01 May 2017
  • 327 ნახვა

Dünya şöhrətli alim, bizim fəxrimiz Çingiz Oveys oğlu Qacar

Çingiz Oveys oğlu Qacar 1929-cu il iyunun 6-da Bakı şəhərində anadan olub. Akademikin ulu babası məşhur Qacarlar nəslinin ziyalı və vətənpərvər nümayəndələrindən olan Bəhmən Mirzə Qacar idi. Çingiz Qacar atasının yolu ilə gedərək 1953-cü ildə Leninqrad Politexnik İnstitutunun texniki fizika sahəsində mühəndis - tədqiqatçı fakültəsini bitirib, bacısı Liya xanım da Leninqradda Rəssamlıq Akademiyasını bitirib. Ç.Qacar institutun fizika-mexanika fakültəsində oxuduğu illərdə dünyanın tanınmış alimlərindən sayılan A.F.İoffe, J.İ.Frenkel, D.N.Nasledov və başqalarından dərs alıb. Tələbəlik illərində dərslərindən əlavə, Avropa mədəniyyətinə maraq göstərib. İnstitutu bitirdikdən sonra Çingiz Qacar Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fizika-Riyaziyyat İnstitutunun Radiofizika laboratoriyasında işləməyə başlayıb. Çingiz Qacar tanınmış alim, akademik Lətif İmanovun rəhbərlik etdiyi Radiofizika laboratoriyasında molekulyar spektroskopiya sahəsində orijinal elmi-tədqiqat işləri aparmış, mikrodalğalar diapazonunda biratomlu spirt molekulları və onların törəmələrinin fırlanma və rəqsi-fırlanma spektrlərinin ilk tədqiqatçısı olmuşdur. Çingiz müəllim tərəfindən (akademik L.İmanovla birlikdə) yaradılmış mikrodalğalı spektrometr haqqında elektronika və radiotexnikaya aid ilk elmi məqalə "Azərbaycan EA-nın xəbərləri" jurnalında Azərbaycan dilində dərc olunmuş və həmin məqaləni keçmiş İttifaqda bu sahə ilə məşğul olan mütəxəssislər rus dilinə tərcümə etmişlər.

Çingiz Qacar mikrodalğalı spektroskopiya sahəsində Londonda keçirilən beynəlxalq konfransda Azərbaycanda yaradılmış həmin spektrometr və etil spirti molekulunun mikrodalğalı spektri haqqında elmi məruzə ilə çıxış etmiş, həmin vaxtlardan (keçən əsrin 60-cı illəri) beynəlxalq aləmdə elmi nəticələri ilə tanınmağa başlamışdır. Fundamental tədqiqatlar aparan Çingiz Qacar atom və molekulların spektroskopiyası sahəsində bir sıra məsələləri həll etmişdir. Onun aldığı elmi nəticələrdən lazer fizikasında, qazların təhlilində, atmosferin lokal və məsafədən zondlanmasında, ulduzlararası fəzada molekulların axtarılması sahəsində və s. istifadə olunmuşdur.

2001-ci ildə Ç.Qacarın aldığı elmi nəticələrdən yapon mütəxəssisləri də istifadə etmişlər. Keçmiş İttifaqda mikrodalğalı spektroskopiya sahəsində müdafiə olunan namizədlik və doktorluq dissertasiyalarının bir çoxunun aparıcı təşkilatı Çingiz müəllimin rəhbərlik etdiyi şöbənin daxil olduğu Fotoelektronika İnstitutu olmuşdur. Akademi Çingiz Qacar indi də Azərbaycan MEA Fizika İnstitutunda bu istiqamətin inkişafı üçün əlindən gələni əsirgəmir. Rəhbərlik etdiyi laboratoriya etil, izopropil, butil, izobutil, tretikbutil spirtləri və onların izotopomerlərinin mikrodalğalı spektrlərinin tədqiqi ilə məşğul olur. O, geniş tətbiqi olan mikrodalğa diapazonunda şüauducuların yaradılması problemləri üzrə də maraqlı işlər aparır.

Onun rəhbərliyi altında yaradılmış yeni fiziki metodlar, qurğu və cihazlar Azərbaycanda, həmçinin keçmiş İttifaqda, Türkiyədə, İran İslam Respublikasında tətbiq olunmuşdur.

