30 March 2017
  • 451 ნახვა

Qədim Tiflisin qədim cizgiləri- Bakı bağı

Bakı bağı – Bu bağın başqa adları da vardır: «Ğabaği» (Yarış meydanı), «Salağbo» (gap yeri, lağlağı yeri), «Böyük meydan», «Hərbi meydan», «Muzey bağı», «Aleksandr bağı», «Kommunarlar bağı». Hazırda  bu bağ 9 aprel bağı adlanır. Bağı yol iki hissəyə bölmüşdür. Bağın aşağı hissəsində köhnə vaxtlar yarış meydanı olub. Bu yarış meydanı Jozef Piton Turneforun 1701-ci il tarixli qravürasıda da əks olunmuşdur. Onu Vaxuşti Baqrationi də Tiflisin 1735-ci il planında göstərir. Bu yerdə XIX əsrin əvvəllərində də yarış meydanı olub (Tiflisin 1800-ci il planı bunu təsdiqləyir). Burada müxtəlif növ yarışlar keçirilirdi: at yarışı, dəvə yarışı, güləş, qoç döyüşü, xoruz döyüşü. Azərbaycanın uşaq dramaturgiyasının banisi, görkəmli maarif və mədəniyyət xadimi, uşaqlıq illərini Tiflisdə keçirən Abdulla Şaiq öz xatirələrində bu barədə yazır:«Tiflisdə xoruz və qoç döyüşdürmək, meydançalarda güləşmək kimi işlər düşgünü olanlar da var idi. Bir gün evdən çıxıb yoldaşım Hüseyn Minasazov ilə «Virana bağ»a oynamağa gedirdik. Yolda iki nəfər kişinin öz qoçlarının zəncirindən tutub, yanlarında bir dəstə adam ilə həmin bağa tərəf addımladıqlarını gördük. Bildik ki, qoçları döyüş­dürməyə aparırlar. Biz də onlara qoşulduq. Qoçların ikisi də ağ idi. Qoçbazlardan biri öz qoçunu yol uzunu tərifləyib deyirdi:

– Tiflisdə mənim qoçumun qabağına çıxan qoç olmayıb. Heydər ağanın qoçu ki, səsi Tiflisi tutmuşdu, onu mənim qoçum beşcə dəqiqədə qaçırtdı.

O biri qoçun sahibi sakit-sakit onu dinləyəndən sonra:

– İgidin gücü meydanda bilinər! – deyə cavab verdi.

Onlar qoçlarını «Virana bağ»a yox, onun aşağısındakı Qarpız meydanına gətirdilər. Ora çatıncaya qədər yolda adamlar çoxalmışdı. Qarpız meydanında böyük bir açıqlıq­da dayandıq. Hər iki kişi qoçların boynundakı nazik zəncirə bağlı qalın meşin xaltaları açıb, qoçların buynuzlarından yapışdılar; onları bir-birinə yaxın gətirib buraxdılar. Qoçlar əvvəlcə bir-birilə iyləşdi, sonra dəhşətli bir döyüş başlandı. Vuruş getdikcə qızışır, hər iki qoç geri çəkilir, sonra irəli cumub bir-birinin kəlləsinə «şaraq-şaraq» buynuz vururdu. Qoçların yiyələri: «ha, qoçum, ha» deyə-deyə elə bil onlara ürək-dirək verirdilər. Vuruşma uzun sürdü. Öyünən qoçbazın qoçu axıra yaxın bir-iki dəfə yediyi buynuzdan başını yana çevirib qaçmaq istədisə də, sahibinin: «ha qoçum, ha» – deyə bağırması ilə yenə döyüşməyə başladı. Lakin bu axırıncı həmlə ona kömək etmədi. Öz rəqibindən bir də ağır zərbə aldıqdan sonra meydandan qaçdı. Hamı qalib gələn qoçun sahibini alqışladı. O biri qoçbazın rəngi qaçmış, dərin hüzn və həyəcan içində durmuşdu. Çox çəkmədi ki, cibindən bir onluq çıxarıb, qalib gələn qoçun sahibinə verdi.

–  Al, bu sənin mərcin.

Qalib qoçun sahibi Qurban pulu almaq istəmədi. Rəqibi Baba zor ilə pulu onun ovcuna basdı.

Bu zaman Qurbanın qoçu yiyəsinə yaxınlaşıb əlini yaladı, başını onun ayaqlarına sürtdü. Baba acıqlı-acıqlı qoça baxdı, onun buynuzundan tutub dilləndi:

– Kim deyirdi ki, bu dinc, sakit görünən qoç mənim od-alov qoçumu qaçıra bilər?! – Sonra o, üzünü Qurbana tutub əlavə etdi: – Qurban, bu qoçu sat mənə.

– Yox, satmıram!

– Qoy bu adamlar qiymət qoysun. İki dəfə artıq verərəm. – Bu sözləri deyib Baba şəst ilə əlini cibinə saldı.

– Yox, Baba, satmıram.

– Bu qoçumu da üstəlik verirəm...

