04 July 2017
  • 415 ნახვა

“Molla Nəsrəddin” dərgisində Borçalı kəndlərindən xəbərlərin çoxunu Həsən Məcruh yazmışdı

Şair-ədəbiyyatşünas, filologiya elmləri doktoru Şuraddin Məmmədlinin və digər tədqiqatçıların  əsərlərindən götürdüyümüz bilgilərə görə, “Məcruh” təxəllüslü Mirzə Həsən Məmmədov 1894-cü ildə Borçalının Sınıq Körpüyə yaxın Kirəc-Muğanlı kəndində doğulmuş, ilk təhsilini atası Molla Əyyubdan almış, sonra Qazağın Şıxlı kəndində, həmçinin, Qızılhacıılıda Nəriman Nərimanovun əmisi oğlu Əlmirzə Nərimanovun xüsusi təmayüllü məktəbində təhsil almış, daha sonra Tiflis şəhərində rus-tatar məktəbini bitirərək kənd müəllimi hüququ qazanmış, bir qədər sonra isə Əlmirzə Nərimanovun köməkliyi ilə Qori Müəllimlər Seminariyasına qəbul olunmuşdur.

Seminariyanı bitirdikdən sonra Qarayazı rayonunun Nazarlı-Kosalı kəndinə müəllim göndərilmiş, Nazarlı-Kosalı, Dəmirçihasanlı, Qaçağan nahiyə məclislərində katib, Borçalı qəza komissarı Əbdürrəhim bəy Haqverdiyevin yanında kargüzar görəvlərində çalışmışdır.

Gürcüstanda Sovet hökuməti qurulduqdan sonra Həsən Məcruh doğma kəndi Kirəc Muğanlıda məktəb açmış, 1923-1925-ci illərdə Qazax rayonunun Kosalar və Dəmirçilər kəndində müəllim işləmiş, 1927-ci ildə Borçalı qəza partiya komitəsinin birinci katibi Mustafazadənin çağırışı ilə qəza mədəniyyət şöbəsinin müdiri vəzifəsinə irəli çəkilmişdir. Bundan sonra bir çox məsul dövlət vəzifələrində çalışmış, “Pambıqçı” adlı qəzet təsis etmişdir.

Həsən Məcruh 1921-ci ildə professor Əliyar Qarabağlı ilə birlikdə I-II siniflər üçün “Ana dili təlimi” dərsliyi tərtib etmiş və həmin dərslikdən o dövrdə istifadə olunmuşdur.

Bu görkəmli şairin yaradıcılığını şərh edən Şurəddin Məmmədli yazır: “Məcruhun bədii irsində lirik, satirik şeir axarları üzvi bağlamdadır. Onun poema, qəzəl, müxəmməs, mürəbbe, bayatı, gəraylı, qoşma, təcnis ürünlərindəki lirik şeirləriylə yanaşı, felyeton, satira, təmsil, həcv, bəzəmə, hərbə-zorba çeşidlərindəki satirik şeirləri də var.

Şairin xatirələrindən aydın olur ki, onu Mirzə Cəlillə məşhur ədib Əbdürrəhimbəy Haqverdiyev tanış etmiş və onun satirik şeirlərinin altında Məcruh (Yaralı) təxəllüsünü Mirzə Cəlil əlavə etmişdir.

“Molla Nəsrəddin” dərgisində Borçalı kəndlərindən xəbərlərin çoxunu M. H. Məcruh yazmışdı. O, satiralarında Borçalının o dönəm olaylarını tənqid atəşinə tutmuşdu”.

Yenə Şurəddin Məmmədliyə görə, “Borçalı əsilli ən görkəmli “molla nəsrəddinçi”lərdən olan Mirzə Həsənin “Molla Nəsrəddinlə ilişkisinə aid bir fakt da diqqəti çəkir. Dərgidə bir ərəb şairinin şeirinin tərcüməsi üzrə müsabiqədə birinci yeri Üzeyir bəy Hacıbəyov, ikinci yeri Mirzə Həsən tutmuşdular”.

Bilim adamları Abbas Kirəcli, Əlyar Qarabağlı Borçalıda şöhrət tapmış şairlərin siyahısında Məcruhun adını birincilər sırasında çəkmişlər.

Mirzə Həsən Məcruh daha çox həcv ustası kimi məşhur olmuş, “Sınıq körpü” adlı tarixi poema qələmə almışdır.

Canlı ensiklopediya olan bu böyük şəxsiyyət 1974-cü ildə vəfat etmişdir.

 

 

 

მსგავსი