22 September 2017
  • 161 ნახვა

Borçalının sevimli oğullarından biri-Şamil Qurbanov

Şamil Dünyamalı oğlu Qurbanov 1934-cü il may ayının 10-da Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. 1955-ci ildə orta məktəbi bitirmiş və həmin ildə ADU-nun (indiki BDU-nun) jurnalistika şöbəsinə daxil olmuşdur. Universiteti fərqlənmə diplomu ildə bitirmiş və "Azərbaycan məktəbi" jurnalında ədəbi işçi kimi fəaliyyətə başlamışdır. 1962-ci ildə Şamil Qurbanov Azərbaycan ədəbiyyatı tarixi kaefdrası üzrə aspiranturaya qəbul olmuş və 1965-ci ildə "Zaqafqaziya rus dilli mətbuatında Azərbaycan ədəbiyyatı (1905-1917)" mövzusunda dissertasiyanı vaxtından əvvəl müdafiə etmiş və filologiya elmləri namizədi elmi dərəcəsi almışdır. Müdafiədən sonra o, "Bakı" və "Baku" qəzetlərində ədəbiyyat şö’bəsinin müdiri işləmişdir. 1968-ci ildə yenidən universitetə qayıtmış və "Azərbaycan dili və onun tədrisi metodikası" kafedrasında dosent işləmiş, Azərbaycan dilindən dərs demişdir. 1971-ci ildə Rus ədəbiyyatı tarixi kafedrasına keçmiş və rus ədəbiyyatından mühazirə oxumağa başlamışdır. 1973-cü ildən Türk və Şərqi slavyan xalqları ədəbiyyatı kafedrasına keçmiş və həmin kafedrada dosent, professor işləmişdir. 1989-cu ildən bu kafedranın müdiridir.1975-ci ildə "XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycan-rus ədəbi əlaqələri" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş, filologiya elmləri doktoru elmi dərəcəsi almışdır. Şamil Qurbanov Azərbaycan ədəbiyyatında yeni səhifələr açmış, indiyə qədər məlum olmayan və ya az məlum olan şəxsiyyətləri üzə çıxarmışdır. Bunlar Hüseyn Minasazov, Rəhimbəy Məlikov, Məmməd Qarayev, Həmzətbəy Qəbulov, Şirvanski, Sona xanım Axundova, Kərim Yaycılı və başqalarıdır. Onun Əlibəy Hüseynzadə, Əhmədbəy Ağaoğlu, M. Ə. Rəsulzadə haqqında da dərin tədqiqat əsərləri vardır. Onun ən böyük ədəbi xidməti Ömər Faiq Nemanzadə və Şeyx Cəmaləddin Əfqani haqqında tədqiqatlarıdır. Bunların hərəsi haqqında məqalələrdən əlavə 4-5 kitab nəşr etdirmişdir, onların böyük xidmətləri şərh olunmuşdur. 1978-ci ildən 1992-ci ilə qədər doktorluq elmi dərəcəsi verən Elmi şuranın elmi katibi işləmişdir. 1981-1992-ci illərdə filologiya fakültəsinin qiyabi və axşam şö’bəsinin dekanı olmuşdur. Şamil Qurbanov 10-dan çox beynəlxalq simpozium və konfranslarda (Ankara, Bursa, Tehran, Bağdad, İsfahan, Moskva, Tbilisi, Daşkənd və Düşənbə) iştirak etmiş, Daşkənd və Tbilisi ali məktəblərində Azərbaycan ədəbiyyatından dərs demişdir. Şamil Qurbanov 1980 - 2004-cü illərdə BDU-nun professoru olmuşdur. 22 kitabın, 300-dən çox məqalənin müəllifidir. Məqalələri İran, İraq, Türkiyə, Gürcüstan və s. ölkələrdə çap olunmuşdur. 1995 və 2000-ci ildə majoritar yolla Azərbaycan Milli Məclisinə deputat seçilmişdir. O, Bakı Dövlət Universitetinin "Türk və Şərqi slavyan xalqları ədəbiyyatı" kafedrasının müdiri olmuş və millət vəkili kimi respublika Parlamentində fəal iştirak edirdi.

Şamil Qurbanov 2004-cü ilin yanvar ayında Bakı şəhərində vəfat etmişdir.

მსგავსი