04 May 2017
  • 840 ნახვა

Gorarxı elinin bahadır oğlu Rəşid Yusifov

XX əsrin nəhəng, məğlubedilməz bahadırlarından biri, Azərbaycan Respublikasının Əməkdar artisti, Qafqaz şiri Rəşid Əliməmməd oğlu Yusifov 1900-cu ildə Borçalıda – indiki Marneuli rayonundakı Gorarxı elində dünyaya gəlmişdir. Uşaqlığı elə bu kənddə keçmişdir. Babası Yusif kişi də qoçaqlığı, igidliyi və gücü ilə çoxlarından fərqlənirdi. Onun gücü övlad və nəvələrinə də keçmişdi.

Atası Əliməmməd kişi də enlikürək, güclü, uzun qollu bir adam olub. İmkanlıların gözü götürmədiyi Əliməmməd kişi kənddən Tiflisə köçmüş, Şeytanbazar məhəlləsinldə uzaq qohumlarından birinə pənah gətirərək, onun darısqal evində yaşamalı olmuşdur. Ağır həyat keçirən Əliməmməd kişini şəhər mühiti çox sıxır. Onun böyük oğlu Rəşid yaxşı oxumaqla bərabər, idmanla da məşğul olurdu. Çox qüvvətli və çevik idi. Sonralar Rəşid oxuduğu məktəbi tərk etməli olur, təhsildən ayrılır.

1914-cü ildə atası Əliməmməd kişi qəflətən vəfat edir. Ailənin ağırlığı, dərdi-səri Rəşidin boynuna düşür. O, dəmirçixanaların birində işə düzəlir. Ağırlıq qaldırmaqla da məşğul olur. Artıq on beş yaşlı Rəşid tez-tez Tiflisin sirk meydançalarına gedir, dünyanın müxtəlif yerlərindən gələn pəhləvan və sirk ustalarının çıxışlarına tamaşa edirdi. Şeytanbazarda hər kəs onu güclü, qüvvətli gənc kimi tanıyırdı. O, bəzən həyətdə “tamaşalar” verir, hamını əyləndirirdi...

Bir dəfə məşhur sirk ustaları olan Yesievski qardaşları Tiflisə gəlir. Onların Tiflis sirkindəki çıxışına Rəşid də tamaşa edir. Tamaşanın maraqlı yerində çiyninə bir əl toxunduğundan dönüb arxaya baxır, görür ki, çox sevdiyi, hörmət etdiyi Əlibəy adlı kişidir, yanında da bir nəfər gürcü.

Əlibəy, Maysuradze soyadlı bu adamla Rəşidi tanış edir və bildirir ki, o, vaxtilə tanınmış güləşçi olub, indi də məşqçi işləyir. Maysuradze Rəşidə onu öz dərnəyinə üzv qəbul etmək istədiyini bildirir və ondan elə indi meydançaya çıxıb öz gücünü nümayiş etdirməsini istəyir. Ona səhnəyə çıxmağa izn verirlər. Tələbə-idmançılardan Pavliaşvili soyadlı bir nəfərlə güləşir, ona asanlıqla qalib gəlir. Bu, onun ilk rəsmi qələbəsi, səhnədə isə ilk çıxışı idi.

Bir az sonra Rəşid Yusifov Karazalukovla tanış olur. Sirk aləmində Rəşidin məşqçisi də elə Karazalukov olur. Karazalukovun Parisin fəxri vətəndaşı kimi titulu var idi. Rəşid bu məşqçidən sirk aləminin bütün sirlərini və incəliklərini öyrənir. Bir müddətdən sonra o, qocaman idmançı Lado Kavsadze ilə əməkdaşlıq edir. Həmin vaxtdan Lado Kavsadze onun əsas məşqçilərindən biri olur.

Gənc pəhləvan Rəşid Yusifovun ilk rəqibi o dövrün qüdrətli güləşçisi, beynəlxalq yarışların mükafatçısı, Tiflisin sevimlisi Datiko Beriaşvili olub. Güləşin ikinci dəqiqəsindəcə Rəşid onun kürəyini yerə vurmuşdur.

1920-ci ildə adlı-sanlı güləşçilərin Moskvada yarışı keçirilirdi. Yarışa “qırmızı maska” geymiş Rəşid pəhləvan da dəvət olunmuşdu. Bu yarışda Rəşid Əliməmməd oğlu səhnəyə on altı dəfə qalib kimi çıxmışdı. Hamı “qırmızı maskalı” ilə maraqlanır, tamaşaçılara bildirilirdi ki, “qırmızı maskalı” Azərbaycan pəhləvanı Rəşid Yusifovdur. Görarxı elinin bahadırGənc pəhləvana Qafqaz çempionu adı verilir, camaat isə onu “Qafqaz şiri” adlandırır.

