20 October 2013
  • 203 ნახვა

Puşkin kükürdlü Tiflis hamamları barəsində

Görkəmli rus şairi A. S. Puşkin «Ərzuruma səyahət» adlı yol qeydlərində kükürdlü Tiflis hamamları barəsində də yazır:

«Karsikaladan bir neçə verst aralı, Rum yürüşlərinin abidəsi, Kür üzərindəki qədim körpüdən keçərək Tiflisə getdik...

Mən traktirdə dayandım, o birisi gün isə Tiflisin məşhur hamamlarına yollandım. Şəhər mənə çox qalabalıq göründü. Ermənilər, gürcülər, çərkəzlər, farslar Şeytanbazarda toplaşmışdılar. Onlar arasında gənc rus məmurları Qarabağ ayqırlarının belində gəzirdilər. Hamamların girəcəyində qoca fars oturmuşdu. O, qapını mənə açdı. Mən geniş bir otağa daxil oldum. Və nələr gördüm? 50 nəfərdən çox cavan və yaşlı qadın yarı çılpaq və lüt halda bəziləri divarlara söykənmiş skamyalarda oturub, bəziləri də ayaq üstə geyinib soyunurdular. Mən dayandım. Gedək, gedək, - dedi mənə sahibkar, - Bu gün çərşənbə axşamıdır, qadın günüdür, eybi yoxdur. Əlbət də eybi yoxdur, əksinə daha da yaxşıdır, - deyə mən ona cavab verdim. Kişi məxluqunun ora daxil olması heç bir narahatçılığa səbəb olmadı. Onlar qəh-qəhə çəkib gülüşərək söhbətlərini davam etdirdilər. Belə çıxdı ki, mən gözə görünməz halda ora daxil oldum. Onlardan çoxu doğrudan da gözəl idi.

Fars məni hamama saldı. Qaynar, kükürdlü su qayada yonulmuş, dərin  hovuza axırdı. Ömrüm boyu Tiflis hamamları kimi hamam nə Rusiyada, nə də Türkiyədə gördüm».

A. S. Puşkin daha sonra yazır:

«Hamam sahibi məni kisəçi tatara (azərbaycanlıya - M. M.) təhvil verdi. O, mənim qayğımı çəkməli idi. Həsən (bu tatarı belə çağırırdılar) öz işinə başladı, yonulmuş daş döşəməyə məni uzatdı, sonra da qabırğalarımı ovxalamağa, oynaqlarımı gərməyə, yumruğu ilə bərkdən vurmağa başladı. Mən cüzi ağrı belə hiss etmirdim, əksinə xüsusi bir ləzzət hiss edirdim. Asiyalı kisəçilər bəzən çuşa gələrək çiyinlərin üstünə çıxırlar, ayaqları ilə ombalarda sürüşürlər və kürəkdə çöməlirlər. Bundan sonra yun kisə ilə uzun müddət bədənimi sürtdü, isti su ilə məni yaxaladı və kətanda köpüklənmiş hava şarı ilə məni yumağa başladı.

მსგავსი