30 April 2017
  • 533 ნახვა

Borçalı “Koroğlusu” Səməd Ağa

Borçalı mahalının dilbər güşələrindən biri olan Qasımlı elatında bir çox ərənlər, mərd insanlar, xeyirxah şəxslər olmuşdur. Onlardan biri də, XIX yüzillikdə Qasımlı elatında yaşamış və fəalliyyət göstərmiş, Borçalı mahalında və onun ətraf əyalətlərində öz ad-sanıyla böyük şöhrət qazanmış,  öz xeyirxah əməlləri ilə yoxsula, kasıba əl tutmaq, onların hüquqlarını hər zaman müdafiə etməklə bütün el-obanın hörmət və ehtiramını qazanmış Qasımli Səməd ağadır. Onun igidliyi, cəsurluğu, mərdliyi, kiçik yaşlarından ağsaqqalyana hərəkətləri heç zaman dillərdən düşməmişdi. Səməd ağa haqqında yüzlərlə şeirlər yazılmış, böyük saz-söz ustadı Şenlik baba aşıqların sinə boxçasını bəzəyən, onların repertuarından düşməyən “Borçalı Səməd bəy” adlı dastan yaratmışdır. Borçalı Koroğlusu kimi tanınmış olan Qasımlı Səməd ağanı Aşıq Şenlik aslan görkəmli, paşa səltənətli, xan durumlu, zəhmi ağır igid kimi vəsf etməkdə tam haqlı idi. Səməd ağanın Sibirə getməyi, Alosman məmləkətinə talan salmağı, Calalı kürdünə qılınc çalmağı, İran ölkəsindən xərac almağı vəsfə çəkilir. Səməd ağanın dostlarından Mehralı bəy Rüstəmi-Zala, Mahmudoğlu ətdən qalaya, İsmayılın krala boyun əymədiyi, Çavuşoğlunun yüz kazakı dağıtdığı xatırlanır. Nəzər saldıqda Səməd ağa necə dostların, silahdaşların əhatəsində olduğuna heyrətlənə bilmirsən. Belə igid insanlara rəhbərlik etmək Səməd ağa kimi bir insanın necə bir igid, qəhrəman, sözün əsl mənasında şəxsiyyət olduğu məlum olur. XIX yüzilliyin əvvəllərində Səməd ağa Daşdəmir oğlu Qasımov Qasımlı elində dünyaya göz açmışdır. O, varlı ailədə böyüyüb ərsəyə çatmışdır. Çox erkən at minməyi, tüfəng atmağı öyrənir, heç kəsə boyun əyməyən bir ərən olur. Onun təm-təraqlı saraya bənzəyən ev-eşiyi, var-dövləti, el içində hörmət-izzəti, mahalda ad-sanı bütün ətraf əyalətlərə də yayılmışdır. O, kəndin əsl ağası, kasıb insanlara xeyirxahlıq simvolu olaraq həmişə elin-obanın başı üstündə günəş kimi parlaq şölə saçmışdır. Səməd ağanın qətlə yetirilməsinin bir neçə versiyası var. Mən Qasımlı elinin müdrik ağsaqqalları ilə xeyli söhbətlər aparmışam. Onlardan Dilman Hüseynov-92 yaş, Aslan Aslanov-84 yaş, Alpaşa Nəbi oğlu-102 yaş İmaməli Əhmədov-82 yaş, Qiymət Hüseyn qızı-125 yaş və başqalarını göstərmək olar. Onlar Səməd ağanın özünün baş çobanı Sülü Məhəmməd tərəfindən öz arvadı Zöhrəbanu xanımın göstərişilə, öz evində qətlə yetirildiyini deyirdilər. Digər bir versiyaya görə, onu evinin I mərtəbəsində buxarınin yanında olduğu vaxt qan düşmənləri