31 March 2017
  • 909 ნახვა

Şücaəti ilə bütün Gürcüstanda tanınan, igid Xudu Borçalı

Borçalı bəyi Sadıq Yadigarovun  soyundan olan, gürcü dilində yazıb-oxumağı öz ana dili kimi bilən Xudu Borçalı  və yaxud Xudad bəy də  İraklinin və onun oğlu şahzadə Aleksandrın yaxın və sadiq  dostlarından biri olmuşdur. Tarixi mənbələr göstərir ki, Xudu Borçalı Krtsanisi və Aspindza döyüşlərində fədakarlıqla vuruşmuşdur. II İraklinin nəvəsi Teymuraz Baqrationinin «Yeni tarix» kitabında Xudu Borçalı barəsində  belə yazılıb. “Gecə isə o (Çar İrakli-M.M.)  Eristavinin oğlu  Ağababanı, Muxran batononun oğlu Svimonu –Nasaxçıbaşını (Nasağ- ərəb-fars sözüdür, sağ olmayan mənasını verir. Günahkarın bədən üzvlərini kəsmək,  onu şikəst etmək cəzası. XVIII əsrin II yarısında  məhkəmənin qərar və hökmlərini həyata keçirən məmur-M.M.).  “Şücaəti ilə bütün Gürcüstanda tanınan, igid  Xudiya Borçalı”nı göndərdi və  Aspindza körpusünün uçurulmasını onlara həvalə etdi. Onlar çarın bütün əmrlərini yerinə yetirdilər»(Səh.53).

 “İrakli gəldi və Aspindza körpüsünün dirəklərini dağıtdırdı və Kürə tökdürdü” (Oman Xerxeulidze «Çar II İraklinin həyatı», Kartlis sxovreba, II 1854, səh. 491-492). Bu mənbədə bu igidlərin adları çəkilməyib.

«Gecə isə  (aprelin 19-da M.M) çar Eristavinin oğlu Ağababanı, Svimon Muxran batonunun oğlu nasaxçıbaşını və «Bütün Gürcüstanda şücaəti ilə tanınan igid Xudiya Borçalını göndərdi və Aspindza körpüsünün uçurulmasını onlara həvalə etdi və onlar  çarın bütün əmrlərini  yerinə yetirdilər. (Kaxeti həyatının nəticələri, Kartlis sxovreba, II, səh. 507)

Məhz elə bundan sonra bədii ədəbiyyatda bu faktdan istifadə edilməyə başlamışdır.  Bundan  ilk dəfə  Yakob Qoqebaşvili istifadə etmişdir. Yakob Qoqebaşvili “Aspindza döyüşü” kitabında Xudu bəyin Aspindza döyüşü zamanı  göstərdiyi  igidliklərdən söz açaraq yazır: “Asanca başa düşə bilərik ki,  korpü gürcülər tərəfindən dağıdılmışdı. Həqiqətən də belə idi. Elə başdanca İraklinin düşmən üzərində qələbə çalmağa tam ümidi var idi və düşmənin qaçdığı anda yolunu kəsmək istəyirdi. Buna görə də  ötən gecə üç seçmə igid bir neçə nəfər əsgər götürüb gizlicə körpüyə yaxınlaşmalı və onu dağıtmalı idi. Bu igidlər Ağababa Eristavi, Svimon Muxran batono və Xudu Borçalı idi. Onlar gecənin zülmət qaranlığında ustalıqla və sürətlə çarın əmrini elə  yerinə yetirdilər ki, düşmən  qətiyyən duyuq düşə bilmədi. Ertəsi gün də osmanlılar-ləzgilər üçün bu vəziyyət  səhərdən qızğın mübarizə başlandığından nəzərə çarpmamış qaldı. Körpünün dağıdılması işi  düşmən qoşununun son gücünü tükətdi, hürkmüş  və təşvişə düşmüş qoyun sürüsü kimi pərən- pərən oldu...”.

