26 April 2017
  • 419 ნახვა

Tiflisdəki Nəbatat bağında uyuyan təbrizli şair Fazil xan Şeyda

Fazil xan Şeyda 1783-cü ildə Təbrizdə mühəndis ailəsində doğulmuşdur. Əsl adı Molla Fətulladır, Təbrizdə mükəmməl ruhani təhsili almışdır. O, əvvəlcə öz atası Məhəmmədhüseynin, sonra Təbrizin məşhur müctəhidi Mirzə Əhmədin yanında təhsil almışdır. İlahiyyat üzrə mükəmməl biliyə yiyələnmiş Fazil xan poeziyaya daha çox həvəs göstərmişdir.

1827-ci ildə Təbrizin rus qoşunları tərəfindən işğalı ilə bağlı bir sıra ruhanilərin və İran əyanlarının çoxunun Abbas Mirzəyə xəyanət etmələri Fazil xanı qəzəbləndirmişdi. O, belələrinə həcv yazmışdır. Öz satirik şeirlərinin birində riyakar ruhanilərin əmmaməsini "şeytan yuvasına", əbasını "riyakarlıq donuna", xınalı saqqalını "nəcasətə bulanmış ayaqyolu süpürgəsinə" oxşadan şair belələrini "qoca zinakar, nəfsin qulu və şərarət törəməsi" adlandırır və deyir ki, "bu həcvlərlə təbrizlilərin fəxr etmələri təəccüblü deyil. Ona görə ki, Təbrizdə sakin olan haramzadələri həcv etmək Təbriz əhalisi üçün fəxarət və nəcabət işi sayılır.

Onun həcvləri xalq arasında çox böyük uğur qazanmışsa da, müəllifinə qarşı düşmənlərinin hücumlarına səbəb olmuşdur. Buna görə də Fazil xan Təbrizdən qaçaraq Deh-Kirqana getmişdir. Bu vaxt İran vəliəhdi Abbas Mirzə (1738-1833) orada knyaz Paskeviçlə sülh danışıqları aparırdı. Burada Fazil xan rus səfirliyinin təmsilçisi Qriboyedov və Abbasqulu ağa Bakıxanovla tanış olmuş, knyaz Paskeviç tərəfindən səmimi qarşılanmışdır. O, sülh müqaviləsinin imzalanmasında iştirak etmişdir. Abbas Mirzə onun fars və ərəb ədəbiyyatına dair nadir biliklərini yüksək qiymətləndirmiş və şahzadə Xosrov Mirzənin (1813-1875) müəllimi təyin etmişdir. Bundan sonra şair, ruhani qulluğundan imtina edərək özünün Molla Fətulla adını Fazil xan adı ilə dəyişmiş və Şeyda təxəllüsünü qəbul etmişdir.

Böyük rus yazıçısı və diplomatı Qriboyedovun 1829-cu il yanvar ayının 3-də Tehranda faciəli ölümü ilə bağlı Fətəli şahın xüsusi nümayəndəsi kimi 18 yaşlı nəvəsi Xosrov Mirzə Peterburqa I Nikolayın sarayına göndəriləndə onu müşayiət edən heyətə Fazil xan saray şairi kimi daxil edilmişdir.

Maraqlı haldır ki, bu səfər zamanı A. S. Puşkin təsadüfi olaraq Fazil xan Şeyda ilə görüşmüşdür. Bu görüş 1829-cu il mayın 24-də Gürcüstanda, Kazbek və Kobi kəndləri arasındakı yolda baş tutmuşdur. A. S. Puşkinin Ərzurum səfərinə dair gündəliyində həmin görüş belə təsvir edilmişdir: "İran şahzadəsini gözləyirdik. Kazbekdən bir qədər aralıda qarşımıza bir neçə kolyaska çıxdı, qoruyucu dəstəsinin zabiti bizə elan etdi ki, o, saray şairini yola salır. Mənim arzumla o, məni Fazil xana təqdim etdi. Mən tərcüməçinin köməyi ilə onu təmtəraqlı Şərq qaydası ilə salamlamağa başlayanda çox utandım, çünki mənim yersiz və gülünc sözlərimin müqabilində Fazil xan çox sadə, ağıllı, abırlı adamlara xas olan nəzakətlə cavab verdi. O, məni Peterburqda görəcəyinə ümid edir və bizim tanışlığımızın bu qədər qısa olacağına təəssüflənirdi. Mən utanaraq, zarafatyana danışıq ədasını bir kənara qoymağa məcbur oldum və adi Avropa ibarələrindən istifadə etməyə başladım. Biz ruslara xas olan məsxərəçilik mənə ibrət dərsi oldu. Bundan sonra insanın barəsində onun qoyun dərisindən tikilmiş papağına və rəng çəkilmiş dırnaqlarına görə fikir yürütmürəm".