pəncərədən atəş açmaqla qətlə yetirmişlər. Dəqiq olmayan məlumata görə Səməd ağa XIX yüzilliyin sonlarında sui-qəsd nəticəsində qətlə yetirilmiş və Qasımlı kənd qəbristanlığında dəfn olunmuşdur. Onun qəbri üstündə böyük məqbərə düzəltmişlər. Çox təssüflər olsun ki, baxımsızlıq ucundan məqbərə uçub dağılaraq bərbad hala düşmüşdür. Onun iki mərtəbəli imarəti öz yaxın qohumları tərəfindən pay-bölüş olmuşdur. Səməd ağaın yurdunda onun kötücəsi, indi iş adamı kimi fəaliyyət göstərən İsgəndər Paşa oğlu gözəl memarlıq üslubu olan layiqli bir ev tikdirmişdir. Lakin buna baxmayaraq Səməd ağanın haqq dərgahına qovuşduğu məkana ögey münasibət nə qasımlılara, nə də Səməd ağanın qohumlarına rəva deyil. Səməd ağa öz əmisi qızı Zöhrəbanu ilə evlənir və onların Paşa adlı bir oğlu olur. Səməd ağanın yaxın qohumu Qasım ağa 47 il Türkiyədə mühacirətdə olmuşdur. O, 1928-ci ildə bolşeviklər Borçalıya daxil olanda bir qrup qohumu ilə Türkiyəyə qaçmışdır. Qasım ağa 1975-ci ildə qızı Minəxanımın dövlət səviyyəsində dəvəti ilə onun əri Kərimin kəndi  Lejbəddinə gəldi. Qasımlı qızı Minə  xanımın söylədiyinə körə, qasımlılar onun atası Qasım ağanın görüşünə gələnə qədər o, çox tutqun olub, qaş-qabağı açılmayıb. Qasımlıdan onun görüşünə xeyli adam getdi. Ondan sonra Qasım ağanın qaş-qabağı açılır və olub keçənlər haqqında ətraflı söhbət etməyə başlayır. Qasım ağanın söylədiyinə görə, Daşdəmir ağanın oğlanları başda Səməd ağa olmaqla Rus çarının şərqdə Qırğız xanı ilə apardığı müharibədə iştirak ediblər, həmin döyüşlərdə Daşdəmir ağanın oğlu Səməd ağa böyük igidlik göstərərək Qırğız xanla döyüşə gedir və onun başına xəncərlə vurur. Sonrakı döyüşlərdə Səməd ağa Qırğız xanın başını kəsib heybədə komandirinə gətirir. Bu münasibətlə çar onu Peterbura çağırır və ona general rütbəsi verir. Bu dövrdə Səməd ağa öz arvadı Zöhrəbanu xanımdan ayrılır. O, Pəmbək Saralından Fatma adlı əri ölmüş xan arvadı ilə evlənir. Bizə məlum olmayan səbəblərə görə, Səməd ağa öz silahdaşları Kor İsmayıl, Mehralı bəy, Mahmudoğlu və daha bir neçə nəfərlə Türkiyəyə getməli olublar. Onlar burada Şamdra deyilən mahalda Dursun bəyin evində məskunlaşırlar. Bir müddət burada qalan Səməd ağanın dəstəsi burada yaşayan Calalı kürdünün varını yoxunu talayıb kasıb və yoxsullara paylayır. O, burada Çıldırın Suxara kəndindən olan məşhur Aşıq Şenliklə tanış olur, sonra isə dostlaşırlar. Bütün dəstə ilə tanış olan Aşıq Şenlik Səməd ağanın dəstəsi buradan çıxandan sonra  onun dəstəsini tutmağa gələn Qazı əfəndiyə Səməd bəy və onun dəstəsini ətraflı tərifləyir:

Səməd bəy, İsmayıl seyrinə vardım,                                                                                                                                                                       Bu diyarı gəzə-gəzə, əfəndim.                                                                                                         Səməd bəy namında bir vəzir gördüm,                                                                                                  Vəsfini qaldırdım saza,əfəndim.                                                                                                     

Mahmudoğlu deyilən bir ətdən qala,                                                                                                    Mehralı bənzəyir Rüstəmi-Zala.                                                                                                                      İsmail baş əyməz yeddi krala,                                                                                                                                 Nə düşübsən belə bəhsə, əfəndim.

Səməd bəy deyilən zəhmi ağırdı,                                                                      İsmayıl da vuruş üçün yağıdı,                                                                    Çavuşoğlu yüz qazakı dağıdı,                                                                     Qıymadı qırmızı fəsə, əfəndim.

Paşa səltənətli, bir xan görümlü,                                                                             Bəlli bədöy minər qulac gərimli,                                                                         Hərdən verəndə də bir can verimli,                                                                   Baxan deyil çoxa, aza, əfəndim.

Səməd bəy hökmündə qılınc çalarlar,                                                               Onları görənlər məətəl qalarlar,                                                     Ustadlardan əhli-mərifət alarlar,                                                  Müşdahdılar saza-sözə, əfəndim.

Mehralı deyilən şahin quşları,                                                                   Səməd bəydi həm onların başları,                                                   Yanlarında vardı qoç yoldaşları,                                                          Girməyin onlarla bəhsə, əfəndim.

Onu göndərdilər Sibir elinə,                                                                                    Çox bəlalar gəldi onun sərinə,                                                                Fərmansız xan oldu qılınc zoruna,                                                                   Hökm edir divanı-kəsə əfəndim.

Alosman elinə talan saldılar,                                                                              Calalı kürdünə qılnc çaldılar,                                                                                        İran ölkəsindən xərac aldılar,                                                                                  Şahı da qoydular yasa əfəndim

Şenlik mədh eylər qoç igidlər pirini,                                                                     Yadlara söyləməz gizli sirrini,                                                                      Səməd bəylə İsmayılın yerini,                                                                                      Bu diyarda verməz kimsə, əfəndim.

 .    Doqquz bəndlik bu tərifnamədə Səməd bəy dəstəsinin hər bir üzvünün adı çəkilir, hər tərəfli təriflənir.  ...Aradan bir müddət geçir, Aşıq Şenlik Borçalıya gələsi olur. Onun məqsədi dostu Səməd ağa ilə görüşmək idi. Çox əziyyətdən sonra gəlib İmir-Həsənliyə çıxır. Kor İsmayılla görüşür, üç gün burada qaldıqdan sonra Qasımlı kəndinə Səməd ağanın ziyarətinə gəlir. Yolda onları Şülöyürün qoruqçuları çox incidir. Atlarını, heybələrini əllərindən alırlar. Aşıq Şenlik nə qədər yalvarır, nə qədər xahiş edir, hətda Səməd ağanın yanına getdiyini bildirir, ancaq qoruxçular yola gəlmir. Onların nə atlarını,nə də heybələrini geri qaytarmırlar. Aşıq Şenlik bu vaxt dözmür, sazı  götürüb özünü qoruxçuya tanıtmaq istəyir:                                                                                                                   .                                                                        Ay qoruxçu sən allahı sevərsən,                                                                                                              .                                                                        Cəbr eyləyib salma azara məni.                                                                                                                        .                                                                        Asti-vasti, xiristosu sevərsən,                                                                                                                     .                                                                        Cəbr eyləyib salma azara məni.

Söylə görüm nədir aşığın suçu,                                                                                                                      Məryəm ana olsun sizə duaçı,                                                                                                              Sevərsən kilsəni, sevərsən xaçı,                                                                                                                     Cəbr eyləyib salma azara məni.

Mən Şenliyəm mail oldum gülünə,                                                                                                         Şəyird olan qulluq edər pirinə,                                                                                                         Məkanım Çıldırdı göndər yerimə,                                                                                                                Cəbr eyləyib salma azara məni.

Onlar  piyi-piyada bir təhər gəlib Qasımlıda Səməd ağa ilə görüşürlər. Bu görüş Aşıq Şenliyə bərk təsir edir. Həm yolda əziyyət çəkdikləri, həm atlarının, heybələrinin Şülöyür qoruqçuları tərəfindən müsadirə edilməsi, həm də köhnə dostu Səməd ağanı görəndə dözə bilmir:

Dilbilməz yağının cənginə düşdük,                                                                                                   Bizi daşdan-daşa çaldılar,bəyim.                                                                                                                    Arif məclisindən ənam alardım,                                                                                                                       Onu da əlimdən aldılar, bəyim.

