06 April 2017
  • 372 ნახვა

Qədim Tiflisin qədim cizgiləri – Çayxana

 Qədim Şeytanbazarda bir neçə çayxana olub. Yeddi uşaq Məhəmmədəlinin (onu yeddi övladı olduğuna görə belə çağırırdılar), Cühüd İsmayılın, Qara Xəlilin, qumarbaz Allahverdinin, aşpaz Ağabalanın, Seyidin, Əlizadənin və başqalarının çayxanaları olub. Bundan başqa bəzi karvansaralarda, o cümlədən iranlı Sadığın karvansarasında çayxana olub. Sadığın karvansarası Gəncə qapısının üst tərəfində, indiki Axundov küçəsinin yaxınlığında yerləşirmiş.

     Bu çayxanalarda çayçılar pürrəngi çay verər, bufetdə isə şirniyyat: halva, xuşkəbər, səbzə, ləbləbi, qaysı, xurma, şəkərbura, paxlava, şəkərçörəyi, myanpur, qoz-badam ləpəsi olardı.

     Gürcüstanın xalq artisti, adı Tiflis Dövlət Azərbaycan  Dram Teatrı ilə sıx bağlı olan İbrahim İsfahanlı öz xatirələrində yazır:«...Şeytanbazarda Azərbaycandan gələn aşıqlar çayxanalarda oxuyub-çalmaları ilə, öz dövrlərinə uyğun dastanları nağıl etməklə,  xalqımızın bir hissəsini, söz yox ki, ən zəhmətkeş hissəsini özlərinə cəlb edirdilər. Bu aşıqlar çox zaman Ramazan ayında gəlirdilər. Bunlardan başqa, çox qədimdən Türkiyədən Tiflisə gəlmiş Yaqub Şükri əfəndinin Kürün kənarında böyük bir çayxanası var idi. Türkiyənin ən məşhur Qaragöz oyununu nümayiş etdirən Bəkir əfəndi Həqqizadə qış gecələrində saat 7-dən başlayaraq fasilə ilə ta 12-yə qədər Qaragöz tamaşalarını verirdi. Bu tamaşalar varyete şəklində olub əsərlərin çox hissəsi həcv kimi ifa edilirdi... Mənim özümü də bu tamaşalara əmim çox aparmışdı». 

                                                                                                                                Mirzə Məmmədoğlu

მსგავსი