– Dedim ki, mən qoçumu satmıram.

Lakin qoç döyüşdürmək büsatı bununla bitmədi. Məğlub olan qoçbaz birdən qaçıb öz qoçunu tutdu. Onu yerə yıxdıqdan sonra cibindən bıçağı çıxarıb qoçun başını kəsmək istədi. Ətrafdakılar nə qədər ona mane olmaq istədilərsə də, hirsindən dodağını gəmirən kişi razı olmadı: «Adam içində mənim başımı yerə soxan qoç mənə lazım deyil!» – deyib qoçun başını kəsdi. Sonra üzünü adamlara tutdu:

– Götürün soyun, ətini aranızda bölüşdürün, mən belə namərd qoçun ətindən yemərəm! – Baba qoçun zəncirini oynada-oynada o biri qoça baxdı. Sonra necə oldusa onunla o biri qoçun sahibi arasında mübahisə başlandı. Mübahisə bir anda elə alovlandı ki, bu dəfə qoç sahibləri özləri döyüşə girişdilər...»

Gürcüstanın xalq artisti, adı Tiflis Dövlət Azərbaycan Dram Teatrı ilə sıx bağlı olan İbrahim İsfahanlı isə öz xatirələrində yazır:

«Cümə günləri adət üzrə Qarpız meydanında qoçbazlar öz qoçlarını mərcə mərc gəlib buynuzlaşdırırdılar. Bir tərəfdə xoruzları boğuşdururdular, digər tərəfdə ilanoynadanlar öz ilanlarını oynadırdılar. Meydançanın o biri guşəsində meymun oynadanlar öz nümayişlərini teatr şəklində elə təsvir edirdilər ki, guya bunlar xüsusi teatr «tamaşaları» verməkdə mütəxəssis bir «aktyor» idilər...»                                          

Qədim Tiflisə yaxşı bələd olan, onun vurğunu şair-akademik İosif Qrişaşvili qoç döyüşlərini belə təsvir edirdi:

«Yarışlardan ən çox yayılanı qoç döyüşü idi. Yarış həvəskarları erkək toğlunu evdə saxlayırdılar. Ona xüsusi qayğı göstərərək yaxşı bordayırdılar. Onu zəncirlə ba­ğlayırdılar ki, heç kimi vurmasın. Qoç döyüşü zamanı onu ar­pa ilə meyxoş edirdilər. Boğazına rən­gli muncuqlardan iba­rət boyunbağı asırdılar. Geriyə əyilmiş buynuzlarının uclarını ehmalca yonurdular. Qoç döyüşlərindən sonra hamı Kürün sahilindəki çarxlar yanında əylənib kef çəkirdi».

 

Ötən əsrin ortalarında burada hərbi meydança təşkil olunur. 1859-cu ildə isə yamacları əhatə etmiş bağ salınır. Tiflisin ilk ictimai bağı təntəli şəkildə 1865-ci ildə açılmışdır. Onun yuxarı hissəsi bir vaxtlar qəbristanlıq üçün istifadə olunub. XIX əsrin 50-ci illərində bu yeri canişin A. Baryatinski[1] alır. III Aleksandr buraya gələndə öz əli ilə bağda ağac basdırır. Odur ki, onun şərəfinə bağa Aleksandr adı verilir.

1885-ci ildə bağın ərazisində, Qolovin prospektində (hazırkı Rustaveli) indiki Rəsmlər qalereyası binası inşa olunur. Bu bina vaxtilə «Əyanlar məbədi»nin binası, daha sonra hərbi-tarixi muzeyin binası olub. 1903-cü ildə heykəltəraş F. Xodoroviçin layihəsi ilə bağda N. Qoqolun abidəsi qoyulur. 1924-cü ildə onu Muzey bağı adlandırırlar. Sonralar heykəltəraş N.Nikoladzenin yaratdığı Eqnate Ninoşvilinin büstü qoyulur.

Bu bağın layihəsini hazırlayan memar Otto Simonson olmuşdur. O, XIX əsrdə Tiflis memarlığında təsadüfi şəxs olmamışdır. Otto Simonson (1832-1914) Rusiyaya mühacirət edən bir isveçli ailənin varisidir. 1858-ci ildə Peterburq Bədaye Akademiyasının akademiki adına layiq görülüb. O, Tiflisdə 1858-1903-cü illərdə fəaliyyət gös­tərmişdir. Tiflisdə ümumiyyətlə, Qafqazda bir çox binanın layihəsini işləyib hazırlamışdır. Tiflisdə onun layihəsi əsasında inşa  olunan binalar arasında Canişin sarayı (indiki Yeniyetmələr) xüsusilə qeyd edilməlidir.

Sovet hakimiyyəti dövründə bağ Kommunarlar bağı adlandırılmışdır. Bağın Bakı bağı adlandırılması bizcə, Bakı kommunarları ilə əlaqəli ola bilər. Çünki tarixdə kommunarlar Bakı adı ilə də bağlıdır.

                                                                                            Mirzə Məmmədoğlu

 

 

 

 

 


 

მსგავსი