Bu yaxınlarda dünyasını dəyişmiş böyük tarixçi-alim Mixail Kurdiani həmişə azərbaycanlıların nəcib xüsusiyyətlərindən, ələlxüsus,  Xudu Borçalının fədakarlığından ağız dolusu danışardı.  O, verdiyi müsahibələrin birində Xudu Borçalı barəsində deyir: “Xudu Borçalı Gürcüstanın milli qəhrəmanıdır. Gürcü dövlətinin möhkəmlənməsində onun xidmətləri böyükdür. Gürcüstanda onun abidəsi qoyulmalıdır. Mən və mənim dostum Roman Topçişvili çoxdandır ki, cəhd göstəririk, əvvəlki və indiki hökumətlərə məktubla da müraciət etmişik ki, Borçalıda Xudunun abidəsi qoyulsun. Heç kimdən rədd cavabı almasaq da, abidə bu günə kimi qoyulmamışdır.  Gürcü xalqı özünün vətənə sədaqətli olan bütün oğullarını tanımalıdır”.

Mixail Kurdianinin yazdığına görə, çar İraklinin 400 nəfərdən ibarət mühafizəçisi var idi. Bunun da 200 nəfəri gürcü, 200 nəfəri isə idi Şahsevənlər İran Azərbaycanından gətirilən azərbaycanlı tayfalardan biridir. İcma üçün ən cəsarətli, gözəl, sağlam oğlan və qızları seçirdilər. Onlar tərəfindən yaradılan icma şahsevən, yəni şahısevənlər adlanırdı. (I şah Abbas (1587-1629) Azərbaycanın güclü tayfa başçılarının mərkəzi hakimiyyətə tabe olmamaq cəhdlərinin qarşısını almaq və mərkəzi hakimiyyəti gücləndirmək məqsədi ilə bəzi tayfaları (əfşar, qacar və s.) öz tərəfinə çəkərək “şahsevən” adlı xüsusi şah qvardiyası yaratmışdı. Səfəvilər dövlətinin əsas hərbi qüvvəsinə çevrilən şahsevənlər sonralar Azərbaycanın siyasi həyatında mühüm rol oynamışdır. Bu icmanın nümayəndələrini Gürcüstana da gətirirlər. Çar İrakliyə söz verirlər ki, onlar sədaqətli olacaq və onu mühafizə edəcəklər. Krtsanisi müharibəsində 200 nəfər şahsevən elə həlak oldu ki, çara heç bir xətər yetirilmədi. Onlar çara atılan gülləyə öz sinələrini gərirdilər, mərdliklə mübarizə aparırdılar və çara axıra kimi sədaqətli qaldılar. Gürcü şairi Lado Asatiani  “Aspindza” şeirində onun qəhrəmanlığından söhbət açır:

 

... Ədalı, cüssəli igidlər  uzanıblar yaşıl çəmənliyə,

Bəzisi şir ürəkli şirdir, bəzisi   iri pəncəli pələng.

Təkcə bir nəfər gəzir düşərgədə-  Bu güman ki,  İraklidir...

Ağababa və  Xudiya çar önünündə  ona diqqət kəsiliblər.

Görəsən çara nə lazımdır, qəlbindən nələr keçir?

- Əgər  bu gecə  Aspindza  körpüsünün dirəklərini mişarlamasaq,

Pis yığval  bizi gözləyirdavasız-savaşsız əziləcəyik.

Nəyə lazımdır onlara xilasedici, onsuz da  çoxdurlar.

Bu gecə  mişardan istifadə edəksabaha  qılınc diləyək.

Di, tərpənin, vətən bayrağı  sizi qorusun, övladlarım!

 Ağababa və Xudiya gölgə kimi gedirlər...