Fazil xanın Puşkinlə görüşü onda xoş təəssürat oyatmışdı. Həmin görüşlə bağlı Puşkin 1829-cu il mayın 25-də Kobi kəndində aşağıdakı şeiri yazmışdır: "Bəh-bəh nə xeyirli gün, xoş saat, Qafqaz dağlarında, Tale bizi birləşdirdi bu vaxt". Puşkin digər 2 şeirində birbaşa Fazil xana müraciət edərək deyir:

 

 

Uğurlu olsun sənin yeni yolun,
Bizim sərt şimala sənin səfərin.
Burada baharın ömrü qısa olsa da,
Hafiz, Sədinin adları tanışdır diyarımıza.


Qısa gecəli diyarımızı gəzərkən,
Qoy bir iz qalsın səndən.
Şərqin əfsanələr güllərini, sən
Şimal qarılarına səpərsən.

                (sətri tərcümə)

 

İran nümayəndə heyətinin tərkibində (1829-cu il avqustun 4-dən oktyabrın 17-dək) Fazil xan Peterburqun qabaqcıl ictimaiyyəti və şərqşünasları ilə tanış olmağa çalışmışdır. O, şərq dilləri müəllimi kimi Rusiyada qalmaq arzusunu bildirmiş və bunu I Nikolaya təqdim etdiyi qəsidədə göstərmişdi. Bu qəsidənin tərcüməsi Peterburqda çıxan "Podsnejnik" almanaxında dərc edilmişdir. Qəsidədə şair taleyindən şikayətlənir: "Fazil hələ sənə heç bir xidmət göstərməmişdir, lakin sən lütfkarlıq göstər və onu öz qullarının sırasına qəbul et... O, taleyin etibarsızlığına etiraz edir. Ona imkan ver, öz taleyinə müqavimət göstərsin...". 

Faktlardan məlum olur ki, Fazil xan öz görüşləri, söhbət və çıxışları ilə İranın istedadlı şairi və ədibi kimi Peterburq ictimaiyyətinin dərin rəğbətini qazanmışdır. Belə ki, onun Peterburqda olmasına şeirlər həsr edilmişdir. O cümlədən, 1829-cu il avqustun 8-də və 19-da qraf  D. İ. Xvostovun (1757-1835) Fazil xanla görüşü barədə "Rus şairi ilə İran şairinin görüşü" və "Fazil xan Şeydaya" adlı şeirlərini qeyd etmək olar. Həmin şeirlər D. İ. Xvostovun 1830-cu ildə Peterburqda nəşr olunmuş əsərlərinin 5-ci cildinə daxil edilmişdir (səh. 117-119, 379). O. A. Prjetslavskinin (1799-1879) xatirələrindən məlum olur ki, Xosrov Mirzənin şərəfinə təşkil olunmuş bir ziyafətdə "...şair Peterburqun əhatə olunduğu aristokrat dairələrinə mənsub olan gözəl xanımlarına vurulmuş, onların albomlarında öz dilində şeirlər yazmışdır" ("Russkaya starina", S.-Peterburq, 1883, avqust ayı, səh. 405). Güman etmək olar ki, şair aşağıdakı şeirini məhz həmin ziyafətdən aldığı xoş təəssürat və şən əhval sayəsində yazmışdır:

 

Gər Fazil-i Şeyda xəbərin sorsalar söylə,

Yorğunca köpək bir sürü ceyran arasında.

 

Abbas Mirzənin ölümündən sonra Xosrov Mirzənin gözlərini çıxartdırmış qardaşı Məhəmməd Mirzə İran taxt-tacını əlinə keçirdikdə təqibə məruz qalmış Fazil xan 1838-ci ildə Qafqaza qaçmış və 1842-ci ildə Tiflisdə rus təbəəliyini qəbul etmişdir. Fazil xan 1846-cı ildə Qafqaz canişinliyində dəftərxana müdiri, 1847-ci ildə isə Tiflisdə yeni açılmış şiə məktəbinə müəllim təyin edilərək ilahiyyat, fars və ərəb dillərindən dərs deməklə yanaşı, N. Xanıkovun Qafqaz arxeologiyası üzrə, fars və ərəb epiqrafikasına aid məşğələlərində onun daimi köməkçisi olmuşdur.

O, Tiflisdə yaşadığı zaman "Divani-hikmət" ədəbi məclisinin yığıncaqlarında iştirak etmişdir. Şair 1852-ci ildə Tiflisdə vəfat etmiş və şəhərin müsəlman qəbristanlığında dəfn olunmuşdur.

Fazil xan Şeydanın həyat və fəaliyyəti ətraflı öyrənilmədiyi kimi, əsərləri də tam halda əldə edilməmişdır.

Fazil xan Şeydanın İrandan Zaqafqaziyaya gəlməsində və burada müasir ruhda əsərlər yazmasında Abbasqulu ağa Bakıxanovun, şübhəsiz, böyük rolu olmuşdur.

