01 August 2017
  • 175 ნახვა

Sözlə sözün arasında əlləri Tanrıya tərəf uzanmış şair: Zəlimxan Yaqub.

Azərbaycanın Xalq şairi, ictimai xadim Zəlimxan Yaqub (Zəlimxan Yusif oğlu Yaqubov) 1950-ci il yanvarın 21-də Bolnisi rayonunun Kəpənəkçi (indiki Kvemo Bolnisi) kəndində anadan olmuşdur. 1967-ci ildə Kəpənkçi kənd orta məktəbini bitirmişdir.

1968-1973-cü illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) kitabxanaçılıq fakültəsində təhsil almışdır. Əmək fəaliyyətinə 1967-ci ildə fəhlə kimi başlamışdır. 1973-1984-cü illərdə "Azərkitab" sistemində satıcı, baş satıcı, mağaza müdiri və Könüllü kitab sevənlər cəmiyyətində müxtəlif vəzifələrdə çalışmışdır. 1984-cü ildə "Yazıçı" nəşriyyatında şöbə müdiri vəzifəsində işləmişdir. 1995-2005-ci illərdə Azərbaycan Milli Məclisinin üzvü olmuşdur.

Ədəbi fəaliyyətə 1966-cı ildə Bolnisinin "Qələbə bayrağı" rayon qəzetində çap etdirdiyi "Şota Rustaveliyə" adlı şeirilə başlamışdır. 1983-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olub. Onun yazdığı poemalar əsasında “Aşıq Ələsgər”, “Didərginlər”, “Yunus İmrə”, “Böyük ömrün dastanı”, “Qalx ayağa, Azərbaycan” adlı televiziya  film və verlişləri hazırlanmışdır.

Zəlimxan Yaqub “Saz”, “Göyçə dərdi”, “Cavidin qız balası”, “Şair harayı”, “Sizi qınamıram”, “Vətən yaraları”, “Göyçədən gələn səslər”, “Borçalıdan qalan izlər”, “Yunis İmrə dastanı”, “Ey vətən oğulları”, “Suallar”, “Haqq-ədalət”, “Tanı məni, Amerika”, “Böyük ömrün dastanı”, ”O qızın göz yaşları” və başqa iri həcmli, epik-lirik səpkili poemaları, saz üstündə köklənən şeirləri ilə oxucuları sevindirmişdir. Çağdaş Azərbaycan ədəbiyyatının ən məşhur simalarından biri olan Zəlimxan Yaqubun ədəbi və ictimai fəaliyyəti yüksək qiymətləndirilir.

Anadan olmasının 50 illiyi münasibətilə 2000-ci ildə Azərbaycanın "Şöhrət" və 2009-cu ildə isə Gürcüstanın “Şöhrət” ordenləri ilə təltif olunmuşdur. Hacı Zeynalabdin Tağıyev adına və Məmməd Araz adına mükafatlara layiq görülmüşdür.

O, Azərbaycan Dövlət nümayəndə heyətinin tərkibində ABŞ-da, Almaniyada, Çin Xalq Respublikasında, Səudiyyə Ərəbistanında, İraqda, Türkiyədə, Qırğızıstanda rəsmi səfərlərdə olmuşdur.

1994-cü ildən Zəlimxan Yaqub Azərbaycan Respublikası Prezidenti yanında Əfv və bağışlama komissiyasının və   Azərbaycan Aşıqlar Birliyinin sədri olmuşdur.

Zəlimxan Yaqubun müxtəlif dillərdə 30-dan çox kitabı nəşr olunub.

Zəlimxan Yaqub uzun müddət böyrək çatışmazlığından əziyyət çəkib. Türkiyə, Almaniya kimi ölkələrdə müalicə kursu keçib. Hər iki böyrəyi olmayan ictimai xadim ömrünün son illərində dializ qəbul etməklə yaşayıb. O, 2016-cı il yanvarın 9-da dünyasını dəyişib. O, Bakıda I Fəfri Xiyabanda dəfn olunub. 

მსგავსი