03 April 2017
  • 305 ნახვა

II İrakliyə yaxın olan soydaşılarımızdan biri də Allahverdi bəy Sadıq oğludur

II İrakliyə yaxın olan soydaşılarımızdan biri də Borçalı Sadıq bəyin övladlarından biri olan Allahverdidir.  İakob Qoqebaşvili Aspindza döyüşündən söz açaraq yazır: “İlk dəfə  İrəvan  müharibəsində  bizim şanlı  çarımız üç yüz  nəfərlə  on səkkiz  min nəfərlik iranlılara qarşı mübarizə aparmış, öz əli ilə onların ən yaxşı sərkərdələrindən birini öldürmüş, düşmənin canına  vəlvələ salmış, onu məğlub etmiş, çoxlu top-tüfəngi yerə saldırmış, xeyli qənimət ələ keçirmiş, düşmən başı alovlu qaçmağa məcbur olmuşdur”. Həmin döyüşlərdə  çox gənc olan Allahverdi çar İrakli ilə birlikdə Azad xana qarşı mətinliklə mübarizə aparmışdır. Salnaməçi yazır: “Allahverdi bir an belə çar İraklidən aralı düşmürdü, fədakarcasına vuruşurdu” (“Saliteraturi nadzili”, 1832-ci il, №4).    

II İrakli Azərbaycan və İran iqtidarları ilə söhbət aparmaq üçün həmişə Sadıq bəy Yadigar oğlunun köməyindən istifadə edirdi ki, bu da Allahverdinin atası idi.

Abbasqulu Ağa Bakıxanov “Gülüstani-İrəm” əsərində Sadıq bəy Yadigarov barəsində yazır: “Axırda bütün istiqlal və ehtişam vəsaitinə malik olan Fətəli xan, Azərbaycanla və bəlkə də İranla bağlı bütün işlərinin intizama qoymaq xəyalilə Gürcüstan valisi İrakli xanla görüşüb məsləhətləşmək qərarına gəldi. İrakli xan da öz dudmanlarından Sadıq bəy Yadigar oğlunu səfir sifəti ilə Fətəli xanın yanına göndərdi. O, qədim gürcü valiləri nəslindən yadigar qalıb, doqquzuncu babası, İranın qüvvətli padşahları dövründə müsəlman olmuşdu. Onun oğul və nəvələri indi də Tiflisdə yaşamaqdadırlar. Səfir Sadıq bəy Nuxada hüzuruna gəlib, hədsiz lütf və mərhəmətə nail oldu”. (Qarabağnamələr. 2-ci kitab. Bakı, 1991, səh. 374.).

Knyaz Aleksandr Orbelianinin ruslara qarşı 1832-ci ilin sui-qəsd işində Allahverdinin də əli var imiş. Molla Zaman ilə birlikdə ona Həsənxocalı kəndinin əhalisini gətirmək tapşırılmışdı. Hər şey “ayırd edildikdən” sonra Allahverdi sui-qəsdin hazırlanmasında iştirakı təsdiq olunmayan sui-qəsdçilər kateqoriyasına  daxil  edildi. Bəraət qazanan Allahverdi ahıl çağlarında öz əcəli ilə vəfat etmişdir.

Rus tarixçisi S. Kişmişevdə belə məlumatlar var ki, İrakli təcili olaraq Tiflis vətəndaşlarından ibarət 1500 nəfər döyüşçü toplamışdır. Şahzadə Teymuraz da bu barədə yazır: “Tiflis sakinlərindən  igid və qoçaq olanlar seçildi”. Məlumdur ki,  o vaxtlar Tiflisdə  xeyli  azərbaycanlı yaşayırdı.  Və onların arasında azərbaycanlıların olduğunu inamla deyə bilərik.

S. Kakabadze şahzadə  Teymuraza istinad edərək hücumdan əvvəl sentyabrın 10-a olan məlumata görə Kartli-Kaxet qoşununun sayını belə göstərir: “Çarın mühafizəçiləri (daimi qoşun) – 600 nəfər, Zəkəriyyə Andronikaşvilinin başçılığı altında kənar kaxetlilər – 600 nəfər, 150 nəfər tatar (azərbaycanlı – M.M.), 300 nəfərdən artıq artilleriyaçı, təxminən 300 nəfər seçmə vətəndaş, xevsur və tuşinlər – təxminən 500 nəfər, sərdar Otar Amilaxvari və Muxran Batononun döyüşçüləri – təxminən 200 nəfər, cəmisi təxminən 2950 nəfər. Bütün bunların hamısı döyüş xəttində dururdular...”..

Sarqis Kakabadze “Krtsanis müharibəsi” kitabında daha sonra yazır: “İranlılar geri çəkilən gürcüləri təqib edirdilər və Seyidabadın daracaqlarının birində yandan yenə də İrakliyə  və onun  seçdiyi 150 nəfərlik  tatar ( azərbaycanlılar - M.M. ) təbəələrdən ibarət  seçmə qoşununun üstünə yeridilər. Bu sonuncular iranlıların hücumunu fədakarlıqla dəf edirdilər və onlara qarşı əks hücuma da keçdilər. Bu qanlı döyüşlərdə onların hamısı həlak oldu”. Göründüyü kimi, azərbaycanlılar dar gündə II İrakliyə sədaqətli çıxaraq vətən uğrunda canlarından keçmişlər.

