04 May 2017
  • 386 ნახვა

Mirzə Fətəlinin evində yaşayırdım, buraya da hər axşam müsəlman zadəganları toplaşırdılar

 

 Mirzə Rza xan İrəvaninin “Şahzadə Ərfəüddövlənin xatirələri” adlı  əsərindən

( Tiflisdə təhsil illəri)

                                                         (1876)

(İstanbuldan) gücdən düşmüş halda yola düşdüm. Tiflisə çatan kimi, qayıtmağım barədə qaziyə xəbər çatdırdım. Məni qarşıladı, öz evinə apardı və  Rusiya Dövlət Xəstəxanasının əslən alman olan baş həkimindən mənim müalicə olunmağımı xahiş etdi. Tiflisin iqlimi mənə yaxşı təsir göstərdi və bir neçə günə yaxşılaşdım. İstanbul sərgüzəştlərini, fransız və ingilis dillərini öyrənmək xəbərini qaziyə söyləyəndə, mənə dedi: “Qoymaram ki, Təbrizə qayıdasınız. Əgər İstanbulda yunan dəllalının oğlu Nikolas yardım etdisə, burda mən  sənə dəstək olacağam. Rusiya hakimiyyəti Tiflisdə müsəlmanlar üçün iki məktəb açıb:  Biri şiələr üçün və ikincisi sünnilər üçün. Onların proqramı fars dili və ədəbiyyatını və fars ədəbiyyatını öyrənmək üçün vacib olan ərəb dilinin ibtidai kursunu əhatə edir. Proqramın əsas fənnləri  rus dilinin sintaksisi və morfologiyası, rus ədəbiyyatı, coğrafiya, həndəsə, dünya tarixi və fizikanın ilkin şərtləri. Sizə fars və ərəb dilləri lazım olmadığından rus dilini az bir müddətə öyrənəcəksiniz. Doğrudur, sizin yaşınız ibtidai sinif uşaqlarının  yaşına uyğun gəlmir, lakin mədrəsənin müdiri Şeyxülislamdır ki, onun da zəmanəti ilə məni bura təyin ediblər və mənə qarşı xoş əhval-ruhiyyədə olduğundan, əminəm ki, müstəsna olaraq sizi qəbul edəcək”.  

Odur ki, İstanbuldan gətirdiyim bütün malları  Rezayəvinin köməkliyi ilə Təbrizdə Hacı Rza Ağanın oğlu Hacı Məhəmmədtağıya göndərdim, özüm isə rus məktəbində oxumağa başladım. Yenə də Mirzə Fətəli Axundovun  evində yaşayırdım ki,  buraya da hər axşam Tiflisin müsəlman zadəganları toplaşırdılar. Axundov Qafqaz canişinin və hərbi yüksək vəzifəlilərinin  rus dili tərcüməçisi idi. O, soyadı olaraq Axundov soyadını seçmiş və Tiflisə çoxlu  fars və türk dillərində məktublar gəldiyindən, öz əmisioğlu  Mirzə Mustafa Axundovu köməkçi kimi öz yanına  götürdü. Mirzə Fətəli fars və ərəb dillərini, bu ölkələrin  ədədbiyyatını və eləcə də rus dilini  kamil bilirdi, halbuki, ərəbləri sevmirdi və onlara qarşı qəribə  antipatiya hissləri keçirirdi. Həmişə İran və Ərəbistan tarixindən danışmağa başlayanda, Firdovsinin bu şeirini söyləyirdi:

Dəvənin və timsahın südünü içməkdən

Ərəbin işi o yerə çatdı ki,

Şahlar taxtını istədilər.

Tfu, sənə, çərxi fələk, tfu.