Çingiz Qacar ölkəmizdə yüksəkixtisaslı elmi kadrların hazırlanmasında da böyük xidmətlər göstərir. O, nüfuzlu spektroskopçular məktəbi yaratmış, yüksəkixtisaslı fiziklər yetişdirmişdir. Onun çoxsaylı yetirmələrinin bir çoxu Avstraliya, Rusiya, Amerika, Türkiyə, ölkəmizin nüfuzlu ali məktəblərində və elmi-tədqiqat institutlarında çalışır. O, Azərbaycanda molekulyar spektroskopiya elmi istiqamətinin rəhbəridir.

Molekulyar spektroskopiya sahəsində elmi əsasların yaranmasında kompleks işlər gördüyünə və geniş istifadəli elektron cihazların istehsal texnologiyasına görə Çingiz Qacar 1982-ci ildə Azərbaycan SSR-nin Dövlət Mükafatına və SSRİ EA-nın S.İ. Vavilov adına mükafata layiq görülüb, 2004-cü ildə isə Azərbaycan Respublikasının "Şöhrət" ordeni ilə təltif olunub.

Ona 1990-cı ildə Azərbaycan SSR Əməkdar Elm Xadimi fəxri adı verilib.

18 aprel 2014-cü ildə Aka­demik Çingiz Qacar fizika elmi sahəsində fundamental tədqiqatları və nailiyyətlərinə görə Nəsirəddin Tusi adına mükafata layiq görülüb

Çingiz Qacar "Qədim və orta əsrlər Azərbaycanın görkəmli şəxsiyyətləri" (rus, ingilis və Azərbaycan dillərində) "Qacarlar" "Köhnə Bakı" "Köhnə Şuşa" "Tiflis. Vorontsov 53, 55" adlı kitabların müəllifidir. "Qədim və orta əsrlər Azərbaycanın görkəmli şəxsiyyətləri" kitabının yazılmasının maraqlı tarixçəsi var. Çingiz Qacar Leninqradda oxuyarkən tələbəlik dostu, milliyyətcə gürcü olan Nuqzar Eliosaşvili ilə həmişə Azərbaycan və gürcü xalqlarından hansının daha çox görkəmli şəxsiyyətləri olmaları barədə mübahisə aparmışlar. Mübahisə bu kitab yazılana qədər davam etmişdir. Həmin kitab nəşr olunduqdan sonra Nuqzar Eliosaşvili özünün məğlubiyyətini ona yazdığı məktubunda etiraf etmiş və akademikin bu kitabını "Azərbaycanın görkəmli şəxsiyyətlərindən tərtib olunmuş Mendeleyev cədvəli" adlandırmışdır. Akademik bu kitabını ingilis dilinə tərcümə etmişdir.

O, fizikanın sahələri və tarixinə aid Azərbaycan, rus və ingilis dillərində yazılmış on monoqrafiyanın müəllifidir. Ç.Qacar Azərbaycanın birinci xanımı YUNESKO və İSESKO-nun xoşməramlı səfiri xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi “Azərbaycan İrs” jurnalının redaktorlarından biridir.

 Çingiz Qacar 2009-2012-ci illərdə AMEA Fizika İnstitutunun direktoru vəzifəsində çalışmışdır. Hazırda bu institutda Molekulyar spektroskopiya laboratoriyasının rəhbəridir.

Onu da qeyd etmək lazımdır ki, onun  atası Oveys  Mirzə Əliqulu mirzə Qovanlı-Qacar (1896-cı il dekabrın 22-də anadan olub) 1916-cı ildə İmperator Hüquq Məktəbinindən Sankt-Peterburq Politexnik institutuna keçirilir. İnqilabdan sonra Tiflisdə qalır. Sonra isə  gürcü qızı olan arvadı Tamara Nikolayevna Dzidzikaşvili ilə Bakıya köçür. Burada radio-mühəndis vəzifəsində çalışır. Oveys Mirzə radiotexnika üzrə ilk həvəskardır. Oveys Mirzə 1931-ci ildə vərəm xəstəliyindən dünyasını dəyişir. İki övladı qalır Liya və Çingiz.

 

 

მსგავსი