04 September 2017
  • 190 ნახვა

Görkəmli rus şairi A. S. Puşkin «Ərzuruma səyahət» adlı yol qeydlərindən:

Karsikaladan bir neçə verst aralı, Rum yürüşlərinin abidəsi, Kür üzərindəki qədim körpüdən keçərək Tiflisə getdik...

Mən traktirdə dayandım, o birisi gün isə Tiflisin məşhur hamamlarına yollandım. Şəhər mənə çox qalabalıq göründü. Ermənilər, gürcülər, çərkəzlər, farslar Şeytanbazarda toplaşmışdılar. Onlar arasında gənc rus məmurları Qarabağ ayqırlarının belində gəzirdilər. Hamamların girəcəyində qoca fars oturmuşdu. O, qapını mənə açdı. Mən geniş bir otağa daxil oldum. Və nələr gördüm? 50 nəfərdən çox cavan və yaşlı qadın yarı çılpaq və lüt halda bəziləri divarlara söykənmiş skamyalarda oturub, bəziləri də ayaq üstə geyinib soyunurdular. Mən dayandım. Gedək, gedək, - dedi mənə sahibkar, - Bu gün çərşənbə axşamıdır, qadın günüdür, eybi yoxdur. Əlbət də eybi yoxdur, əksinə daha da yaxşıdır, - deyə mən ona cavab verdim. Kişi məxluqunun ora daxil olması heç bir narahatçılığa səbəb olmadı. Onlar qəh-qəhə çəkib gülüşərək söhbətlərini davam etdirdilər. Belə çıxdı ki, mən gözə görünməz halda ora daxil oldum. Onlardan çoxu doğrudan da gözəl idi.

Fars məni hamama saldı. Qaynar, kükürdlü su qayada yonulmuş, dərin  hovuza axırdı. Ömrüm boyu Tiflis hamamları kimi hamam nə Rusiyada, nə də Türkiyədə gördüm».

A. S. Puşkin daha sonra yazır:

«Hamam sahibi məni kisəçi tatara (azərbaycanlıya - M. M.) təhvil verdi. O, mənim qayğımı çəkməli idi. Həsən (bu tatarı belə çağırırdılar) öz işinə başladı, yonulmuş daş döşəməyə məni uzatdı, sonra da qabırğalarımı ovxalamağa, oynaqlarımı gərməyə, yumruğu ilə bərkdən vurmağa başladı. Mən cüzi ağrı belə hiss etmirdim, əksinə xüsusi bir ləzzət hiss edirdim. Asiyalı kisəçilər bəzən çuşa gələrək çiyinlərin üstünə çıxırlar, ayaqları ilə ombalarda sürüşürlər və kürəkdə çöməlirlər. Bundan sonra yun kisə ilə uzun müddət bədənimi sürtdü, isti su ilə məni yaxaladı və kətanda köpüklənmiş hava şarı ilə məni yumağa başladı. Dil ilə deyilməyən duyğudur: isti sabun hava kimi üstünə püskürür. Sabun püskürməsindən sonra Həsən məni hamama saldı və mərasim sona yetdi».

1812-ci ildə İrana göndərilən Rusiya diplomatı Vilhelm fon-Freyqanq və onun arvadı Frederika fon-Freyqanq yazırlar:

«Tiflis hamamları çox gözəldir. İsti su qayadan qaynayaraq hovuza özü tökülür. Suda böyük miqdarda kükürd vardır, revmatizm, səpmə, qaşınma və yaraları sağaltmaq üçün çox müalicəvidir. Şəhər kənarı yerdə (hamamların əksəriyyətinin yerləşdiyi Seyidabad məhəlləsi nəzərdə tutulur) ona qədər hamam vardır ki, onlar da bir növ yuxarı və aşağı temperaturdadır.

Hamamlar mağaralarda qurulmuşdur. İlk dəfə aşırımlı bir neçə lampanın zəif işıqlandırdığı qaranlıq salona daxil olursan. Orda xalçaların sərildiyi iki taxt durur. Taxtda istədiyin palaz sərilir ki, onun üstündə də bir neçə vaxt dincəlib çimməyə hazırlaşırsan. İki-üç aşırımlı salonu keçəndən sonra hamama daxil olursan və dönmədən su kranı vasitəsi ilə doldurulan hovuza girirsən. Ən qaynar su olan hovuz son aşırımlı salondadır. Hovuz, eləcə də onun vasitəsi ilə bu hovuza düşdüyün pilləkan da qayada yonulmuşdur.

Gürcülər, əlalxüsus varlı-hallı gürcü qadınları həftədə bir dəfə bütün günü və əksər hallarda gecələri də hamamlarda keçirirlər. Birinci aşırımlı salonda onlar taxtda yayxınaraq saçlarını və dırnaqlarını boyadırlar. Yaşlı gürcü qadınları da saçlarını boyadığına görə hörükləri kəhrəba kimi qaradır. Orda onlar üzlərinə ənlik-kirşan çəkirlər. Qaşlarını boyayıb sürmə çəkirlər və sair. Bunlar olmadan burda gözəlliyi təsəvvür etmək çətindir. Bu, onlar üçün böyük gündür, ağrı və məhəbbət günü.

 

 

 

მსგავსი