12 July 2017
  • 359 ნახვა

Qədim Tiflisin qədim cizgiləri -Xarpux (Seyidabad)

Xarpux (Seyidabad) – Hamamlar məhəlləsi ilə Ortacala arasında, Tabor dağının ətəyində, 18-ci əsrin sonu, 19-cu əsrin əvvəllərində Xarpux adlı bir balaca kənd əmələ gəldi. 19-cu əsrin əvvəllərində ləzgilər tərəfindən qaçqın düşmüş Salasqur kəndinin sakinləri burda məskunlaşdılar. 1811-ci ildə Xarpux Tiflis qəzasına daxil edilmişdir. 1819-cu ildə mülki qubernator Xoven rəsmi olaraq baş sərdar A. Yermolovdan Xarpuxun Tiflisə birləşdirilməsini xahiş etmişdir. O, A. Yermolova məlumat verilirdi ki, Xarpuxda yaramazlar, müxtəlif millətlərin nümayəndələri olan, pasportsuz şübhəli şəxslər, mal ilə yüklənmiş qaçaqmalçılar sığınacaq tapırdılar. Xaricdən gələn qaçaqmalçılara o vaxtlar elə Xovenin özü də rast gəlmişdir. A. Yermolov Xovenlə razılaşmış və onun 1819-cu il 15 mart tarixli əmri ilə Xarpux rəsmi olaraq Tiflisin tərkib hissəsi hesab edilmişdir. Həmin dövrlər Xarpuxun əhalisi cəmi 33 ailə (143 nəfər) idi. Rəsmi protokola baxmayaraq bir müddət Xarpux kənd kimi qalmışdır. Yalnız ötən əsrin 60-cı illərində burada şəhər həyatı bərqərar olur və müvafiq tikintilər aparılır.

Qrişaşvili küçəsinin yaxınlığındakı yüksəklikdə 1853-cü ildə kərpiclə əsası qoyulmuş minarəli müqəddəs Nikolay yunan kilsəsi tikilmişdir.

Bu məhəllədə müsəlman qəbiristanlığı yaxınlığında T. Kvirkveliyanın yazdığına görə, kiçik tikili divar və yaxud ziyarətgaha çevrilmiş ikonalı daş var imiş. Tiflislilərin inandığına görə bu ikona zökəm, tumovu müalicə edə bilib. Və ora zökəmə yoluxmuş uşaqları gətirirlərmiş. Xarpuxda böyüyüb boya-başa çatmış şair İosef Qrişaşvili yazırdı: «Xarpux (və ya Xarbux) qədim erməni dilində zökəm deməkdir. Xarpuxun üst yanında Şindis kəndi yolunun başlanğıcında qayalıqda, bu gün də kiçik xarabalıqlar mövcuddur ki, onu da, Zökəm ikonası adlandırırlar».

Məşhur gürcü rəssamı Uça Caparidze isə bu adın mənasını başqa cür izah etmişdir: xər - farsca eşşək deməkdir. O vaxtlar Tiflisə gələn dəvə, at, eşşək karvanı bu yerlərdə dayanacaq tapırmış. Bu variant reallıq baxımından daha inandırıcıdır.

                                                                                                Hörmətlə: Mirzə Məmmədoğlu                                                                                                                                   

მსგავსი