30 November -0001
  • 432 ნახვა

Borçalının sevimli oğullarından biri- Camal Mustafayev

Camal Vəli oğlu Mustafayev 1928-ci ildə Qarayazının (indiki Qardabani rayonu) Kosalı kəndində anadan olmuşdur. Orta təhsilini 1935-1944-cü illərdə Kosalı kənd orta məktəbində almışdır. Sonra Tbilisidə ikiillik Müəllimlər İnstitutunda oxumuşur.

1946-1948-ci illərdə Kosalı kəndində müəllim işləyən Camal Vəli oğlu 1948-ci ildə Azərbaycan Dövlət Universitetinin fəlsəfə şöbəsinə daxil olub. 1949-cu ildə Moskva Dövlət Universitetinə keçirilib və oranı 1952-ci ildə bitirib. İki il Qarayazı rayonunda məktəb direktoru işləyib.

1954-cü ildə SSRİ Elmlər Akademiyası Fəlsəfə İnstitutunun əyani aspirantı olub. Aspirantura illərində onun elmi araşdırmaları "Nizaminin fəlsəfi və etik görüşləri" mövzusu ətrafında olmuşdur. O, bu mövzuda namizədlik dissertasiyası müdafiə etmişdir.

1957-1968-ci illərdə  Camal Mustafayev Azərbaycan EA Fəlsəfə və Hüquq İnstitutunda kiçik elmi işçi, elmi işçi və baş elmi işçi vəzifələrində işləmişdir.

1968-ci ildə Azərbaycan Dövlət Universitetinin müdafiə şurasında "Nizaminin ideyalar aləmi və müasirlik" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək fəlsəfə elmləri doktoru alımlik dərəcəsinə layiq görülmüşdür.

1968-1976-cı illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunda fəlsəfə kafedrasının müdiri işləmişdir.

1976-cı ildən 1999-cu ilədək Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) professoru olmuşdur. 1985-1991-ci illərdə həmin ali məktəbdə etika-estetika kafedrasının müdiri vəzifəsində çalışmışdır.

Professor Camal Mustafayev 1999-cu ildən bugünədək Xəzər Universiteti Tərcümə Araşdırmalar Mərkəzinin direktoru vəzifəsində çalışmaqdadır.

1982-ci ildə ona Azərbaycan SSR Əməkdar elm xadimi fəxri adı verilmişdir.

Camal Mustafayev orta əsrlər Azərbaycan fəlsəfi fikri sahəsində bir sıra sanballı əsərlər çap etdirmişdir. Xüsusən onun Nizami fəlsəfəsinə, XII əsr Azərbaycan düşüncəsinə aid əsərləri geniş oxucu kütləsinə bəllidir. Moskva və başqa şəhərlərin nüfuzlu jurnallarında əsərləri çap olunmuşdur. Onun müsəlman şərq sosial utopiyasına aid tədqiqat işləri və s. əsərləri xarici dillərə tərcümə olunmuşdur.

Camal Mustafayev Azərbaycan fəlsəfəsi, etika və estetikası sahəsində bir sıra elmlər namizədi, elmlər doktoru yetişdirmişdir. O, eyni zamanda müasir Azərbaycan şeirinin əsas tədqiqatçılarındandır.

Camal Mustafayevin elmi və pedaqoji fəaliyyəti 70-dən çox elmi və publisistik məqalə və müsahibələrdə, 2 monoqrafiyada öz əksini tapmışdır. O, çoxsaylı beynəlxalq, ittifaq, respublika səviyyəli konqres, simpozium və konfransda iştirak etmiş, məruzələr etmişdir.

Hazırda bir sıra Azərbaycan şairlərinin yaradıcılığı haqqında məqalələr yazıb dərc etdirən  Camal Mustafayev Xəzər Universitetində professor Hamlet İsaxanlının rəhbərliyi ilə keçirilən "Elm və Sənət Məclisi "nin işində də fəal iştirak edir.

Camal Mustafayev BDU-nun, Azərbaycan EA-nın Fəlsəfə və Hüquq İnstitutunun müdafiə şuralarının üzvü olmuşdur. Xəzər Universiteti Elmi-inzibati Şurasının üzvüdür.

მსგავსი