03 May 2017
  • 372 ნახვა

Qədim Tiflisin qədim cizgiləri- Xıdır Nəbi (Sup Sarkis) məbədi

Xıdır Nəbi (Sup Sarkis) məbədi – Xarpux məhəlləsinə yaxın, Sup Sarkis küçəsində, indiki Qrişaşvili küçəsinin başlanğıcında, Şuşa küçəsinin kəsişdiyi yerdə yerləşirdi. 1950-ci illərdə Şah Abbas məscidi ilə birlikdə bir neçə kilsə də, o cümlədən Xıdır Nəbi məbədi də uçurulmuşdur. Həmin kilsənin yerində ikimərtəbəli bina tikilmişdir. İndi də məbədin yan divarı və zirzəmisi qorunub saxlanılmışdır. Hazırda bu binada qadın məsləhətxanası, stomatoloji poliklinika və yaşayış evləri yerləşir.

Abdulla Şaiq öz xatirələrində yazır:

«Qafqaz və bəzi Şərq xalqları arasında belə bir əfsanə dolaşmaqda idi ki, guya Xızr adlı bir peyğəmbər var, o həmişə diridir. Ona bəzi yerdə Xızr Nəbi, bəzi yerdə Xıdır Nəbi deyirlər. Böyük dərd, fəlakət, ya bədbəxt bir hadisə üz verdiyi zaman «Ya Xızr!» - deyə onu köməyə çağırırdılar. Tiflisdə Xıdır Nəbi daha çox məşhur idi. Hətta Sup Sarkis küçəsində Xıdır Nəbi adında ayrıca bir kilsə var idi. İldə bir dəfə fevralın üçüncü həftəsində cümə axşamı o kilsənin günü idi. Çərşənbə axşamı gürcü, erməni və azərbaycanlı arvadlar niyyət edir, buğdanı qovurub kirkirədə üyüdür, sonra onu böyük bir qaba töküb şərbət ilə isladırdılar. Səhərəçən qalıb quruyurdu. Buna qovut deyirdilər. Nəzir edən şəxslər hazırladıqları qovutu Xıdır Nəbi kilsəsində dilənçilərə paylayırdılar. Deyərdilər ki, guya kimin nəziri qəbul olubsa, çərşənbə gecəsi Xıdır Nəbi gəlib o qovutdan ya bir az yeyər, ya barmaqlarını üstünə basıb gedərmiş».

Hötmətlə: Mirzə Məmmədoğlu

მსგავსი