumarxana. Dar küçə və bazarda yük heyvanları qarışıb adamlara. Camaat cümləsi kişidir. Maarifin, səliqənin və nəzafətin burada iyi-əsəri görsənməz. Əhali cümləsi müsəlman camaatıdır».

A. Şaiq də Şeytanbazar barəsində öz xatirələrində yazır:

«Şeytanbazar o vaxt Tiflisin ən çox izdihamlı küçələrindən idi. İki-üç yerdə çayxana var idi. Bu çayxanalar səhərdən axşama qədər hey dolub boşalır, hərə qarşısında bir stəkan çay oturur, dərvişlər nağıl söyləyir, ilan oynadır, xanəndələr çalıb oxuyurdular. Böyük samovar səhərdən gecə yarısınadək qaynayır, onun yanından qızarmış kömür əskik olmur, çayxana xidmətçiləri qəlyan başına maşa ilə od qoyub, çəkə-çəkə alışdırır, sonra aparıb müştəriyə verirdilər. Müştəri də bir əli ilə qəlyanın uzun boğazından, bir əli ilə də uzun müştüyündən yapışıb çəkir və tez-tez tüstünü havaya buraxırdı. Samovarların hisi, tənbəkilərin acı tüstüsü çayxananın içini duman kimi bürüyürdü. Mən dayımgilə həmişə bu çayxananın qabağından keçib gedərkən qapı ağzında durub, içəridə nağıl söyləyən, ilan oynadan dərvişlərə və qəlyan çəkən müştərilərə tamaşa edirdim. Bu çayxanalar o zaman işsiz-peşəsiz həyat keçirən, ətalət və qəflət azarına tutulmuş adamların məskəni idi. Elə çayxana düşgünləri var idi ki, bütün günlərini orada keçirirdilər».

Bu gün Meydanın siması tamamilə dəyişdirilmişdir. Bir vaxtlar hər tərəfdən bağlı olan Kür sahili indi tamamilə azad olunmuşdur. Köhnə tikililərdən yalnız Qalanın böyük kilsəsi və şimal-şərq tərəfinin bir zolağı qorunub saxlanılmışdır.

Hötmətlə: Mirzə Məmmədoğlu

მსგავსი