Sarqis Kakabadze II İraklinin qızıl rəngli Qarabağ atına minib motal papağını gözünün üstünə basaraq döyüşçülərin müşayiəti ilə şəhərdən çıxmaq istədiyini, bu zaman bir azərbaycanlının ona kömək göstərdiyini qələmə alaraq yazır: “Bu zaman İrakli kiçik dəstəsi ilə  Kaxet tərəfə getmək üçün Maxata yola düşmüşdü. Lakin Ağa Məhəmməd şah Qacarın ordusunda olan bir nəfər azərbaycanlı xan onun yanına gizli olaraq adam göndərərək ismarlayır ki, şahın  çox böyük ordusu vardır, daha təhlükəsiz bir yerə getsin. Bu vacib bilgini alan İrakli Saquramoya doğru istiqamətini dəyişir, axşam ora çatır, oradan isə Mtuletə (Tianet– M.M.) yola düşür”. Bu şəxs məhz elə Allahverdi bəy olub. S. Kakabadze onun düşmən ilə fars dilində danışmasını nəzərə alaraq Ağa Məhəmməd Şah Qacarın düşərgəsində olduğunu zənn etmişdir. Ana tərəfdən II İraklinin nəvəsi, şahzadə Təklənin oğlu, ata tərəfdən yüksək kübar təbəqənin nümayəndəsi olan Aleksandr Orbeliani “Ağa Məhəməd şah Qacarın Tiflis şəhərinə hücumu” kitabında bu mənzərəni başqa cür qələmə alır:

“Çar İrakli Avlabar körpüsünün başına çatanda, şəhərin üst yanından keçərək Diğom yolu ilə getmək istəyir. Lakin yuxarıda deyildiyi kimi, Allahverdi bəy Yadigaraşvili ona üz tutaraq deyir:

- Mənim çarım, nə edirsiniz, körpüdən keçin və Avcala yolu ilə Saquramoya tərəf buyurun. Mən qızılbaşları burada qarşılayacağam və onları hansı yola tərəf yollamağımı bilirəm. Siz rahatca gedin (səh. 45).

Aleksandr Orbeliani başqa bir yerdə Allahverdinin II İraklinin xilas olması üçün fənd işlətdiyini belə qələmə alır: “İranlılar daxil olanda Allahverdi bəy atla onları qarşılayır. Ondan fars dilində soruşurlar:

- Sən kimsən?

O, fars dilini yaxşı bildiyindən onlara cavab verir:

- Mən Cavad xanın adamıyam.

- Əgər bilirsənsə, söylə, vali (çar) nə etdi?

- Bu tərəfə, şəhərə doğru getdi, - deyərək onların ağzını şəhərə doğru saldı. Onlar o tərəfə gedəndə, Allahverdi bəy atı mahmızlayaraq tezcə körpüyə tərəf yollandı və Maxat yaxınlığında İrakliyə çatdı” (səh.45).

Çar II İrakli tərəfindən Borçalı bəyi Sadıq Yadigarova və onun oğullarına 1797-ci ildə verilmiş fərmandan aydın  görürük ki, çar  II İrakli Duşetə gedəndə dar gündə onu məhz  azərbaycanlılar  müşayiət etmişdir. Bu barədə Aleksandr Orbeliani başqa bir yerdə Çariça Darecan araba ilə dağlara tərəf yollalanda yanında iki qadın və üç oğlan uşağı olan gözəl bir qadının ona yaxınlaşdığını belə qələmə alıb: “Mənim hökmdarım, çariçam, sizin köçdüyünüzü eşitdim. Mən sizdən necə əl çəkə bilərəm. Mən də sizinlə gedəcəyəm.

Çariça həmin andaca onu səsindən tanıdı və dedi:

- Nabatxanım, sənsənmi, mənim əzizim, Nabatxanım. Gəl birlikdə olaq və çətinliyə birgə qatlaşaq. Həmin anlarda ondan bir daha uzaqlaşmamışdır. Bu qadın Allahverdi bəy Yadigaraşvilinin arvadı, qalalı, ən yaxşı tatar ( azərbaycanlı- M. M.) ailəsindən olan qadın idi. Sonra çariça ondan soruşdu:

- Mənim əzizim, Nabatxanım. Sənin ərin Allahverdi hardadır?

- Mənim ərim və bizim tayfanın bütün kişilərinin hamısı çar İrakli ilə birlikdə Soğanlıq düzündə vətən uğrunda öz qanlarını tökürlər” (səh.35).  

Sonralar çarın imzaladığı Fərmanda bu sözlər yazılmışdı:

“Bizim əcdadlarımız Sınıq körpünü sizə bağışlamışdır. Bu barədə sizə babamız Nazarali xanın (I İraklinin), çariça Annanın, əmimiz İmamqulu xanın (II Davidin - M. M.) və atamız çar Teymurazın da fərmanları olmuşdur. Ağa Məhəmməd Şah Qacar Tiflisi yandırıb darmadağın edəndə sən bizim yanımızda olubsan və imkan daxilində bizə köməkliklər göstəribsən. Sənin oğulların Ağacan və Allahverdi isə Araqviyə gedəndə bizi müşayiət ediblər, can-başla bizə  xidmət göstəriblər. Tiflisin darmadağın edilməsi zamanı sən çox şey itirdin, elə həmin vaxtlar sözügedən fərmanları da itirdin. Bizə sədaqətliliyinə və səmimi qəlbdən xidmət etdiyinə görə onların qüvvəsini yenidən bərpa edirik və Sınıq körpü torpaqlarını sənin öhdənə veririk”.

Gətirilən bu sitatı şərh etməyə ehtiyac yoxdur. Bu bir neçə kəlmə çox şeyi deyir. Belə igid oğullarımız, ismətli qadınlarımız ilə fəxr etməliyik. Onların xatirəsi önündə həmişə baş əyməliyik. Və heç bir zaman yaddan çıxartmamalıyıq.

 

 

 

 

 

                                                                                              Mirzə Məmmədoğlu

 

მსგავსი