29 May 2017
  • 426 ნახვა

Qədim Tiflisin qədim cizgiləri – İsgəndər qalası

İsgəndər qalası – Narınqalanın adlarından biridir. Qriqor Zardalişvili yazır: «Tiflisin müsəlman əhalisi Narınqalanı İsgəndər qalası adlandırırdı». Narınqala barəsində daha sonra ətraflı söhbət açacağımıza görə onun niyə İsgəndər qalası adlandırılmasını izah etməyə çalışacağıq. Azərbaycanın dahi şairi Nizami Gəncəvi özünün «İsgəndərnamə» əsərində yazır:

Ən qoca bir dehqan vermişdir xəbər:

Tiflisi ilk abad etmiş İsgəndər.

Tarixi mənbələr göstərir ki, bizim eradan əvvəl yaşamış Makedoniyalı İsgəndər (356-326) Azərbaycana gəldiyi kimi, Gürcüstana da gəlmişdir. Nizami Gəncəvi burada Tiflis sözünü şərti olaraq işlədir. Çünki o vaxtlar Tiflis şəhəri mövcud deyildi. Onun yaşı təxminən 1500 ildən bir az artıqdır və bundan öncə onun V əsrdə yaşamış gürcü çarı Vaxtanq Qorqasal tərəfindən əsası qoyulmuşdur. Həmin vaxtlar Tiflis olmasa da Narınqala adlanan Qala və yaxud onun yeri mövcud idi. Bəlkə də elə o vaxtlar
İsgəndər həmin yerdə qalanı daha da gözəlləşdirir və yaxud yeni qala inşa edir. Elə buna görə də həmin qala bir vaxtlar İsgəndər qalası adlanmışdır.  

      Leonti Mrovelinin başqa bir yerdə yazdığına görə, Makedoniyalı İsgəndər saysız-hesabsız qoşunla Kartliyə hücum edir. O, Kartlinin qala-şəhərlərini altı ayda alır. Sarkinedə bun-türklər yaşadıqlarından, oranı ələ keçirmək üçün on bir ay mübarizə aparmalı olur. Bun-türklər qətiyyətlə zor göstərirlər. İsgəndər hirslənərək Sarkineni mühasirəyə alır və onun sakinlərini məhv etmək qərarına gəlir. Çıxılmaz vəziyyətə düşən sarkinelilər, gizlincə qalanın söykəndiyi qayanı oymağa başlayır; qaya yumşaq olduğundan onu asanca deşərək, aradan çıxır və boş şəhəri İsgəndərin öhdəsinə verirlər.

Alimlərin fikrinə görə, bizim eradan əvvəl III əsrdə Tiflisin ərazisində şəhər tipli yaşayış məntəqəsi, qala-şəhər mövcud idi. Buna isti, kükürdlü bulaqlar,  Kürün ensiz axarı üzərində asanlıqla körpü salmağın mümkünlüyü imkan yaradırdı. Burada cənubdan şimala, şərqdən qərbə ticarət yolları keçirdi. Tiflisin ərazisini, o cümlədən paytaxt olan Msxetanı cənubdan Şida Kartli qoruyurdu.

                                                                                                      Mirzə Məmmədoğlu                                                                                                                                   

მსგავსი