27 March 2017
  • 692 ნახვა

Abbasqulu ağa Bakıxanov və Tiflis

Bakı xanlarının görkəmli sülaləsinin nümayəndəsi Abbasqulu ağa Bakıxanov 1794-cü ildə Əmircanda anadan olub. Onun atası II Mirzə Məhəmməd xan Bakı xanları nəslindən, anası Sofiya xanım isə müsəlmanlığı qəbul etmiş gürcü qızı idi.  Səkkiz yaşı olarkən Abbasqulu valideynləri ilə birlikdə Quba şəhərinə köçür. Burada gələcək yazıçı əsaslı dini təhsil alır.

1819-cu ildə Qafqaz canişini general Aleksey Yermolovun dəvəti ilə Abbasqulu ağa Bakıxanov Tiflis şəhərinə gəlir və çarın xidmətinə daxil olur - general Yermolovun  qərargahında  şərq dilləri üzrə tərcüməçi kimi işə başlayır. Tiflis şəhərində keçirdiyi illər A. Bakıxanovun bir yazıçı və mütəfəkkir kimi formalaşmasında böyük rol oynayır. Rus yazıçıları, mütəfəkkirləri, Avropa ədəbiyyatı və mədəniyyəti ilə tanışlıq, xidmət missiyası ilə əlaqədar Qafqaza səyahət, müxtəlif səviyyəli siyasi danışıqlarda iştirak etmək, İran və Türkiyənin dövlət xadimləri ilə birlikdə 1828-ci ildə Rusiya imperiyası ilə İran arasında Türkmənçay müqaviləsini  imzalamaq -  onun zəkasının üfüqlərini birmənalı  olaraq genişləndirir. Qafqaz canişini general Aleksey Yermolov, siyasi missiyanın katibi Aleksandr Qriboyedov, Qafqaz  ordusunun  baş komandanı qraf  Paskeviç  onun nailiyyətlərini yüksək qiymətləndirirlər.

1833-cü ildə rəhbərliyin icazəsi ilə Abbasqulu ağa Bakıxanov Don çayının sahillərinə iki illik səyahətə çıxır. Həmin vaxtlar Ukrayna və Belarusda, Polşa və Finlandiyada olur. Uzun müddət Odessada, Varşava və Peterburqda yaşayır, burada rus ziyalılarının irəlidə olanları ilə, o cümlədən Aleksandr Puşkinlə də tanış olur.

1835-ci ildə yazıçı çar xidmətindən istefa verməsi, ehtiyata getməsi barədə ərizə yazır və Quba şəhərinə qayıdaraq burada bütün vaxtını ədəbiyyata və elmə sərf edir. O, burada öz  gözəl kitablarını – “Təhzibül-əxlaq”ı və “Gülistani-İrəm”i qələmə alır.

1841-ci ildən başlayaraq öz “Gülistani-İrəm” əsərini rus dilində nəşr etdirmək üçün yazıçı tez-tez Tiflisə gəlir, burada Mirzə Şəfi Vazeh tərəfindən təşkil edilmiş ədəbi dərnəyin işində iştirak edir, polyak şairi Lado-Zablotski və alman şərqşünası F. Bodenştedtlə görüşür.

1846-cı ilin payızında Bakıxanov Məkkəyə həcc ziyatəinə yollanır.  Yolda o, vəba xəstəliyinə düçar olaraq vəfat edir və Məkkə ilə Mədinə arasında yerləşən  kiçik yaşayış yerində dəfn olurur.

Bakıxanov olduqca qiymətli və çoxcəhətli elmi-ədəbi irs qoyubdur. Onun yaradıcılığını iki dövrə bölmək olar.

Yaradıcılığınının ilk mərhələsi onun Qubada yaşadığı dövrə məxsusdur. İmkanlı xan ailəsində böyüyən Abbasqulu ağa Bakıxanov burada dini mövzuda bir neçə əsər yazır. Bu dövrdə  yazılmış şeirləri dini-mistik çalarlar daşıyır və  tərbiyəvi  xarakteri ilə fərqlənir. Yaradıcılığının bu dövründə onun  poeziyası təqlid xaraktiri daşıyır.

Yaradıcılığının ikinci mərhələsi 1819-cu ildən, onun Tiflisə gəldiyi gündən başlayır. Tiflisdə onun ilk “Kitabi-Əsgəriyyə” nəsr əsəri, “Təbrizlilərə müraciət” satira əsəri, elmi traktatları yazılır. Onun yaradıcılığında müasirliklə əlaqə, həyatla yaxınlıq, o dövrkü qabaqcıl ideyalara maraq nəzərə çarpır. Abbasqulu ağa Bakıxanov Krılovun, Lermontovun, Qriboyedovun və Puşkinin yaradıcılığı ilə tanış olur. Bu dövrdə o, Krılovun  “Eşşək və bülbül” təmsilini Azərbaycan dilinə tərcümə edir. Bu, rus dilindən Azərbaycan dilinə peşəkar tərcümənin ilk nümunəsidir. Onun “Gürcülər arasında” poetik əsəri Tiflisdə yazılan ilk əsərlərindən biridir. Bu əsərdə  gürcülərlə dostluq motivi, qürbətdə olmağın və tənhalığın xiffəti, qüssə, kədər əks olunub. “Tiflis” müxəmməsində şair şərq şəhəri kimi Tiflisin gözəlliyi və çoşqun həyatı barədə vəcdlə söhbət açır və şəhər həyatının ahənglərini görməyin ona qismət olmasından mutlu olduğunu bildirir.

“Təbriz əhlinə xitab” satirik əsərində Abbasqulu ağa Bakıxanov Təbrizdə mövcud olan  özbaşınalığa və ədalətsizliyə, bəzi din xadimlərinin prinsipsizliyinə öz nifrətini ifadə edir və İranın tabeliyində olan Cənubi Azərbaycanın geriliyindən söhbət açır, feodal sistemə qarşı çıxır.

A. Bakıxanovun qələminə həmçinin yazıçının biliyi, savadı və müasir elmi nailiyyətləri mədh etdiyi bir sıra elmi traktatlar və tədqiqatlar məxsusdur.

Maarifləndirmə missiyası ilə yaradılan əsərlər faktiki idrak materialını əhatə etməklə bərabər, müəllifin  böyük erudisiyaya  malik olmasından və daim elmə can atmasından xəbər verir.

Abbasqulu ağa Bakıxanov Azərbaycan pedaqogikasına və psixologiyasına, coğrafiyasına və astronomiyasına, dilçiliyinə və məntiqinin inkişafına böyük töhfələr verib.  Onun əsərləri arasında “Nəsihətnamə”,  “Əsrarül-mələkun”,  “Mikatül-ənvar”, “Qanuni-Qüds” və s. xüsusilə fərqlənir. Bu əsərlərdə Bakıxanov geriliyi, bihudəliyi, mövhumatı tənqid edir, təhsili və elmi mədh edir. Abbasqulu ağa Bakıxanovun birmənalı şəkildə ən çox tanınan  böyük əsəri “Gülistani-İrəm”də Azərbaycanın tarixi qədim dövrdən  XIX əsrə qədər işıqlandırılb.

Bu əsərdə çoxsaylı elmi-əbədi mənbələrdən istifadə edən Abbasqulu ağa Bakıxanovu Azərbaycan elmi tarixşünaslığının banisi kimi  tanıyırıq

Mirzə Məmmədoğlu 

მსგავსი