24 May 2017
  • 434 ნახვა

Qədim Tiflisin qədim cizgiləri – Narınqala

Narınqala – Üst qala, Şurissixe, Tiflis qalası (Qala), Əsas qala, Ana qala, Yüksək qala... Tiflisin müsəlman əhalisi onu İsgəndər qalası da adlandırırdılar. «Narın» sözü monqol mənşəli sözdür. Elə bizim dildə də işlədilir: kiçik, xırda mənasını verir.

Narınqala müdafiə divarları ilə möhkəmləndirilmiş qala tipli orta əsr istehkam kompleksidir. Hökmdar və ya feodal hakiminin əsas iqamətgahı olan Narınqalada saray, xəzinə, cəbbəxana, müxtəlif inzibati və təsərrüfat binaları və s. yerləşirdi. Narınqalalar, adətən şəhərin qala divarları yaxınlığında (Mərvdə Ərk qalası və s.), şəhər daxilində (Dərbənddə Narınqala, Bakıda Xan sarayı və s.) və ya şəhərdən nisbətən aralı, strateji baxımdan əhəmiyyətli sahədə (Şamaxıda Gülüstan qalası, Suriyada Hələb qalası və s.) salınırdı.  

D. Qvritişvili və Ş. Mesxiya «Tiflisin tarixi» kitabında yazır: «Kiçik və yaxud Narınqala, Ana qala qala-qəsrdən və yaxud Baş (əsas) qaladan fərqlənirdi».

Təkçə Tiflis qala-qəsri Narınqala adlanmırdı. Eləcə də Qori, Suram, Ananur, Borjom, Qrem və başqa qalalar da belə adlanırdı.

Bu qalanın salındığı yer təsadüfi deyildir. Bu yerdə Kür çayının məcrası daralır. Burada çayın qayalıq olan sahilləri bir-birinə yaxınlaşır. Belə ki, strateji baxımdan bu ərazi çox əlverişli idi. Məhz elə bu strategiya qalanın tikilməsini, sonralar şəhərin salınmasını şərtləndirmişdir.

        Bu qala paytaxtın çoxəsrlik sərgüzəştlərinin şahidi və iştirakçısıdır. Onun divarları və bürcləri dəfələrlə dağıdılmışdır. Sonralar bərpa olunmuş, yenidən tikilmişdir. Bu günə qədər qorunub saxlanılmış fraqmentlər müxtəlif dövrlərə məxsusdur. Bunu hörgü materialı, quruluş xarakteri və başqa şeylər sübut edir. Qalanın şimal-şərq guşəsində olan yonulmuş daşlar ilə inşa olunmuş bürcün fraqmentinin qalanın qorunub-saxlanan ən qədim hissəsi hesab etmək olar.

Tiflis Narınqalası əlçatmaz yer idi. Bunu bir çox amillər sübut edir. Dağlıq, təpəlik relyefdə yerləşmiş qala tikililəri mürəkkəb sistem yaradırdı. Narınqalanın bürcləri arasında «Təbriz» və «İstanbul» bürcləri daha çox fərqlənirdi. Bu hər iki ad qədim dövrün adlarıdır. Bu adlar da, göründüyü kimi, türklər və iranlılar ilə əlaqədardır.

Narınqalaya giriş onun şimal-şərq tərəfində ucaldılmış bürcün tağından idi. Buradan da silindr şəklində dolama yol ilə qaladan çıxış var idi.

Nisbətən asan giriş yolu qərb tərəfdən idi ki, buna görə də bu tərəfdən qala daha çox möhkəmləndirilmişdi. Narınqalanın Kür və Savkis çayına doğru iki yeraltı çıxış yolu var idi. Bu yeraltı çıxış yolları Tiflisin 1800-ci il planına daxil edilmişdir. Narınqalanın su ilə təchiz olunması fövqəladə sistemlə: arxla, suvarma kanalı ilə həyata keçirilirdi. Bu fakt Jozef Piton Turneforun Tiflis mənzərəsi qravürasında əks olunmuşdur.

Narınqalada kilsə də olub. Bu kilsə Vaxuşti Baqrationi tərəfindən tərtib edilmiş 1735-ci il planında və daha sonralar poruçik V. Çuyko tərəfindən tərtib edilmiş 1800-ci il planında da göstərilmişdir. O, 19-cu əsrin əvvəllərində silah ləvazimatı anbarına çevrilmiş və 1827-ci ildə isə dağıdılmışdır. Bu kilsə 1966-cı ildə arxeoloji qazıntılar zamanı aşkar edilmişdir.

 

                                                                                    Hörmətlə:Mirzə Məmmədoğlu                                                                                                                                   

მსგავსი