Fazil xan Şeyda haqqında A. S. Puşkinin bir neçə kəlmədən ibarət olan sözləri, Peterburq mətbuatında dərc edilmiş bir qəsidəsinin tərcüməsi və barəsində yazılmış bir neçə qısa xatirə, N. Xanıkovun qeydləri, məlum olan iki-üç şeiri, mərhum Şıxəli Qurbanovun və Mustafa Mustafayevin şair haqqında qısa yazıları (Şıxəli Qurbanov, "Puşkin və Azərbaycan poeziyası", Bakı, 1956, səh. 28,29) istisna olmaqla, onun həyatı və yaradıcılığı bu günə qədər tədqiq edilməmiş, çoxsaylı şeirləri və elmi-pedaqoji əsərlərinin saxlandığı yer naməlum qalmışdır.

"XIX əsr Azərbaycan satirik şeir nümunələri" kitabının (Bakı, 1983) müəllifi professor M. Mustafayevin tədqiqatına görə, Fazil xan Şeydanın fəaliyyəti haqqında nə XIX əsrə dair məxəz və mənbələrdə, nə tərtib edilmiş təzkirə və məcmuələrdə, nə də ədəbiyyat tarixlərində məlumat var (göstərilən kitab, səh.31). Bu baxımdan vaxtilə Fazil xan Şeydanın həyatı, şəxsiyyəti, çoxsaylı şeirləri, eləcə də elmi fəaliyyəti və müəllifi olduğu bir sıra dərslik və dərs vəsaitlərinin canlı şahidi olmuş N. Xanıkovun yazdığı nekroloqda deyilənlərə şair haqqında yeganə sənədli məlumat və gərəkli elmi tədqiqat obyekti kimi yanaşmaq olar.

N. Xanıkov nekroloqda yazır: "Fazil xan əməksevərliyi ilə fərqlənən bir insan idi. O, fars, ərəb və türk dilləri üzrə mətnləri tam asanlıqla tərcümə edirdi. Müəllifi olduğu bir sıra dərslik və dərs vəsaitləri, o cümlədən, seçilmiş hədislər toplusu, Quranın çətin yerlərinin şərhi, ərəb dilinin əsasları, fars dilinin qrammatikası, türk və Azərbaycan dillərində şəriət kitabı şiə məktəblərində əsas rəhbər dərsliklər kimi qəbul edilmişdir".

N. Xanıkovun yazdığı nekroloqda deyilir: "Fazil xanın təkcə elmi əsərləri və təhsili onun fitri istedadını, müstəsna poetik xüsusiyyətlərini əks etdirmir. Fazil xan şeirlərini çox asanlıqla yazır və bədahətən söyləyirdi. Bu şeirlər çox məzmunlu və dəyərli idi". Fazil xan Şeydanın kəskin və qeyri-adi satirik dil məharəti ilə yazılmış həcvlərindən aldığı təəssüratı eyni ilə ifadə etməyə çalışan N. Xanıkov daha sonra yazır: "Fazil xanın satiralarında əvvəldən axıra qədər nə isə qeyri-adi bir istehza, göz yaşları arasında gülüş, öz ağasının dəyənəyinin təsirindən saxta ezop barışığı hiss olunur və bizim zövqümüzün tələblərinə baxmayaraq, hətta avropalılara ciddi təsir göstərir. O, riyakar mollaları və mirzələri daha çox qamçılayır, həmişə və hər yerdə onları özünün şəxsi düşmənləri hesab edirdi. Şair qəlbinin çırpıntıları acı kupletlər şəklində bu molla və mirzələrin qırxıq başlarına yağış kimi yağır və çox vaxt onları təkəbbürlü başlarındakı çalmaların altında taqətsiz hala salırdı. Elə bir müqayisə və oxşatma, elə bir ritorik fiqur yox idi ki, Fazil xan onları öz "dost"larının boyuna biçməsin. Lakin indi onlar rahat ola bilərlər, indi Fazil xan əbədi susmuşdur və onun mübariz şeirləri qəbrinin qara kərpicdən tikilmiş günbəzinin altından heç vaxt eşidilməyəcək". Şairə yazılmış nekroloq belə qəmli sözlərlə tamamlanmışdır.

Müasirlik və azadlıq vurğunu olan Fazil xanın kimliyi, həyat fəaliyyəti, onun Molla Fətullah dini adını Fazil xan dünyəvi adıyla dəyişməsi, "Şeyda" ("Dəli aşiq") təxəllüsünü qəbul etməsinin səbəbi, XIX əsrdə Rusiya-Azərbaycan mədəni əlaqələr tarixinin ilk səhifəsini açan simalardan olması, xüsusilə Fazil xan Şeydanın timsalında Azərbaycan poeziya xəzinəsinin naməlum qalmış daha bir nümayəndəsinin aşkarlanması məhz həmin nekroloqun sayəsində mümkün olmuşdur. Nə yaxşı ki Fazil xan Şeyda özünün yüksək əxlaqi keyfiyyətləri, elmi biliyi və istedadı sayəsində mühacir həyatında tənhalığa üstün gəlmiş, Nikolay Xanıkov kimi şöhrətli alimin hüsn-rəğbəti və səmimi dost vəfasından bəhrələnə bilmişdir.

                                                                                                                               Mirzə Məmmədoğlu

მსგავსი