30 November -0001
  • 418 ნახვა

Borçalı butası Səadət Buta

Səadət Ömər qızı Abdullayeva 1951-ci ildə Dmanisi rayonunun Qızılkilsə kəndində müəllim ailəsində dünyaya gəlmişdir. Ailədə 9 uşaq olublar. Atası Ömər bayatıları ilə Gürcüstanda Azərbaycan dilli mətbuatda çıxış edərdi, anası isə evdar qadın idi.

Səadət Buta 1968-ci ildə orta məktəbi əla qiymətlərlə bitirib. Ailə qurduğuna görə təhsilini davam etdirə bilməyib. Həyat yoldaşını çox erkən itirib. Kənd sovetində mühasib işləyib. İşlədiyi müddət ərzində rayon deputatı seçilib. Bütün çətinliklərə baxmayaraq yaradıcılıqdan kənarda qalmamışdır. Şeirə olan marağı lap erkən vaxtlarından oyanıb. İlk şeiri 1966-cı ildə “Trialeti” qəzetində çap olunmuşdur. Sonralar “Sovet Gürcüstanı” qəzetində, Azərbaycan mətbuatında şeirləri çap olunmuşdur. Tbilisidə nəşr olunan “Çeşmə” və “Dan ulduzu” almanaxlarında  şeirlərinə geniş yer verilmişdir. 1985-ci ildə Əzizə Cəfərzadə “Azərbaycan qadını” juranlında “Şeir Butası” adlı məqalə ilə çıxış etmişdir. 1984-cü ildə “Aşıq Pəri” məclisinin yaradıcılarından biri olub.

Səadət Buta 2000-ci il ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2001-ci ildə Gürcüstan prezidenti tərəfindən “Şərəf” medalına layiq görülmüşdür. 2006-cı ildə xeyirxah bir Vətən oğlunun təşəbbüsü ilə Həcc ziyarətində olub. 10 şeir kitabının müəllifidir.  Müharibə illərində dəfələrlə əsgərlərlə görüşdə olub. Azərbaycanda, Göyçədə, Gürcüstanda, Türkiyənin bir neçə şəhərində, Cənubi Azərbaycanda ədəbi məclislərin iştirakçısı olub.

 “Dağlar məni çağırır” adlı ilk kitabı 1997-ci ildə çap olunmuşudr. 1999-cu ildə Türkiyənin Ərzurum şəhərində, Atatürk Universiteti, Kazım Karabekir eyitim fakültəsinin türkcə eyitim bölümündə Əli Qafqasiyalının rəhbərliyi ilə Bülənt Altunal Səadət Buta yaradıcılığına diplom işi həsr etmiş, onun “Dağlar məni çağırır” şeirlər kitabını çap  etdirmişdir. Onun yaradıcılığına gürcü ədəbiyyatşünasları da diqqət göstərmişdir. Belə ki, “Dmanisi” adlı poeması Gürcüstandakı Azərbaycan orta ümumtəhsil məktəblərinin X-XI  siniflərinin dərslik kitabına salınmışdır. Gürcüstan barədə, Tiflis barədə, dostluq, qardaşlıq barədə xeyli şeir yazmışdır. İndi onun 9 aprelə həsr olunmuş şeirini veririk.

 

SONUNCU QƏMİN OLSUN

 

Əzizim bürcü ağlar,

Qar yağıb bürcü ağlar.

Qafqazda boran qopub

Azəri-gürcü ağlar

 

Ulu Qafqaz,

Dolu Qafqaz,

Aydan arı,

Saf sulardan duru, Qafqaz.

Gözlərimin nuru, Qafqaz.

Bu nə dövr,

Nə zamana?

Qəsd edir insan insana

Yıxılan kim,

Qalxan kim?

Qorxudan kim,

Qorxan kim?

Bilinmədi, biləmmədik,

Fitnə feli,

Görünmədi, görəmmədik.

Qəm sinədə yığın-yığın.

Dərd ürəkdə düyün-düyün.

Sözüm çoxdur, amma neylim,

Dilim gəlmir,

Necə deyim!

Düşdün yaman qınaqlara.

Neçə-neçə sınaqlara.

Başdan aşıb dərdi-sərin.

Kədərlidir şəhərlərin.

9 aprel-torpağın qan.

20 yanvar-qoptu boran.

Ağla sığmır nağılların.

Vətən, azadlıq deyərək,

Şahid oldu oğulların.

Qan topuqdan vurdu dizə.

Haqsızlığa dözə-dözə,

Sinə gərdin hər gərdişə

Amma,

Düşmədin təşvişə.

Səndə qüdrət, səndə dözüm.

Gələcəyə inamına,

Heyran olub şeirim, sözüm.

Silkin, çıx bu qəm qüssədən.

Kefin olsun,

Dəmin olsun, gürcü qardaş.

9 aprel, qoy sonuncu

Qəmin olsun, gürcü qardaş!

 Hörmətlə: Mirzə Məmmədoğlu

 

 

                                                                                                            

მსგავსი