04 April 2017
  • 429 ნახვა

Çianurçalan Levan Qaraxan:Əbdülbaqi fenomen xanəndə olub.

Di, Əbdül, gəl görək, neyləyirsən!

Qədim Tiflisin  xanəndələrindən biri olan Əbdülbaqi barədə bundan öncə məlumat vermişdik. Gülhüseyn Kazımlı və Vasif Quliyevin  “Bülbülcan” kitabının gürcü dilinə tərcüməsini artıq başa çatdırmaq üzrəyəm.  Axtarışlarım nəticəsində Əbdülbaqi barədə bu kitabda olmayan yeni məlumatları üzərə çıxartmışam. Onun təkrar nəşrində bunlar öz əksini tapacaq. Həmin məlumatları sizin nəzərinizə çatdırıram.

** *  

 O dövrün tanınmış çianurçalanı Levan Qaraxan belə xatırlayır:”Əbdülbaqi fenomen  xanəndə olub. Onun dəstəsi 1902-ci ildə hər bazar günü “Aristrokrat” klubunda  müqavilə əsasında çalıb oxuyurdu. Mən də bu dəstədə  bir nağarçı kimi iştirak edirdim. Bazar günlərinin birində Georgi Amilaxvarinin (Əsilzadə nəslinə mənsub-M.M)  klubda hansısa əcnəbinin şərəfinə ziyafət təşkil etmişdi. O, Əbdülbaqiyə müraciət edərək: Di, Əbdül, gəl görək, neyləyirsən!”-dedi. Əbdülbaqi öz vəzifəsinin öhdəsində layiqincə gəldi. “Cahargah” muğamının  üçüncü hiissəsi olan Hisarı ifa edərkən üç dəqiqə yarım  ərzində  nəfəsini dərməmiş, yeddi dəfə  səsinin avazını dəyişərək həmin hissəni guşədən guşəyə keçərək başa vurmuşdur. Halbuki, onun xüsusu vokal  təhsili yox idi və nəfəsini saxlayan zaman diafraqmadan istifadə olunması barədə heç nə bilmirdi”.

Levan Qaraxan başqa  bir yerdə qeyd edir: “Təxminən 1904-cü ildə böyük knyaz Mixail Nikolayeviç Romanov Tiflisə təşrif buyuran  zaman şəhər idarəsi Verada “Edem” bağ-restoranında onun şərəfinə ziyafət təşkil edir. Ziyafətə  Əbdülbaqi öz dəstəsi ilə dəvət olunur. Özünün sevimli muğamını- “Çahargah” təsnifini oxuyur. Muğamın  üçüncü hissəsini- “Hisar- müxalif”i ifa edərkən orada olanların hamısını heyran edir, təəccüblənən knyaz Abdulbaqiyə, onun ağzında heç bir alətin olmamasına əmin olması üçün    ağzını açmağı və təkrar oxumasını buyurur.  Böyük knyazın təəccübündən həvəsə gələn xanəndə təkrar olaraq  elə gözəl oxuyur ki, onun ifasına məftun olan böyük knyaz  ayağa qalxır, barmağından bahalı üç karatlıq briliant qaşlı  qızıl üzüyü  öz əli ilə xanəndənin sol əlinin çeçələ barmağına taxır. Həm də elə həmin an onu müşaiyət edənlərə iki dəstə on tümənlik əskinazı gətirməyi əmr edir. Knyazın əmri dönmədən yerinə yetirilir:Dərzi gətirirlər ki, bu da kibrit dənələri ilə “Çuxa” tikir və  onu xanəndənin əyninə geyindirirlər. “Çuxa” 20-25 dəqiqə ərzində Əbdulbaqinin  əynində olub, sonra isə onu sökərək  Bağdad yaylığına büküb xanəndəyə verirlər. Qiymətli üzüyə gəldikdə, onu Əbdülbaqi ömrünün axırına kimi barmağında gəzdirib, sonra isə Bakı muzeylərindən birinə təhvil vermişdir ki, bu günə kimi  də qorunub saxlanılır”.

İran ordusunun generalı, diplomat, ictimai-siyasi xadim, əslən türk olan  Mirzə Rza  xan İrəvaninin memuralarına uyğun olaraq  «Almaz sarayı»nın (müasirləri onu belə adlandırırdılar)   rəsmi  açılışı  Nəsrəddin  şahın anadan olması gününə, yəni  iyulun 16-a salınıb və 1892-ci ildə  yeni açılmış konsulluqda  möhtəşəm  bayram  keçirilib.  Baş konsulun əmri ilə   bayramda qonaqların  şərabı  birbaş hovuzdən  doldurması üçün, mərmər hovuzun şəlaləsini elə təşkil etmişdilər ki, oradan su əvəzinə  Kaxetinin qırmızı şərabı  axırdı. Bunun üçün hovuzun  hər dörd tərəfində  akasiya  gülləri formasında  ağac tayaları bərkitmişdilər ki, buraya da  dörd minə qədər  şüşə şərab  yerləşirdi. Qovzə kauçuk borular ilə  şəlalənin  borusuna birləşdirilmişdi. Kranı açan kimi  hovuz şərabla dolurdu. Axar suyu və çəməni olan bu bağça sanki Cənnət bağını xatırladırdı.Hovuzun  həndəvərindəki  həyət, ağacların  dibi və tayalar müxtəlif rəngli  güllər ilə bəzədilmişdi.  Yuxarıdan yüzlərlə  çin və yapon fənərləri asılmışdı ki, onlar da hovuzu və onda  qırmız rəngə salan şərabı işıqlandırırdı. Mtatsmindada  konsulluq ilə  üzbəüz  tərəfdə atəşfəşanlıq  təkşil edilmişdi ki,  bu da bayrama rövnəqlik, parlaqlıq  əlavə edirdi.  Otaqlar və  həyət  yerli  əyan qadın və kişilər ilə,  eləcə də  Tiflisdə yaşayan  iranlılar ilə dolu idi.   Hovruzun  hər tərəfində  əllərində  gümüş piyalə ilə  duran  ofisiantlar qonaqları  şəraba qonaq edirdilər.   Axşamda  baş komandanın hərbi orkestri və   Qədim Tiflisinin tanınmış xanəndəlrindən biri, azərbacanlı  musiqiçisi  Əbdülbaqinin (Bülbülağanın) dəstəsi  mahnılar ifa  edirdi. Bu füsunkar mənzərəyə heyran olan  Tiflis qubernatoru  Giorgi  Şervaşidze Mirzə Rza xana deyib: «Bu axşam məni müsəlmana çevirdiniz...  Sizin peyğəmbərinizin ayələrdə cənnəti təsvirini oxumuşdum, lakin  onun varlığına inanmırdım, bu axşam isə  əmin oldum ki,  Məhəmmədin vəd etdiyi cənnət doğrudan da mövcuddur və o  burdakı mənzərənin  eynisidir».

 Beləliklə, Əbdülbaqi də daxil olmaqla  qədim Tiflisin qədim cizgilərinə  baş vuraraq  onlara aydınlıq gətirməklə bir çox Azərbaycan xanəndələri  barədə yeni-yeni məlumatların üzərə çıxarılmasına  ümid bəsləməklə bu sahədə axtarışlarımı yenə də  davam etdirməkdəyəm.

                                                                                          Mirzə Məmmədoğlu

 

მსგავსი