05 July 2017
  • 319 ნახვა

Görkəmli türkoloqun kitabı Azərbaycanda nəşr olunub

Görkəmli gürcü alimi akademik Elizbar Cavalidzenin “Məhəmməd Füzuli: həyatı, mühiti, yaradıcılığı” kitabı Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu (AMEA) tərəfindən Azərbaycanda ilk dəfə nəşr edilmişdir. 

AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyli kitaba “Akademik Elizbar Cavalidzenin Füzulinaməsinə” adlı esse janrında ön söz yazmışdır. Akademik İsa Həbibbəyli ənənəvi ön söz formatından fərqli şəkildə, poetik üslubda Azərbaycan-Gürcüstan ədəbi əlaqələrinin dünəni, müasir inkişafı, əsas simaları və gələcək perespektivlərini səciyyələndirmişdir.

Xatırladaq ki, akademik Elizbar Cavalidze Şərq ədəbiyyatının Gürcüstanda əsas tədqiqatçılarından biridir. Bu vaxta qədər o, “Cəlaləddin Rumi”, “Yunus Əmrə”, “Ruhi Bağdadi” adlı monoqrafik tədqiqatlar hazırlayıb nəşr etdirmişdir. Görkəmli alimin “Məhəmməd Füzuli: həyatı, mühiti, yaradıcılığı” kitabı qüdrətli Azərbaycan şairinin yaradıcılığına kənardan baxışı ifadə edən əhəmiyyətli elmi əsərdir. Bu kitabın ölkəmizdə nəşri qarşılıqlı ədəbi əlaqələrimizin inkişafı baxımından əhəmiyyət daşıyır və Orta əsr Azərbaycan ədəbiyyatının tədqiqatçıları üçün dəyərli mənbə rolunu oynayır.

Kitab professor Bədirxan Əhmədovun elmi redaktorluğu və Mirzə Məmmədoğlunun tərcüməsində oxuculara təqdim edilmişdir.

მსგავსი