29 March 2017
  • 334 ნახვა

Tbilisinin, o dövrkü Sovet İttifaqının caz şəhərinin cemseyşeni Vaqif Mustafazadə

Böyük Azərbaycan musiqiçisi, pianoçusu və bəstəkar, Azərbaycan caz musiqisinin banisi və yeni caz üslubunun yaradıcısı Vaqif  Əziz oğlu Mustafazadə 1940-cı il martın 16-da Bakı şəhərində anadan olmuşdur. Atası erkən vəfat etdiyindən onun təlim-tərbiyəsi ilə ixtisasca pianoçu, musiqi müəllimi olan anası məşğul olmuşdur. V. Mustafazadə uşaqlıq vaxtlarından klassik fortepiano, milli musiqi və cazla məşğul olur ki, bu da sonralar onun musiqi  maraqları sahəsini müəyyən edir.

Vaqif Mustafazadə öncə Asəf Zeynallı adına musiqi məktəbində təhsil alır, 1963-cü ildə oranı bitirəndən sonra Bakı Musiqi Akademiyasına daxil olur. İlk məşhurluq da elə bu zaman gəlir. Vaqif burada kiçik konsertlər verir, klublarda çıxış edir. O, əsasən klassik caza, bluza və oynaq mahnılara üstünlük verir.  İntensiv piano təcrübəsi keçir və nəhayət,  25 yaşında təkcə doğma Bakıda deyil, eləcə də Tbilisidə çıxış edir. 1965-ci ildə o, həmin vaxtlar populyar olan “Orera” ansamblında fəaliyyət göstərmişdir. Sonra Gürcüstan Dövlət Filarmoniyasında  “Qafqaz” caz üçlüyünü yaradaraq konstrabasçı Geno Nadiraşvili və dəfçi Feliks Şabsi ilə birlikdə çıxış etmişdir.

1971-ci ildə “Leyli” vokal kvartetini yaradan V. Mustafazadə 1971-ci ildən 1977-ci ilədək “Sevil” vokal-instrumental qrupuna başçılıq edir. 

“Qafqaz” triosunun tərkibində “Tallin-66” caz festivalında onun uğurlu debütü olmuşdur və onun buradakı çıxışı bakılı Rafiq Babayevin diqqətini cəlb etmişdir. Onlar birgə yaradıcılıq sayəsində  şərq üslubunda cazın yaradılmasını qərara alırlar.

Bakıda keçirilən “Caz-69”  festivalında o, özünün “76” kompozisiyasını ifa etmiş və əsərin kulminasiya nöqtəsində “Bayatı-Şiraz”ı səsləndirmişdir. Çıxışdan sonra ürək çatışmazlığından  əziyyət çəkən Vaqifi təcili olaraq onun çoxsaylı qohum və dostlarının toplaşdığı evə aparırlar. Haldan düşməsinə baxmayaraq Vaqif anasından onun üçün  “Bayatı-Şiraz”ı ifa etməyi xahiş edir və həmin gün yeni musiqi janrı olan “Caz muğamı”  yaranır. O, Azərbaycan musiqisinin klassik amerikan caz musiqisi ilə sintezini yaradaraq, Azərbaycan muğam-caz hərəkatının memarı olur.

1976-cı ildə Vaqifin “Caz kompozisiyaları” adlı valı  buraxılır. Bu, o dövrkü  Sovetlər İttifaqında ilk val-qiqant idi. Burada caz pianoçusu  ansambl olmadan solo ifa edirdi.

Sonra “Tbilisi-78” Ümumittifaq  festifalı keçirilmişdir ki, burada da Vaqifin “Muğam”həmin ansambl eyni tərkibdə Riqanın “Yay ritmləri” festivalında çıxış edir və Vaqif tərəfindən ifa olunan kompozisiyaların ən yaxşılarından ikiqat albom yazırlar.

Vaqif Mustafazadə 1978-ci ildə Monakoda keçirilən 8-ci Beynəlxalq Caz Festivalında “Əzizəni gözləyirəm” musiqi əsərinə görə birincilik qazanmışdır.

O, 1979-cu ildə Azərbaycanın Əməkdar incəsənət xadimi adına layiq görülmüşdür. 1982-ci ildə isə, artıq ölümündən sonra Azərbaycanın Dövlət mükafatına layiq göülmüşdür. O, fortepiano konsertlərinin, muğam simfoniyasının və digər fortepiano incilərinin müəllifidir.

Onlar arasında Vaxtanq Kikabidze, Nani Breqvadze, El Di Miola, Danil Kramer, İqor Bril..., neçə-neçə başqaları var.

Tbilisinin, o dövrkü Sovet İttifaqının caz şəhərinin cemseyşeni Vaqif Mustafazadə Gerşvinin “Mənim sevdiyim insan” pyesini ifa etmişdir. Məşhur amerikan gitaraçısı Bib Kinq demişdir: “Vaqif, siz musiqini elə ifa edirsiniz ki, biz onu elə ifa edə bilmirik”. 

     Vaqif Mustafazadə 1979-cu il dekabrın 16-da təkrar ürək çatışmazlığından dünyasını dəyişhmişdir.

Ölümündən illər ötməsinə baxmayaraq, dünyanın böyük musiqiçiləri bu günə kimi Vaqif Mustafazadənin sənəti barədə heyranlıqla danışırlar.

                                           Mirzə Məmmədoğlu

     

მსგავსი