30 March 2017
  • 377 ნახვა

Görkəmli xanəndə Əbdülbaqi ömrünün 30 ilini Tiflisdə yaşamışdır

Daha çox Bülbülcan təxəllüsü ilə tanınan məşhur Azərbaycan xanəndəsi, mahir muğam ifaçısı Əbdülbaqi Əli oğlu Zülalov 1841-ci ildə Şuşada anadan olub. Azərbaycan vokal sənətinin görkəmli ustalarından olan bu bənzərsiz xanəndə ilk musiqi təhsilini Şuşada Xarrat Qulunun məktəbində almışdır. Burada təhsilini tamamladıqdan sonra o, ustad tarzən Sadıqcan ilə birlikdə Qarabağ, Gəncə, Şəki və s. bölgələrdə xanəndəlik etmişdir. Bundan başqa, o, musiqişünas Mahmud ağanın dəvəti ilə dəfələrlə Şamaxı şəhərinə getmiş, orada təşkil olunan musiqi müsabiqələrində həmişə birinci yeri tutmuşdur.

Əbdülbaqi 1875-ci ildən başlayaraq ömrünün 30 ilini Tiflisdə yaşamışdır. O, burada gürcü dilini öyrənərək Azərbaycan muğamlarını bu dildə də ifa edərdi və onu dinləyən tiflisliləri mükəmməl səsi, yaraşıqlı xarici görünüşü və artistik davranışı ilə heyran qoyardı. 

Rusiya imperatoru III Aleksandr 1888-ci ilin payızında öz ailəsi ilə birlikdə Tiflisə səyahət edən zaman şəhərin ən gözəl guşələrindən biri olan “Müctəhid bağı”nda onun şərəfinə təşkil olunmuş şənlikdə Bülbülcan da öz dəstəsi ilə iştirak edir. Çar və onun arvadı Bülbülcanın səsinə heyran olurlar və bundan sonrakı bütün Qafqaz səyahəti boyu Bülbülcan onların məclislərində iştirak edir. Qədim Tiflisə yaxşı bələd olan şair-akademik İosif Qrişaşvili bu şəhərdə yaşayıb-yaradan sazandələrdən yazarkən, digər ünlü xanəndələrlə birlikdə Bülbülcan təxəllüslü Əbdülbaqinin də adını xüsusi qeyd edir. O zamanlar Tiflisdə çıxan “Ziya” qəzeti Əbdülbaqinin və məşhur tarzən Sadıqcanın iştirakı ilə düzənlənən konsert tamaşaları barədə əvvəlcədən xəbərlər dərc edirdi. Əbdülbaqi öz musiqi dəstəsi ilə Tiflisdə yerli teatr həvəskarlarının göstərdiyi tamaşalarda da fasilə zamanı çıxış edərdi. O, öz musiqi dəstəsi ilə şəhərin “Müctəhid bağı”, “Avropa” və digər bağ-parklarında təşkil olunan xalq gəzintilərində, bal-maskaradlarında da dəfələrlə çıxış etmişdi. Əbdülbaqi hələ cavan yaşlarında ikən Qafqazı və İranı gəzərək, öz istedadı və müxtəlif dillərdə muğam ifa etmə məharəti ilə muğamsevərlər arasında məşhurluq qazanmışdı. 1900-cu ilin may ayında  İranın dövlət başçısı Müzəffərəddin şahın Tiflisə gəlməsi münasibəti ilə saray bağında təşkil edilən böyük məclisdə  Əbdülbaqinin məharətlə oxuması şahın xoşuna gəlir və şah bu böyük sənətkarı “Şiri-Xurşid” ordeni ilə təltif edir.

1920-ci ildə Bakıya köçən Əbdülbaqi burada yeni açılmış ali musiqi məktəblərində dərs demişdir. Belə ki, o, bir müddət “Qısa müddətli Şərq musiqisi kursları”nda (“Şərq konservatoriyası”) müəllimlik etdikdən sonra 1923-cü ildə muğamatdan dərs demək üçün Üzeyir Hacıbəyovun təşkil etdiyi Azərbaycan Dövlət Türk Musiqi Məktəbinə dəvət olunur.

Ustad xanəndənin sənəti bir çox məşhur musiqişünasların diqqətini cəlb etmişdir. Ü. Hacıbəyov məqalələrinin birində Qafqaz millətləri arasında tanınmış və beynəlmiləl truppa düzəltmiş musiqiçilər içərisində Əbdülbaqinin adını çəkərək yazmışdır: “...tarzən sadıqların, xanəndə əbdülbaqilərin adları və sədaları Qafqazın hər yerində məşhur olub beynəlmiləl bir mahiyyətdə ad qazanmışlar”. Əbdülbaqinin bir çox layiqli və istedadlı davamçısı olmuşdur. Cabbar Qaryağdıoğlu, Məmməd Fərzəliyev, Şəkili Ələsgər, Vahab bəy, Molla Abbas, Seyid Şuşinski kimi böyük xanəndələr ondan çox şey öyrənmişlər. Zülalovlar ailəsinin Azərbaycan incəsənəti tarixində “istedadlar ailəsi” kimi tanınması da təsadüfi deyildir. Əbdülbaqinin qızı, nəvəsi və qardaşı uşaqları: Əzizə xanım, Sona xanım, Əli və Qəmbər öz gözəl səsləri ilə Bülbülcanın nəcib ənənəlirini layiqincə davam etdirmişlər.

Əbdülbaqinin 70 illik xanəndəlik fəaliyyətini və Azərbaycan musiqisinin inkişafı tarixindəki xidmətlərini nəzərə alaraq ona “Əmək qəhrəmanı” kimi yüksək ad verilmiş və şəxsi təqaüd təyin edilmişdi.

Adı və ifası barədə saysız əfsanələr dolaşan bu böyük sənətkar 1927-ci ilin avqust ayında 86 yaşında vəfat etmiş və Bakıda dəfn olunmuşdur.

Mirzə Məmmədoğlu

     

მსგავსი