14 April 2017
  • 938 ნახვა

Qədim Tiflisin qədim cizgiləri- Soğanlıq

Soğanlıq – İndiki Aşağı Poniçalanın qədim adıdır. Vaxuşti Baqrationi bu yerin Qurquta calası, Soğanlıq adlandırıldığını yazır. Tiflis ətrafında yerləşən tarixi kəndlərin tədqiqatçısı Teymuraz Beridzenin fikrincə, türk mənşəli sözdür, quş adından əmələ gəlmişdir. Soğanlıq isə bu sözün assimilyasiyaya uğraması nəticəsində əmələ gəlmişdir. O, eyni zamanda bizim sözümüz olan soğan sözündən düzəldiyini, soğan olan yer, yəni soğanlıq olduğunu da qeyd edir. Onun qədim adının isə Qurquta olduğunu bildirir.

Vaxuşti şərh edir: «Kürün üst yanında Qurquta, indi Soğanlıq adlanan cala vardır. Bol-bəhrəli bir yer. Bu caladan Yaqlıcaya qədər, Gümüş gölünə qədər və Kürə qədər indi Sarvan adlanan böyük düzənlik vardır. Çarların dəvələrinin dayanacaq tapması üçün susuzluğa görə yararsız olan yer».

Platon İoselianinin verdiyi məlumata görə, qədimlərdə Soğanlıq yolağzı adlandırılırmış. İki Soğanlıq var idi: Kiçik və Böyük Soğanlıq. Bunları da ki, bir-birindən Şulaver yolu ayırırdı. Kiçik Soğanlıqdan Qazax-Gəncə yoluna birləşən Şulaver yolu gedirdi. Gümüş gölünün cənub tərəfindən keçən (Tiflis-Soğanlıq-Qazax-Şəmkir-Gəncə) yol Dmanisə gedən Böyük Karvan yolunun, Tiflis-Naxidur-Dmanis-Loru yolunun bir hissəsi idi (bu gün bu yol Gümüş gölünün şimal tərəfindən keçir). Hazırda Tiflis bu yol vasitəsi ilə Ermənistan ilə əlaqə yaradır.

Çar Rostom (Xosrov Mirzə) 1658-ci ildə vəfat edəndən sonra İran şahı II Şah Abbas Kartlinin taxt-tacını Şahnavaz adlanan V Vaxtanqa verir. Sərdar Papuna Sisişvilinin əli ilə göndərilmiş şahın fərmanı və xələti V Vaxtanqa şəhər ətrafında yerləşən Soğanlıqda verilmişdir. Bu qayda sonrakı vaxtlarda da davam etdirilmişdir.

1672-ci ildə Gürcüstana səyahət edən Jan Şarden bu sözügedən qaydaya diqqət yetirmişdir: «Şəhər cənubdan şimala doğru genişlənmişdir, cənub tərəfdə dağın ətəyində yerləşən böyük qalası vardır. Qalada yalnız farslar yaşayır, qala gözətçiləri də yalnız farslardır... İrandan gələn yalnız bu qala ilə Tiflisə daxil ola bildiyindən Gürcüs­tan çarı sadəcə olaraq şəhər ətrafına İran şahının göndərdiyi məktubları və ya hədiyyələri almaq üçün bu qaladan yolüstü ötüb keçməlidir. Qətiyyətlə deyə bilərik ki, çar burdan onun tutulması qorxusu olmadan heç bir vaxt keçib getməmişdir. Qala başçısının bəlkə onun tutulması barəsində gizli əmri vardır deyə düşünmüşdür. Farslar çox ağıllı olaraq belə bir qayda yaratmışlar ki, Gürcüstan çarları və İranın qəza hakimləri şahın göndərdiklərini almaq üçün şəhərdən kənara getməlidirlər. Şübhəli şəxsləri qorxusuz və asan tutmaq üçün bu, çox əlverişli tədbirdir». J. Şarden görüşün dəqiq yerini göstərmir, lakin İran şahının fərman və hədiyyələrinin şəhər ətrafı yerlərdə bir qayda olaraq verildiyindən, məhz elə bu yerin Soğanlıq olduğunu zənn etmək olar.

Soğanlıq Tiflisin cənub-şərqində yerləşir və Kürün sağ sahilində calaları və düzənlikləri əhatə edir. Karvan yolu, Gəncə yolu bu kənddən keçirdi. Buna görə də bu yerdə çar II İraklinin başçılığı ilə 18-ci əsrin 60-cı illərində qala-qəsr tikilmişdi ki, bununla da Gəncə yoluna nəzarət olunurdu.

Soğanlıq indi də azərbaycanlıların məskunlaşdığı ən böyük kəndlərdən biridir.

                                                                                                              Mirzə Məmmədoğlu

 

 

მსგავსი