26 August 2017
  • 415 ნახვა

Düz 20 il bundan əvvəl İsa İsmayılzadə dünyasını dəyişmişdir

İsmayılzadə İsa Mustafa oğlu – şair, tərcüməçi, publisist, 1969-cu ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü, Azərbaycan Lenin komsomolu mükafatı laureatı (1980).

İsa İsmayılzadə 1941-ci il martın 15-də Qarayazı (indiki Qardabani) rayonunda anadan olmuşdur. Burada orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil almışdır (1958-1963).

Ədəbi fəaliyyətə tələbəlik illərində "Aprel çiçəkləri" (1959) almanaxında və "Azərbaycan gəncləri" qəzetində (19 iyun 1961-ci il) çap etdirdiyi ilk şeiri ilə başlamışdır. O, Qardabanidə orta məktəbdə müəllim (1963-1964), Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində redaktor, Azərbaycan Sovet Ensiklopediyası Baş redaksiyasında elmi redaktor (1966-1968), "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında ədəbi işçi, şöbə müdiri, baş redaktorun müavini, "Ulduz" jurnalı redaksiyasında şöbə müdiri (1968-1981), "Azərbaycan" jurnalı redaksiyasında baş redaktorun müavini vəzifələrində işləmişdir (1981-ci ildən ömrünün sonunadək). Eyni zamanda Azərbaycan Televiziya və Radio Verilişləri Şirkətinin musiqili veriliş baş redaksiyasında musiqi mətnləri şöbəsinin müdiri kimi fəaliyyət göstərmişdir (1994-cü ildən). Şeir və poemaları keçmiş SSRİ xalqlarının dillərinə, habelə bir sıra xarici dillərə tərcümə edilmişdir.

1997-ci il iyulun 14-də vəfat edən İsa İsmayılzadə öz vəsiyyəti ilə Gürcüstana gətirilərək doğulub boya-başa çatdığı Qarayazıda dəfn edilmişdir. Vəfatından sonra yazıçı-araşdırmaçı Nəriman Əbdülrəhmanlının tərtibi və redaktorluğu ilə şairin tərcümeyi-halını və yaradıcılığını özündə əks etdirən “Yenidən dünyaya qayıtmağım var” adında sanballı kitab nəşr olunub.

İsa İsmayılzadə XX əsr Azərbaycan poeziyasının ən sanballı nümayəndələrindən biridir. Onun “Ulduzların ad günü” (1968),  “İşıqlı yarpaqlar” (1972), “Torpaq nəğməsi” (1977), "Ömrümdən keçən qatar” (1980), "Salam, Yer kürəsi” (1982), "Anamla söhbət” (1985), "Bir ömürlük gecə” (1989) və s. kitabları oxucular və tənqidçilər tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Şairin Tbilisidə gürcü dilində ayrıca şeir kitabı dərc olunmuş və gürcü poeziyasevərlərin sevgisini qazanmışdır. Onun Gürcüstana, Qarayazıya həsr etdiyi orijinal şeirləri sevgi və həsrətdən yoğrulub.

2011-ci ilin may ayında Azərbaycan Yazıçılar Birliyinin Gürcüstan bölməsinin təşkilatçılığı, Azərbaycanın Gürcüstandakı Səfirliyinin dəstəyi və SOCAR-ın Gürcüstan nümayəndəliyinin maliyyə yardımı ilə şairin 70 illik yubileyi Tbilisidə və Qardabanidə təntənəli şəkildə qeyd olunmuşdur.

 

 

 

 

 

მსგავსი