04 August 2017
  • 259 ნახვა

Azərbaycanın klassik şairi Molla Pənah Vaqifin yubileyi ilə əlaqədar iki dildə kitabı nəşrə hazırdır

XVIII əsr Azərbaycan şairi, məşhur siyasi və ictimai xadim, Qarabağ xanı İbrahim xan Cavanşirin  baş vəziri Vaqif  Gürcüstanda da çox sevilir. O, vaxtilə bir diplomat kimi İbrahimxəlil tərəfindən II İraklinin yanın göndərilmiş, burda gürcü çarı ilə dostluq əlaqələri yaratmışdır. Onun oğluna tərifnamə yazması, Tiflisə, onun  gözəlliyinə, gürcü qızına aid şeirlər həsr etməsi hamıya məlumdur. Onun bədahətən söylədiyi şeirlərinin axıcılığını, şirinliyini gürcü şairləri də öz şeirlərində sevə-sevə qeyd ediblər. Baqrationilər sülaləsindən olan Petre Qruzinski şeirlərinin birində belə bir ifadə işlədir: “Mən Baqifin şirin dilində oxuyuram...”

Vaqifin ilk dəfə gürcü dilində kitabı Konstantine Çiçinadzeinin tərcüməsində  Tbilisidə “Sovet yazıçısı” nəşriyyatında 1948-ci ilə “Gürcüstan barədə şeirlər” adı ilə  nəşr olunmuşdir. Qısa ön sözü olan kiçik həcmli bu kitabda şairin üç şeiri:Tbilisiyə, gürcü qızına,İraklinin oğlu şahzadə Leona həsr olunmuş şeiri verilmişdir. Redaktoru Simon Çikovanidir.  1968-ci ildə  Molla Pənah Vaqifin anadan olmasının 250-ci ildönümü ilə əlaqədar “literatuli Sakartvelo”(“Ədəbi Gürcüstan”) qəzetində gürcü şairlərindən Karlo Kaladze, Şota Nişnianidze və Zezva Medulaşvilinin tərcüməsində onun şeirləri və məşhur türkoloq, Azərbaycan ədəbiyyatının yaxın dostu Georgi Şağulaşvilinin “Vaqif və Gürcüstan” adlı sanballı yazısı dərc olunmuşdur. Elə həmin il  tanınmış alim, gənclik çağlarını Tiflisdə keçirən Əziz Şərifin ön sözü ilə Vaqifin ikinci, bu dəfə sanballı kitabı işıq üzü görmüşdür. Kitabda onun xeyil qoşması, qəzəli, müəşşəri və müsabbesi, müxəmməsi verilmişdir. Bu şeirləri tanınmış gürcü şairləri Paolo İaşvili, Konstantine Çiçinadze, Karlo Kaladze, Şota Nişnianidze, Vaxtanq Cavaxadze, Moris Potsxişvili, Zezva Medulaşvili, Otar Şalamberidze tərcümə etmişlər.Qeyd etmək lazımdır ki,  “Koroğlu” dastanımızı, min bir bayatımızı, Füzulidən tutmuş müasir  dövrə qədər Azərbaycan şairlərinin   şeirləri gürcü dilinə tərcümə edən, ruhumuzun tərcümanı Zezva Medulaşvilinin tərcümələri özünün orjinallığa yaxınlığı ilə, dilinin rəvanlığı ilə şeçilir.   Zezva Medulaşvili bir ildən sonra, yəni 1969-cu ildə “Sisartğela” (“Göy qurşağı”) jurnalında Vaqifin dörd iri həcmli şeirini dərc etdirmişdir.

Bu kitabda Vaqifin  gürcü dilində nəşr olunan kitablarındakı şeirləri, eləcə də jurnal və qəzetlərdə dərc olunan şeirlərinə paralel olaraq orjilal şeirlər də verilmişdir. Bu ideya-layihə mənə məxsusdur. Çünki, bununla Gürcüstanın böyük dostu olan  böyük Azərbaycan şairinə öz hüzn-rəğbətimi ifadə etmək istəyirəm.

Ümidvaram ki,  Bu şəkildə çıxan ikidilli kitab gürcü və azərbaycan oxucularını bir-birilərinə daha da yaxınlaşdıracaq və dostlaşdıracaqdır.  Bu kitab  azərbaycan dilini öyrənmək istəyən gürcülər, gürcü dilini öyrənmək istəyən azərbaycanlılar üçün, ümumiyyətlə, poeziasevərlər üçün bir ərməğan olacaq, gürcü –azərbaycan ədəbi əlaqələrinə də öz yeni  xidmətini əlavə edəcək.

Hörmətlə: Mirzə Məmmədoğlu 

 

 

მსგავსი