Dedim Səməd bəydi Sərdarın özü,                                                                                                             Deyərəm eşidər, öldürər sizi,                                                                                                               Nə qədər yalvardım saymadı bizi,                                                                                                                    Bizi də yalançı saydılar, bəyim.

                                               Sənsən bu Şenliyin bil havadarı,                                                                                                             .                                              Sizinçün gəlirdim bu yana sarı,                                                                                                                          .                                              Viranə Şülöyrün qoruqçuları                                                                                                                             .                                              Atımı, heybəmi aldılar,bəyim                                                                                                           .      Səməd ağa işdən halı olub onların atlarını da, heybələrini də gətizdirib özlərinə qaytarır.                                      Səməd ağa aşığa böyük hörmət edir, bir həfdə qonaq saxlayır, bələtçisi ilə bərabər hərəsinə                                      bir dəst paltar tikdirir və bütün mahalın aşıqlarını yığıb burada böyük bir məclis düzəldir.                      Aşığa çoxlu ənam verirlər və hərəsinə Qazağın dilboz  atından birini hədiyyə edib yola  salırlar.Borçalıdan böyük təssüratla qayıdan Aşıq Şenlik sonralar “Borçaı Səməd bəy” adlı bir dastan yaratmışdır. O dövrü görmüş yaşlı adamların özlərindən sonrakı nəsilin nümayəndələrinə söylədiklərinə görə Səməd ağa özünün iki mərtəbəli evini qum və əhənglə tikdirib və həmin məhlula su əvəzinə yaylağa gedən qoyun sürülərini sağdırıb, südü əhəng və quma qatıb evi hördürmüşdür. Ona görə də indiyə qədər həmin binada bir çat belə əmələ gəlməyib: Təxminən 1860-cı ildə Səməd ağa yenidən Peterburqa, çarın yanına gedir. Geri qayıdanada öz əziz silahdaşı Kor İsmailin kazaklar tərəfindən vurulduğunu eşidir, ona 40 gün yas saxlayıb ehsan verdirir. Aşıq Şenlig ikinci dəfə Borçalıya gəlir, ancaq Səməd ağa qətlə yetirildiyindən onunla görüşə bilmir. Gedib qəbrinin üstündə göz yaşları içində deyir:

Ay ariflər gəlin sizə söyləyim,                                                                                                     Səməd bəy namında hökmü-xan getdi.                                                                                             Qazaxnan Şəmşəddin, küllü Borşalı,                                                                                                     İyidlər içindən belə can getdi.

   Aşıq Şenlik bu ağısında Səməd bəyin meydana girəndə mərdanə cəng etməsini, ayağını polad üzəngiyə aparmasını, Alosmanı, Hindi, Firəngi gəzməsini, Calalıya bir tufan salmasını hədsiz qürur hissi ilə xatırlamış, onun ölümündən sarsıldığını nəzmə çəkmişdir:

Şenlik mədh eyləyib saldı dastana,                                                                                                      Yaşayar hər zaman zəhmətim ona,                                                                                                          Rüstəm tək səs saldı küllü cahana,                                                                                                         Heyif, əlimizdən qəhraman getdi.

   Səməd ağanın həyatı, fəaliyyəti, xeyirxahlığı, cəsurluğu, mərdliyi, humanistliyi, bütün insani keyfiyyətləri əks etdirən “Qaşı kəsilmiş yəhər” adlı povest üzərində işləyirəm. Artıq povestin “Güllə səsi” fəsli “Qarapapaqlar” dərgisinin bu ilki 3-cü sayında çap olunmuşdur. Tale imkan versə bu ilin sonunda povest ayrıca kitab halında nəşr olunacaq. Ona qiyməti siz verəcəksiniz, möhtərəm oxucular.  

                                                                              Səyavuş UYĞUN                                                                                                                                                                    .                                                                                                                   şair publisist

 

 

                                               

 

მსგავსი