                                                                           (Sətri tərcümə)

“Aprelin 19-da düşmənin əsas qüvvələri ilə döyüş olmayıb( Грамоты, II, в, I, 29-30, Грамоты I, I,107) Gürcü salnaməçilərin verdiyi məlumata görə: “Yarısı ( düşmən qoşununun – M. M.) artıq Aspindza körpüsünə gəldilər və yarısı da o birisi gün gəlmək niyyətidə idi, ora   çar“gecə isə  Eritsavinin oğlu  Ağababanı, Muxran batononun oğlu Svimonu -Nasaxçibaşını,  “İgidliyi ilə bütün Gürcüstanda tanınan Xudiya Borçalı”nı göndərdi və  Aspindza körpusünün uçurulmasını onlara həvalə etdi. Onlar çarın bütün əmrlərini yerinə yetirdilər».( Kaxeti həyatının nəticələri. Gürcüstan həyatı, Z. Çaçanidzenin nəşri, 1913-cu il. səh. 286)

Geronti Kikodze özünün «II İrakli»monoqrafiyasında bu mövzuya toxunur:

«İrakli tezcə düşmənin  səhvindən istifadə etdi. O gecə Aspindza körpüsünə  Ağababa Eristavi, Svimon  Muxran batono və Xudiya Borçalının başçılığı ilə  kiçik  seçmə dəstə göndərdi. Bu dəstə gecənin  zülmət qaranlığında  gözlənilmədən  körpünün keşikçilərinə hücuma  keçərək onları  məhv etdilər, körpünün dirəklərini çıxarıb Kürə atdılar. O birisi gün  səhər tezdən gürcülər  Kürün sağ sahilinə çıxan  düşmən qoşununa qarşı  hücuma keçəndə  sağ sahildə  qalan  türk-ləzgi  hissələri  buna passiv  şəkildə  baxmağa məcbur oldular. Məğlub olan və qaçqın düşən türklər və ləzgilər körpüyə tərəf üz tutdular və onu  uçurulmuş halda gördükdə  vəlvələyə düşdülər və daşan Kürə tökülüşdülər. (Geronti  Kikodze,  II İrakli,  Tbilisi,  Nakaduli, 1983. səh. 107).

Aleksandr Orbeliani  xatirələrində Ağa Məhəmməd Şah Qacarın Gürcüstana hücumu zamanı Qazax-Borçalı ellərinin öz mal-qarası ilə Kartlidə sığınacaq tapmasını, müəyyən hissəsi Axalsixe paşalığıına  keçən Borçalı qarapapaqlarının şahzadə Aleksandrı Axalsixedə dövrəyə alaraq ona sədaqətlə xidmət edəcəklərini ifadə etmələrini, Xudu Borçalının onunla yaxşı münasibətdə olmasını, bəzi yerlərdə Xudu Borçalının sözünün ötkünlüyünü  xüsusilə qeyd edir.

Borçalıların  II İrakliyə yaxından  kömək etmələri  barədə «Kavkaz» qəzetinin 1906-cı il 27 yanvar tarixli sayındakı “Gürcülərlə müsəlmanlar arasındakı qarşılıqlı əlaqələr” adlı məqalədə də ürək dolusu söhbət açılır: “Ağa Məhəmməd şah Qacar Tiflisi mühasirəyə alarkən gürcü çarı İrakli amansız düşmənə qarşı səkkiz min qoşunla vuruşmağa məcbur olmuşdu. Gürcüstan uğrunda döyüşən cəsurlar arasında  qazaxlılır və borçalılar da var idi. Bu tatarlar (azərbaycanlılar- M. M.) Gürcüstan uğrunda sanki öz vətənləri uğrunda canlarını qurban verirdilər”.

 Marneuli şəhərində  küçələrdən biri Xudu Borçalının adını daşıyır.  Onu da qeyd etmək istəyirəm ki, Xudu Borçalı barəsində iri həçmli tarixi povestim nəşrə hazırdır.

                                                                                                                                    Mirzə Məmmədoğlu

 

მსგავსი