28 March 2017
  • 324 ნახვა

Əfzələddin Xaqani və Gürcüstan

XII əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük humanist şair və filosof  Əfzələddin İbrahim ibn Əli Həccar Şirvani təxminən 1126-cı ildə  Şirvanşahlar dövlətinin  paytaxtı  Şamaxı şəhərində sənətkar ailəsində anadan olmuşdur. Şairin atası Əli Həccar yoxsul dülgər olmuşdur. Babasının İbrahim adı ona hörmət əlaməti olaraq qoyulmuşdur. Onun ata babası toxucu, Kafiyəddin ləqəbi ilə tanınan əmisi Ömər Osman oğlu isə  dövrünün görkəmli  təbiblərindən idi.

O, şairin tərbiyəsində mühüm rol oynamışdır. Buna baxmayaraq, Xaqani şeirlərinin birində atası haqqında yazır:

 

                                     Onun haqqında çoxdur boynumda bişək,

                               Boynumda əmimin haqqı olan tək.

 

Xaqaninin anası Ramiyyə  xanım etiqadına görə xristian, işinə görə evdar qadın olub.  Müəyyən səbəblərə görə atası Əfzələddini  qoyub gedir və yeniyetmə oğlanın təlim-tərbiyəsi ilə əmisi, dövrünün  görkəmli şəxsiyyəti, dilşünası, filosofu, nəzəriyyyəçisi, astronomu və təbibi Ömər Osman oğlu məşğul olur.

Xaqani  kiçik yaşlarından ərəb dilində yazıb oxumağı və xəttatlığı öyrənir və Quranı oxumağa başlayır.

Xaqani öz təhsilini mədrəsədə davam etdirir. Sonralar öz dövründə yüksək ali təhsilə malik olan Xaqani yazırdı ki, o, xristian  ehkamlarıın məğzini, pravoslavların, nəsranilərin və yaqubilərin etiqadının incəliklərini istənilən xristian yepiskopundan artıq bilirdi. Onun xristian aləmi, Gürcüstan, eləcə də  xristian qızları barədə yazdığı şeirləri də buna tutarlı sübutdur.

Xaqani öz əsərlərində tez-tez xristian dini  terminlərindən istifadə edir. Bu da şairin  xristian dini əsasları və kilsə qaydaları ilə tanış olduğundan xəbər verir. Məşhur  şərqşünaslar Y. Bertels, Y. Marr və başqaları öz tədqiqatlarında Xaqani yaradıcılığında xristian terminlərinin mövcudluğunu  qeyd etmişlər. O, Güney Qafqaza gələrkən şeirlərinin birində yazır:

 

Xususilə bu nəsturi məzhəbində olan qonşu

Hörməti çox saxlayır ikinci bir İsa qədər.

 

Xaqaninin  poetik  istedadının tam formalaşmasında  Şirvanşahlar  şairlərinin başçısı,  onu saray şairləri məclisinə daxil edən  Əbül Üla  Gəncəvinin əməyi vardır. Müəllim və şagird arasında  bir vaxtlar  xoş əhval-ruhiyyəli münasibətlər olub. Əbül Üla  hətta öz qızını ona ərə verib.

Qeyd etmək lazımdır ki, o dövr Şirvanşahlar taxtının sahibi gürcülərin böyük kürəkəni, Qurucu Davidin böyük qızı Tamaranın əri  II Mənüçöhr idi.

Xaqani  Şirvanşah II Mənüçöhrün sarayının şairi olandan sonra özünün əvvəlki «Həqayiqi» təxəllüsünü Əbül Üla sayəsində məhz Xaqani ilə əvəz etmişdir. Əbül Üla bu barədə şeirlərinin birində yazır:

                               ...Səni o xaqana özüm göstərdim,

                               Xaqanın adını sənə mən verdim.

 

Mənüçöhr poeziyaya böyük qiymət verirdi. “Sənin əlin, Mənüçöhr, yalnız böyük mərhəmət vermək üçün açılır və yalnız  qırmızı  şərab piyaləsini götürmək üçün yumulur”, - deyə Xaqani yazırdı. 

Mənbələrdə Xaqaninin üç dəfə evlənməsi qeyd olunur. Onun həyat yoldaşlarından birincisi  Kür çayının sahillərində yaşayan, özündən 12 yaş kiçik  bir gözəl kəndçi qız olub. 25 il bir yerdə yaşayıblar və onların  dörd övladı olub -  iki oğul, iki qız. Böyük oğlu Rəşid 20 yaşında dünyasını dəyişib. Dərin kədərlərə qərq olmuş, qəlbi sınmış Xaqani oğluna mərsiyyə  həsr etmişdir.

Xaqani Məkkəyə yollanır, Məhəmmədin qəbrini ziyarət edir. Oradan qayıdan Xaqanini  vətəndə Şirvanşahların despotizmi ilə ağırlaşmış atmosfer sıxır. Onun həmin dövr şeirlərində  öz ətrafında hökm sürən mühitdən şikayət etdiyi sətirlər az deyildir... “Şirvan dənizindən (Xəzər dənizi nəzərdə tutulur - M.M.)  mən uzağa getdim, arzuma çatmaq üçün İrağa getdim”, - deyə qeyd edir. Şair sonra kədərli halda vurğulayır: “Mənim taleyimin gözünə tor çəkilib, istək və arzularımın üzündən  güllər qoparılıb çıxardılıb”. Toranlıq əsrin bədbəxtliyidir, güllər isə Şirvanın yaramazlıqları.  Nəhayət,  şirvanlı şairlərin  ümumi taleyinin nəsib olduğu Xaqani də ürək ağrısı ilə şikayət edir. Belə düşünürlər ki, bu şeir  Şirvanda Kəsranilərin taxtında  oturan, onu yüksəldən II Mənüçöhrü I Axsitanın əvəz etdiyi dövrə aiddir. Belə ki, Mənüçöhrdən fərqli olaraq Axsitan onu əfv etmirdi.

