13 April 2017
  • 744 ნახვა

Aşıq Şenniyin seyrinə daldığı Qasımlı Səməd ağa

 

 XIX yüzillikdə Qasımlı elatında yaşamış və fəaliyyət göstərmiş, Borçalı mahalında və onun ətraf əyalətlərində öz ad-sanıyla böyük şöhrət qazanmış Səməd ağa öz xeyirxah əməlləri ilə, yoxsula, kasıba əl tutmaqla, onların hüquqlarını hər zaman müdafiə etməklə bütün el-obanın hörmət və ehtiramını qazanmışdır. Onun igidliyi, cəsurluğu, mərdliyi, kiçik yaşlarından ağsaqqalyana hərəkətləri dillərdə dastan olmuşdur. Səməd ağa haqqında onlarla şeirlər yazılmış, böyük saz-söz ustadı Şenlik baba aşıqların sinə boxçasını bəzəyən, onların repertuarından düşməyən “Borçalı Səməd bəy” adlı dastan yaratmışdır.

Borçalı Koroğlusu kimi tanınmış Qasımlı Səməd ağanı Aşıq Şenlik aslan görkəmli, paşa səltənətli, xan durumlu, zəhmi ağır igid kimi vəsf etməkdə tam haqlı idi. Səməd ağanın Sibirə getməyi, Alosman məmləkətinə talan salmağı, Calalı kürdünə qılınc çalmağı, İran ölkəsindən xərac almağı vəsf edilmişdir. Bu dastanda Səməd ağanın dostlarından Mehralı bəy Rüstəmi-Zala, Mahmudoğlu ətdən qalaya bənzədilir, İsmayılın krala boyun əymədiyi, Çavuşoğlunun yüz kazakı dağıtdığı xatırlanır.

Səməd ağa Daşdəmir oğlu Qasımov XIX yüzilliyin əvvəllərində Qasımlı elində dünyaya göz açmışdır. O, varlı ailədə böyüyüb ərsəyə çatmışdır. Çox erkən at minməyi, tüfəng atmağı öyrənir, heç kəsə boyun əyməyən bir ərən olur. Onun təmtəraqlı saraya bənzəyən ev-eşiyi, var-dövləti, el içində hörmət-izzəti, mahalda ad-sanı bütün ətraf əyalətlərə də yayılmışdı.

O, kəndin əsl ağası, kasıb insanlara xeyirxahlıq simvolu olaraq həmişə elin-obanın başı üstündə günəş kimi parlaq şölə saçmışdır.

Səməd ağanın qətlə yetirilməsinin bir neçə versiyası var. Qasımlı elinin müdrik ağsaqqalları Dilman Hüseynov, Aslan Aslanov, Alpaşa Nəbi oğlu, İmamaəli Əhmədov, Qiymət Hüseyn qızı və başqaları Səməd ağanın özünün baş çobanı Sülü Məhəmməd tərəfindən öz arvadı Zöhrəbanu xanımın göstərişilə, öz evində qətlə yetirildiyini söyləmişlər. Digər bir versiyaya görə, onu evinin I mərtəbəsində buxarının yanında olduğu vaxt qan düşmənləri pəncərədən atəş açmaqla qətlə yetirmişlər. Dəqiq olmayan məlumata görə, Səməd ağa XIX yüzilliyin sonlarında sui-qəsd nəticəsində qətlə yetirilmiş və Qasımlı kənd qəbristanlığında dəfn olunmuşdur. Onun qəbri üstündə böyük məqbərə düzəltmişlər. Çox təəssüflər olsun ki, baxımsızlıq ucundan məqbərə uçub dağılaraq bərbad hala düşmüşdür. Onun ikimərtəbəli imarəti öz yaxın qohumları tərəfindən  pay-bölüş olunmuşdur. Səməd ağanın yurdunda onun kötücəsi, indi iş adamı kimi fəaliyyət göstərən İsgəndər Paşa oğlu gözəl memarlıq üslubunda layiqli bir ev tikdirmişdir. Lakin buna baxmayaraq Səməd ağanın haqq dərgahına qovuşduğu məkana ögey münasibət nə qasımlılara, nə də Səməd ağanın qohumlarına rəvadır.

Səməd ağa öz əmisi qızı Zöhrəbanu ilə evlənmiş və onların Paşa adlı bir oğlu olmuşdur. Səməd ağanın yaxın qohumu Qasım ağa 47 il Türkiyədə mühacirətdə olmuşdur. O, 1928-ci ildə bolşeviklər Borçalıya daxil olanda bir qrup qohumu ilə Türkiyəyə qaçmışdır. Qasım ağa 1975-ci ildə qızı Minə xanımın dövlət səviyyəsində dəvəti ilə onun əri Kərimin kəndi Lecbəddinə gəlmişdir. Qasımlı qızı Minə xanımın söylədiyinə görə, qasımlılar onun atası Qasım ağanın görüşünə gələnə qədər o, çox tutqun olub, qaş-qabağı açılmayıb. Qasımlıdan onun görüşünə xeyli adam gəldikdən sonra Qasım ağanın qaş-qabağı açılır və olub keçənlər haqqında ətraflı söhbət etməyə başlayır.

