27 March 2017
  • 394 ნახვა

Qədim Tiflisin qədim cizgiləri- Avlabar

Avlabar hazırda Tiflisin şimal-şərq hissəsini əhatə edən, Kürün sol sahilində yerləşən geniş rayondur. Lap başdan isə bu günkü Ketevan Samebuli küçəsi və Metex qayası boyunca İsan (Metex) qala - qəsrinin hasarlanmış (təxminən 8 hektar sahənin) qala-barısız hissəsini təşkil edirdi. Bura yalnız XVIII əsrin ikinci yarısında, II İraklinin çarlığı dövründə qala barısı ilə əhatələnmiş ərazi idi. Bu gün bəzən İsan və Avlabarı eyniləşdirirlər ki, bu da bu hissənin formalaşması tarixinə heç də uyğun gəlmir. Bu günkü Avlabarın yalnız yuxarıda adı çəkilən hissəsi əvvəlcə İsan, sonra isə Avlabar adını daşıyırdı. Avlabar ətraf məhəllə şəklində indiki Ketevan Samebuli küçəsinin yuxarılarını da əhatə edirdi (küçənin zolağında əvvəllər çuxur keçirdi). Avlabarın bu ətraf məhəlləsi Vaxuşti Baqrationi tərəfindən tərtib edilmiş Tiflisin 1735-ci il planında göstərilmişdir. Sonralar bu ərazi Qıraq Avlabar və ya Avlabar məhəlləsi adlandırılmışdır. Onun kifayət qədər geniş ərazisi var idi. 1783-cü il siyahıya alınmaya görə, o vaxtlar İç Avlabarda 219 ailə, Qıraq Avlabarda isə 136 ailə məskunlaşmışdı. Bundan başqa Metexdə 73 ailə var idi.

Belə güman edirlər ki, «Avlabar» adı XIV əsrdən yayılmışdır. İlk yazılı sənəd - Avlabarın xatırlandığı ianəlik fərmanı 1392-ci ilə aiddir. Son vaxtlara qədər belə hesab edirdilər ki, Avlabar «Sarayın həndəvəri» deməkdir. «Haval» ərəbcə həndəvərdir, «bir» - saray. Bu cür izah kifayət qədər inandırıcı görünür. Belə ki, İsan (sonralar Metex) qala-qəsrində, doğrudan da çar sarayı yerləşirdi.

                                                                                                        Mirzə Məmmədoğlu

მსგავსი