24 August 2017
  • 240 ნახვა

Qədim Tiflisin qədim cizgiləri– Vorontsov(Mixail) körpüsü

Vorontsov körpüsü – on səkkizinci əsrin 30-cu illərində Tiflisdə yalnız yeganə Metex körpüsü mövcud idi ki, bu da Kürün üzbəüz olan tərəflərinin bir-biri ilə əlaqəsini nəzərə çarpacaq dərəcədə çətinləşdirirdi. Kukiya, Çuğuret, Almanlar qəsəbəsi (indiki Ağmaşenebeli prospektinin həndəvərləri) şəhərin mərkəzi məhəllələrindən təcrid olunmuşdu. Onlar arasında əlaqə uzun müddət idi ki, kənardan daxil olan yollar ilə həyata keçirilirdi. 40-cı illərdə bu günkü Saarbrüken körpüsünün yerində müvəqqəti ağac körpüsü salırdılar ki, onu da vaxtaşırı olaraq Kür aparmışdır.

1830-cu illərin sonunda əsaslı körpünün layihəsi işlənib hazırlandı. Çar hökuməti körpünün tikintisinin maliyyələşdirilməsinə rədd cavabı verdiyindən bu layihə həyata keçirilmədi. 1840-cı illərdə Qafqazda çarın canişini M. Vorontsovun tapşırığı ilə memar C. Skudiyer körpünün layihəsini tərtib etdi. Bu tikili Kürün əsas məcrası və onun sağ qolu üzərində böyük və kiçik iki körpüdən ibarət idi. 1848-ci ildə başlanmış tikinti müxtəlif səbəblərə görə, fasilələrə məruz qalırdı (İcarədarlar dəyişilirdi, 1849-cu ildə daşmış Kür ağac körpüsünü aparmışdır. 1851-ci ildə məbədin tikintisi zamanı körpünün müəllifi və görülən işlərin rəhbəri memar Skudiyer həlak oldu). 1851-ci ildə böyük körpünün layihəsini mühəndis S. Bliks işləyib hazırladı. O, ağac milləri kərpicli kəmərlə əvəz etdi. İşin başında ilk mühəndis - hidravlik K. Baqrationi (Baqration-Muxranski) durdu. Mixail (bu günkü Saarbrüken) adına böyük körpünün təntənəli açılışı 1854-cü ilin aprelində oldu.

Mixail körpüsünə tiflislilər qeyri-rəsmi olaraq Voront­sovun adını vermişdilər. Belə ki, general M. Vorontsov onun tikintisində fəal iştirak etmişdir. Bundan sonra bu günkü Saarbrüken meydanında 1867-ci il martın 25-də Mixail Vorontsovun iki metrlik hündürlüyündə tuncdan tökülmüş heykəli ucaldılmışdır. (Layihənin müəllifləri prof. Pimenov və rəssam Kreytan). Körpü o qədər dar idi ki, onu 1884-cü ildə yenidən saldılar. Bu körpünün konstruksiyası öz zamanında müəyyən texniki maraq doğururdu. 32 metrlik aşırımda yonulmuş daşlar əhənglə hörülmüşdü. Təkəm-seyrək yerlərdə qurğu dəmir dirəklərlə bərkidilmişdi. Körpü indi də mövcuddur. Onun altından sahilyanı maqistral yol gedir.

Böyük Vorontsov körpüsü 1961-ci ildə əsaslı şəkildə dəyişdirildi (mühəndis Q. Karsivadze, memarlar Q. Melkadze, Ş. Qavlaşvili). Yeni körpünün tikintisi zamanı köhnə aşırımlardan istifadə olunmuş, 5 sütunlu konstruksiya və tağlar qorunub saxlanılmışdır.

Onu da qeyd etmək lazımdır ki, Avlabar ferması Vorontsov bağları, indiki Qorqasal küçəsi və bu küçənin indiki Saarbrüken körpüsü istiqamətində sahilyanı küçənin davamı belə adlanırdı.

                                                                                          Hörmətlə: Mirzə Məmmədoğlu

მსგავსი