O, Quranın tarixi barədə zarafatcıllıqlar edirdi, ələlxüsus, Məhəmməd və Musanın görüşləri və Zülqərneyn əhvalatları barədə. Bir axşam məni   və qazini hövsələdən elə çıxartdı ki, artıq   səbr edə bilmədim və ona dedim:”Mənim çəkingən fikrimcə, Zülqərneyn əhvalatı tarixinin gerçəkliyə uyğun gəlməməsi, elə Quranın özündə yazılıb. Yusif ayəsində ki, buyurulub: “ Və biz sizə ən yaxşı hədis nəql edirik(12:3). Hədis əfsanə deməkdir, belə ki, Quranın özü söyləyir ki, bu əhvalat nağıldır. Ərəblər peyğəmbərin yanına gedirdilər və  xahiş edirdilər ki, Məhəmməd, bizə nağıl nəql eylə, deyirdilər və o da onların zövqünə uyğun olaraq əhvalatlar danışırdı”. Mənim söylədiklərim onun heç xoşuna gəlmədi və hiss etdim ki,  ona kimi mənə qarşı yaxşı əhval ruhiyyədə idisə, həmin axşam onun bütün xoş əhval-ruhiyyəsi yoxa çəkildi. Axundov müqavimətə öyrəşmişdi, çünki, axşamlar yanına toplaşanlar onun istənilən sözü ilə razılaşırdılar. Amma nəzakətli  insan idi, həmişə qazini dəvət edəndə məni də unutmurdu, çünki onunla  birgə yaşayırdım. Mən də məmnuniyyətlə gedirdim, dini  mövzularda  mübahisəni əgər saya almasaq, digər baxımdan  o, xoşagələn  həmsöhbət idi: Qarabağ, Şirvan və Şəki əhalisinin adət-ənənələrindən bizə danışardı ki, bu da mənim üçün yenilik idi. Əlifbanın dəyişdirilməsi ideyasını ilk dəfə mənə açıqladı, halbuki, mən özüm əlifbanın  əyər-əksikliklərini dərk edə bilmirdim. Elə ki, bu mövzu barədə söz düşəndə,  oxunuşunun da başqa-başqa cür mümkün olduğu bir neçə sözü hazırlamışdı. Birinci söz hsn idi. Dinləyicilərin qabağına qoyaraq soruşurdu: De görüm, nə yazılıb? Kimsə “Hasan” kimi oxuyurdusa, deyirdi ki, “Həsən” deyil,”Hüseyndir”. Əgər kimsə, “Hüseyn” kimi oxuyurdusa, deyirdi ki, niyə “Hüseyn”, “Həsəndir”. Öz dövrünün mollalarını  cahil bə avam hesab edirdi ki,   artıq söz ola bilməzdi. Hey onu təkrar edirdi ki, ibtidai məktəbin yeddi yaşlı uşaqları  müştəhidlərə nisbətən dünya tarixini və coğrafiyasını daha artıq bilirlər.  Mənim İrəvanda Şükri xanın oğulları ilə görüşüm yadıma düşdü və xəcalətdən yandım-yaxıldım. Axundovun dünya xəritəsi var idi, camaata göstərərək deyirdi:Cabalğa və Cabalsanı tapın. Mirzə Fətəli Qafqaz türkünün  dilində bir neçə komediya kitabını yazdı ki, bunlar da teatrda tamaşaya qoyulurdu. Onlar arasında ən məşhuru “Müsyo Jordan və dərviş Məstəli şah” və “Sərab xanı” idi. Bu tamaşalarda camaat gülməkdən ölürdü, halbuki, bu kitablar tamamilə qeyri-əxlaqi idi.  Və əsasən qadınların hicabına qarşı hücuma keçirdi. Axundovun bir qızı var idi ki, onu da Bəhmən Mirzənin oğlu Xanbaba xana ərə verdi. O öz qızına rus qadınları kimi, başqa müsəlman  qadınlarımın başına hicab örtdüyü bir vaxtda başı açıq gəzməyə ixtiyar vermişdi. Fanatikcəsinə mömin olan tiflisli müsəlmanlar Mirzə Fətəlini azad fikirlərinə və qızının başı açıq gəzməsinə görə sevmirdilər. Axundovun özündən eşitmişəm ki, küçədə onunla görüşməkdən çəkinirdilər. Həqiqətdə isə o, çox ürəyi yumşaq bir insan idi. Bir müfəttişi var idi, qonaqları olmayanda ona birlikdə yemək yeməyə ixtiyar verirdi. Bu müfəttişdən eşitmişəm ki, Mirzə Fətəlinin ehtiyacı olan müsəlmanların siyahısı var idi və cümə günləri və müsəlman  bayramlarında onlara gizlicə yardım göndərirdi. Həm də onların adının bir kimsəyə deyilməsini qadağan edirdi.

 

მსგავსი