Şair tezliklə zindana salınır. Burada o, öz  məşhur “Həbsiyyə” silsilə şeirlərini yazır. Azad olunandan sonra 50 yaşını keçmiş Xaqani ikinci dəfə Məkkəyə yollanır və oradan xoşagəlməz mühitinə baxmayaraq yenə də Şirvana qayıdır. Bundan sonra onun Təbrizdə olması təsdiq edilir. Burada o, ikinci oğlunu da itirir və odur ki, qocalıq çağlarında tənha qalır. Həyat yoldaşını və bir oğlunu o, hələ Şirvanda olarkən itirmişdi. Xorasanda Xaqani səlcuq sultanı Səncərin həmin vaxtlar  fars poeziyasını gözəlləşdirən parlaq ulduzun, mədhiyyə janrının misilsiz ustadı Ənvərin fəaliyyət göstərdiyi sarayına daxil olmağa bir dəfə cəhd edir. Burada, sən demə, hökmdarları tərif edən şairlərə bol-bol hədiyyələr verirlərmiş. Təəssüf ki, Xaqaninin bu niyyəti  baş tutmur və qocalmış şair  həyatının son illərini Təbrizdə keçirir. Və elə burada təxminən  səksən yaşında, 1198-1199-cu ildərdə vəfat edir. Şairin məzarı Təbrizin Sürxab qəbiristanlığındakı “Şairlər məqbərəsi” adlanan yerdədir.

“Xaqaninin poetik  irsindən  bizim vaxtadək  kifayət qədər qəsidələrdən, qəzəllərdən,   rübailərdən və ayrı-ayrı parçalardan ibarət  sanballı divanisi gəlib çatıb. Eləcə də onun “Töfhətül-İraqeyn” məsnəvisi bizim əlimizdədir. Onun  qədim  İran  paytaxtının xarabalıqlarına acıdığı  məşhur “Mədain xərabələri” xüsusilə qeyd olunmalıdır. Lakin bu divanda qəsidələrin çox az olmasına baxmayaraq, məhz elə onlar Xaqaninin poetik  özünəməxsusluğunu büruzə vermiş, onu  fars mədhiyyə şeir formasının orjinal bədii xüsusiyyətlərini yaratmağa “məcbur etmişdir” ki, bunlarda da onun öz böyük poetik imkanları aşkarlanmışdır” (K. Pağava). Şeirin formasının  dolğunlaşdırılması üçün Xaqani təşbeşlərlə və müqayisələrlə zəngin olaraq təsvir edilən mənzərələrə bol-bol müraciət edir. Onun, izahı-anlamı oxucular qarşısında tez-tez  aşılmaz maneələr yaradan səbuhi mövzusu, mürəkkəb rədiflər, beytlər,  poetik, obrazlı ifadələr bu məqsədi güdür. Buna Xaqaninin elmin müxtəlif  sahələrindən (ələlxüsus fəlsəfədən və riyaziyyatdan)  terminlərin öz əsərlərinə daxil etməsini  çox sevməsi də əlavə olunur. Eləcə də türk və gürcü sözlərindən istifadə edir...

“Həbsiyyə” sisiləsindən yazdığı şeirlərin birində təkcə Gürcüstanın deyil, konkret  yerlərin  də adlarını çəkir:

 

Abxazların qapısını gedib döyüm əlimlə,

Rumluların məzhəbinə iqrar edim dilimlə?

Nacormənlik hara, Muxran  kilsəsində mən hara?

Baqratinlər qapısına gedim, istəyim çarə.

Mənə hörmət etməzlərsə, Abxaziyada nə edim?

Ordan da yola düşüb, Rum ellərinə gedim?

 

Xaqani Gürcüstana, gürcü xalqına çox yaxşı münasibət bəsləmişdir. Vaxtilə Tiflisdə olmuş, şəhəri tərənnüm etmiş, bir neçə gürcü qızına  sevgi və məhəbbətini açıqlayaraq şeirlərində hətta gürcü sözləri də işlətmişdir:

 

Ağ üzlü, qıvrımsaç qızın eşqindən,

Gürcücə öyrəndim Abxaziyada mən.

İncəldi, tük kimi, dilim, hər tüküm,

Dönüb bir dil oldu modi deməkdən.

 

Tərsa gözəlisən, İsaya həmdəm,

Pak ruhsan, sənə demərəm sənəm,

Tük kimi incəldim dərdü qəmindən,

“Modi”, “modi”, qəmdən muyə dönmüşəm.

 

Tərcüməçi, şair Aleksandr Qvaxariya Xaqaninin bir neçə şeirini gürcü dilinə tərcümə etmiş, gürcü oxucularını Xaqani yaradıcılığı ilə qismən də olsa tanış etmişdir.                                          

Gürcü alimi, iranşünas Konstantin Pağava “Nizami” adlı monoqrafiyasında Xaqani barəsində də çox geniş yazmışdır.

                                                                                                                 Mirzə Məmmədoğlu

 

მსგავსი