Qasım ağanın söylədiyinə görə, Daşdəmir ağanın oğlanları, başda Səməd ağa olmaqla, rus çarının Şərqdə Qırğız xan ilə apardığı müharibədə iştirak ediblər. Həmin döyüşlərdə Daşdəmir ağanın oğlu Səməd ağa böyük igidlik göstərərək Qırğız xanla döyüşə gedir və onun başına xəncərlə zərbə endirir. Sonrakı döyüşlərdə Səməd ağa Qırğız xanın başını kəsib heybədə komandirinə gətirir. Bu münasibətlə çar onu Peterburqa çağırır və ona general rütbəsi verir.

Bu dövrdə Səməd ağa öz arvadı Zöhrəbanu xanımdan ayrılır. O, Pəmbək Saralından Fatma adlı əri ölmüş xan arvadı ilə evlənir.

Bizə məlum olmayan səbəblərə görə, Səməd ağa öz silahdaşları Kor İsmayıl, Mehralı bəy, Mahmudoğlu və daha bir neçə nəfərlə Türkiyəyə getməli olurlar. Onlar burada Şamdra deyilən mahalda Dursun bəyin evində məskunlaşırlar. Bir müddət burada qalan Səməd ağanın dəstəsi burada yaşayan Calalı Kürdünün varını-yoxunu talayıb kasıb və yoxsullara paylayır.

O, burada Çıldırın Suxara kəndindən olan məşhur Aşıq Şenliklə tanış olur və dostlaşır. Bütün dəstə ilə tanış olan Aşıq Şenlik Səməd ağanın dəstəsi buradan çıxandan sonra onun dəstəsini tutmağa gələn Qazı əfəndiyə Səməd bəy və onun dəstəsini ətraflı tərifləyir:

 

Səməd bəy, İsmayıl seyrinə vardım,
Bu diyarı gəzə-gəzə, əfəndim.
Səməd bəy namında bir vəzir gördüm,
Vəsfini qaldırdım saza, əfəndim.

 

Mahmudoğlu deyilən bir ətdən qala,
Mehralı bənzəyir Rüstəmi-Zala.
İsmayıl baş əyməz yeddi krala,
Nə düşübsən belə bəhsə, əfəndim.

 

Doqquz bəndlik bu tərifnamədə Səməd bəy dəstəsinin hər bir üzvünün adı çəkilir, hər tərəfli təriflənir.

...Aradan bir müddət keçir, Aşıq Şenlik Borçalıya gələsi olur. Onun məqsədi dostu Səməd ağa ilə görüşmək idi. Çox əziyyətdən sonra gəlib İmir-Həsənliyə çıxır. Kor İsmayılla görüşür, üç gün burada qaldıqdan sonra Qasımlı kəndinə Səməd ağanın ziyarətinə gəlir. Yolda onları Şülöyürün qoruqçuları çox incidir. Bir təhər gəlib Qasımlıda Səməd ağa ilə görüşürlər. Bu görüş Aşıq Şenliyə bərk təsir edir. O, Səməd ağanı görəndə dözə bilmir:

 

Dilbilməz yağının cənginə düşdük,
Bizi daşdan-daşa çaldılar, bəyim.
Arif məclisindən ənam alardım,
Onu da əlimdən aldılar, bəyim.

 

Dedim Səməd bəydi sərdarın özü,
Deyərəm eşidər, öldürər sizi,
Nə qədər yalvardım saymadı bizi,
Bizi də yalançı saydılar, bəyim.

 

Sənsən bu Şenliyin bil havadarı,

Sizinçin gəlirdim bu yana sarı,
Viranə Şülöyrün qoruqçuları
Atımı, heybəmi aldılar, bəyim.

 

Səməd ağa işdən halı olub onların atlarını da, heybələrini də gətizdirib özlərinə qaytarır.

Səməd ağa aşığa böyük hörmət edir, bir həftə qonaq saxlayır, bələdçisi ilə bərabər hərəsinə bir dəst paltar tikdirir və bütün mahalın aşıqlarını yığıb burada böyük bir məclis düzəldir. Aşığa çoxlu ənam verirlər və hərəsinə Qazağın Dilboz atından birini hədiyyə edib yola salırlar. Borçalıdan böyük təəssüratla qayıdan Aşıq Şenlik sonralar “Borçalı Səməd bəy” adlı bir dastan yaratmışdır.

O dövrü görmüş yaşlı adamların özlərindən sonrakı nəslin nümayəndələrinə söylədiklərinə görə Səməd ağa özünün ikimərtəbəli evini qum və əhənglə tikdirib və həmin məhlula su əvəzinə yaylağa gedən qoyun sürülərini sağdırıb, südü  əhəng və quma qatıb evi hördürmüşdür. Ona görə də indiyə qədər həmin binada bir çat belə əmələ gəlməyib.

Təxminən 1860-cı ildə Səməd ağa yenidən Peterburqa, çarın yanına gedir. Geri qayıdanda öz əziz silahdaşı Kor İsmayılın kazaklar tərəfindən vurulduğunu eşidir, ona 40 gün yas saxlayıb ehsan verdirir. Aşıq Şenlik ikinci dəfə Borçalıya gəlir, ancaq Səməd ağa qətlə yetirildiyindən onunla görüşə bilmir. Gedib qəbrinin üstündə göz yaşları içində deyir: 

 

Ay ariflər, gəlin sizə söyləyim,

Səməd bəy namında hökmü-xan getdi.
Qazaxnan Şəmşəddin, küllü Borçalı,
İyidlər içindən belə can getdi.

 

Şenlik mədh eyləyib saldı dastana,
Ya
raşar hər zaman zəhmətim ona.
Rüstəm tək səs saldı küllü cahana,
Heyif, əlimizdən qəhrəman getdi.
..

მსგავსი