03 May 2017
  • 410 ნახვა

Qürbətdə dünyasını dəyişən şair Ağacan

Borçalı şifahi xalq ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri də Şair Ağacandır. Mollalıq onun məşğuliyyətinin bir növü olduğundan ona el arasında Molla Ağacan da deyirdilər.

Ağacan Cabbar oğlu Cabbarlı 1886-cı ildə Gümrü (indiki Leninakan) mahalının Qarakilsə kəndində anadan olmuşdur. Səfalı dağ kəndində yaşayan Cabbar kişi ara-sıra şeirlər yazırdı. O, oğlu Ağacanı da yazıb-oxuyan görmək istəyirdi. Bu məqsədlə oğlunu molla yanına şagird qoyur.  Beləliklə Ağacan ilk təhsilini mollaxanada alır. Onun qələminin ilk məhsulu gənclik ruhu ilə yazılmış alovlu məhəbbət şeirləri olmuşdur. Bəs sonrakı şairliyinin təməlini qoyan  aşiqlik necə başlamışdır?

Bununla əlaqədar çoxlu xatirələr danışılır.  Neçə müddət kölgə kimi izlədiyi məşuqunu bulaq başında təklikdə görən Ağacan ona yaxınlaşıb içməyə su istəyir. Qız bir qab su verib üzünü yana çevirir. Su içməyə yanğısı olmasa da, onu məhəbbət alovu yandırırdı. Oradaca qıza “A ceyranım”  rədifıli bir gəraylı deyir.

 

                                    Mən dözmədim, sən də dözmə,

                                    Bircə söz de, çəkim nəzmə.

                                    İndən belə ağa gəzmə,

                                    Ağacanam, a ceyranım.

 

Onu da qeyd etmək lazımdır ki, bu rədifdə Borçalı aşıqları tərəfindən bir çox gəraylı yaradılıb.

Məhəbbət həsrəti gənc aşiqi günü-gündən saraldır. Həssas ata qəlbi bunu duymaya bilməzdi. Odur ki, Cabbar kişi şair oğlunu  şeir dili ilə dindirmək qərarına gəlir:

 

                                     Söylə görüm, nə bəlaya uğradın,

                                     Gəzirdin qarşımda salamat, oğul!

                                     Nə söylərsən elə divanə kimi,

                                     Açırsan başıma əlamət, oğul!

 

                                     Yaxşı oğul düşmənindən bac alar,

                                     Hər yerdə adlanar, adı ucalar,

                                     Yəqin bil ki, atan vaxtsız qocalar,

                                      Dönüb olsan əgər bədövlət, oğul!

 

                                      Cabbar deyər gəl danışaq yazanı,

                                      Dövr eləyib bu dünyanı gəzəni,

                                      Oğul gərək malı özü qazanı,

                                      Atadan oğula nə dövlət, oğul?

 

Hər şey aydın idi. Söhbət şair atanın şair oğlundan gedirdi.

Ağacan ilk məhəbbəti olan Gülzara qovuşa bilmir. Sonralar Gülxanım adlı bir qızla evlənir. Bu nikahdan Zəhra adlı qızı və Qənbər adlı oğlu dünyaya gəlir.

Ağacan oğlu Qəmbərin və arvadı Gülxanımın ölümündən sonra əmisi qızı Zəhra ilə evlənir. O, ömrünün sonuna kimi Zəhra ilə yaşayır. İki oğlu - Ənvərlə Şəmistan  və iki qızı - Pərlanla Göyçək dünyaya gəlir. O, 1911-ci ildə Borçalınının Quşçü kəndinə köçür. Ərəb və fars dillərini mükəmməl bilən Ağacan burada tezliklə şair-aşıq kimi böyük hörmət qazanır.

O, kəndin naşı mollalarının savadsızlığını sübut edir, onların yalanlarını camaata başa salırdı.  Camaatın gözündən düşən üzdəniraq mollalar  yaxınlıqdan keçən  arxın suyunu gecə ikən Ağacanın evinə doldururlar. Ağacan elə o vaxtdan ailəsi ilə birlikdə qonşu Qaçağan kəndinə köçür. Həmin hadisədən təsirlənən şair-aşıq sinədən bədahətən qoşqular söyləməyə başlayır.

Dəfələrlə təqiblərə məruz qalan Ağacan 1949-cu ildə ailəsi ilə birlikdə Rusiyanın Tomsk vilayətinə sürgün olunur və 1951-ci ildə orada vəfat edir. Vəfalı həyat yoldaşı Zəhra xanım sürgündən qayıdanda Ağacanın sümüklərini də qürbətdə qoymayıb qəbirdən çıxararaq özü ilə Borçalıya gətirmişdir. İllərlə çamadanda saxladığı sümüklərini nə torpağa etibar edib, nə də  bir kimsəyə bu barədə bir söz deyib. 1958-ci ildə oğlu Ənvər vəfat edəndə süfrə üçün qənd axtarararkən Ağacanın sümüklərini tapırlar. Ona görə də  Ağacanın ikinici dəfni oğlu Ənvərlə bir gündə olmuşdur. Ağacanın sümükləri sədaqətli həyat yoldaşı Zəhra ilə bir baş daşı altında Qaçağan kəndinin qəbristanılığında uyuyur.

 

მსგავსი