1920-ci ildə Tiflisdə Türkiyə güləşçisi Xamırçı Mustafaya qalib gəlməsi Rəşidin şöhrətini daha da artırır.

1924-cü ildə Tiflis sirklərinin birində fransız güləşi üzrə keçirilən çempionatda Rəşid pəhləvanın rəqibi “Fransız güləşinin texniki” adlandırılan Pyotr Praşek olmuşdu. Rəşid Praşekin fəndinə əks fənd işlədərək onun özünü yerə vurmuşdu. Bu qələbə on yeddi saniyəyə başa gəlmişdi. Bu çempionatda əcnəbi pəhləvanlar da iştirak edirdi. Onun alman pəhləvanı Abek Andersonla görüşü də çox maraqlı keçmişdi.

Məşhur gürcü kino xadimi Trestiani Rəşidə özünün üç filmində - “Üç həyat”, “Qaçaq Arsen” və “Tariyel Mkvaladzenin işi” filmlərində iştirak etiməyi təklif edir. Rəşid bu filmlərdə çəkilməyə başlayır. Bundan sonra isə Rəşidin fəaliyyətinin ikinci əsas dövrü - Bakı dövrü başlayır.

Rəşid Yusifov 1924-cü ildə Bakı sirkinə dəvət olunur. O, Azərbaycan rəhbərlərindən olan Mirbəşir Qasımovla görüşür. Beş ildən sonra Azərbaycan SSR adından 1929-cu ildə Aşqabad sirkində fransız güləşinin fəxri və yaraşığı Nikolay Beredixinlə görüşür. Onların mübarizəsi on yeddi dəqiqə çəkir və Rəşid rəqib üzərində parlaq qələbə qazanır. Rəşid Aşqabadda Başkirov və Şatski ilə də görüşür və onlara da qalib gəlir.  Daşkənddəki qələbələr də ona ümumxalq məhəbbəti qazandırır.

Moskva Dövlət sirkindən teleqram alan Rəşid Yusifov oraya gedir. Sirk truppasının tərkibində bir çox şəhərlərdə qastrol səfərlərində olur. Rəşid Yusifov beş pudluq daşları bir-birinə zəncirlə bağlayıb dişləri ilə onları yerdən qaldırır. Qastrolun sonuncu günü Rəşidi sirk direktorunun kabinetinə dəvət edərək, ona ecazkar istedadına görə təşəkkür edirlər.

Dünya şöhrətli güləşçi İvan Maksimoviç Poddubnı qalxıb onu qucaqlayır və təbrik edir, ona yararlı məsləhətlər verir. Xahiş edir ki, onunla hər zaman əlaqə saxlasın.

Onun qalib gəldiyi pəhləvanlar arasında aşağıdakıları saymaq olar: türk pəhləvanları Xamırçı Mustafa, Qara Yusif, alman Abek Anderson, Rudolf Albert, amerikalı Cempers Tsips, zənci Frank Qud və sair.

Amerikanın zənci güləşçisi Frank Qud uzun müddət boksla məşğul olduğundan qolları çox uzun idi. O, Rəşid Yusifovun qolunu burub qırmaq istəyir. Səhəri gün ikinci dəfə güləşməli olurlar. Yenə də bir nəticə hasil olmur. Üçüncü günkü görüş də çətin mübarizə şəraitində keçir. Tutuşmaların birində Rəşid Yusifov onun üstünə cumur. Frank Qud özünü itirir, Qafqaz şiri  ikinci nərəni çəkir, onu götürüb yerə çırpır. Frank Qud dizi üstə çöküb başını ovxalamağa və uşaq kimi ağlamağa başlayır.

1934-cü ildə isə relsdən çıxmış vaqonu  qaldırıb yerinə qoyması bir əfsanəyə çevrilir.

Rəşid Yusifov 1958-ci ilə qədəp səhnədən, xalçadan ayrılmamışdır. 1957-ci il apreliin 20-də Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin fərmanı ilə ona Respublikanın Əməkdar artisti adı verilir. Gənclərin VI Ümumdünya festifalının keçirilməsində göstərdiyi qayğıya görə, SSRİ İdman Komitəsinin və festivalın Məşvərət Komitəsinin fəxri fərmanı ilə təltif olunmuşdur.

Rəşid Yusifov 1982-ci ildə vəfat etmişdir.

1990-cı ilə doğma Görarxı elində onun anadan olmasının 90 illiyi keçirilmişdir. Anadan olmasınının 100-cü ildönümü isə Azərbaycan Dövlət Sirkində bayram edilmişdir.

 

 

 

 

 

 

მსგავსი