25 September 2017
  • 302 ნახვა

Azərbaycan Demokratik Cümhuriyyəti Parlamentinin üzvü katibi-Əhməd bəy Pepinov

 Azərbaycan Milli Şurasının, sonra isə Azərbaycan Demokratik Cümhuriyyəti Parlamentinin üzvü və katibi, 5-ci Nazirlər Kabinetinin üzvü Əhməd bəy Ömər oğlu Pepinov 1893-cü ildə Ahıskanın Axalkələk şəhərində doğulmuşdur. Tiflisdə gimnaziyanı bitirmiş, 1913-cü ildə Moskva Dövlət Universtitetinin hüquq fakultəsinə daxil olmuş, eyni zamanda, iqtisadiyyat fakültəsində də oxumuşdur. Təhsil illərində "Azərbaycan Həmyerlilər Təşkilatı"nın rəhbərlərindən biri olmuş, "Axalkələkli Əhməd Cövdət" imzası ilə "Açıq söz" qəzetinə məqalələr göndərmişdir. Tələbələrin Moskvada keçirdiyi "Azərbaycan etnoqrafik konsert gecələri"ndə və digər mədəni tədbirlərdə yaxından iştirak etmişdir.

1918-ci ildə ali təhsilini başa vuraraq Bakıya qayıdan Əhməd bəy Pepinov Cənubi Qafqazda baş verən siyasi hadisələrə fəal surətdə qoşulmuş, Zaqafqaziya Seyminin Müsəlman fraksiyasının üzvü seçilmişdir. Azərbaycan Milli Şurasının, sonra isə Azərbaycan Demokratik Cümhuriyyəti Parlamentinin üzvü və katibi vəzifəsini icra etmişdir.

Əhməd bəy Pepinov parlamentin fəaliyyətində yaxından iştirak etmiş, bir sıra mühüm məsələlərin, o cümlədən Antanta dövlətləri, Gürcüstan və Ermənistanla münasibətlərin, "Denikin təhlükəsi"nin müzakirəsində təmsil etdiyi sosialistlər fraksiyası adından çıxış etmiş, bir sıra qanun lahyihələrinin, o cümlədən Parlamentin 1919-cu il oktyabrın 20-də qəbul etdiyi "Nəşrlər istehsalı haqqında" qanununun hazırlanmasında bilavasitə iştirak etmişdir. Əhməd bəy Pepinov Azərbaycan Müəssislər Məclisinə seçkilər üzrə komissiyanın sədr müavini (Sədri M. Ə. Rəsulzadə idi) seçilmişdir. Lakin "Hümmət" partiyasının üzvü kimi, müəyyən siyasi və iqdisadi məsələlərdə Azərbaycan Demokratik Cümhuriyyəti hökümətinin mövqeyi ilə razı olmamış və onun fəaliyyətini tənqid etmişdir. Nəsib bəy Yusifbəylinin təşkil etdiyi ikinci, Cümhuriyyətin isə sayca beşinci hökümət kabinəsində (24.12.1919 - 30.03.1920) Əhməd bəy Pepinov əmək və əkinçilik naziri idi. Bakı Dövlət Universitetinin təşkilində (1919) yaxından iştirak edən Əhməd bəy Pepinov Parlamentdə bu məsələ ilə bağlı müzakirələrin sürətləndirilməsinə, universitetin açılması üçün maddi vəsaitin ayrılmasına böyük əmək sərf etmişdir. Cümhuriyyət dövründə Bakıda təntənəli "Türk gecələri" konsertinin və digər müsabiqələrin təşkili də Əhməd bəy Pepinovun adı ilə bağlıdır.

İşğalçı On birinci Qırmızı ordunun Bakıya gözlənilən yürüşünü ləngitmək məqsədilə 1920-ci il aprelin əvvəllərində Əhməd bəy Pepinov Parlamentin digər üzvü Rəhim bəy Vəkilovla danışıqlar aparmaq üçün Qroznı şəhərinə göndərilmişdir. Aprel işğalından sonra Bakıya qayıdan Əhməd bəy Pepinov Azərbaycanda mədəni-maarif və nəşriyyat işlərinə rəhbərlik etmişdir. Otən əsrin iyirminci illərinin dövri mətbuatında onun çox sayda məqalələri dərc olunmuşdur. Təqiblərlə üzləşən Əhməd bəy Pepinov 1930-cu ildə Ulyanovsk şəhərinə köçməyə məcbur olmuşdur. Daha sonra Alma-Ataya (indiki Almatı) köçmüş (1934), Qazaxıstan SSR-nin maarif nazirinin müavini işləmişdir.

Əhməd bəy Pepinov 1938 -ci ildə repressiyaya məruz qalmışdır.

მსგავსი