26 March 2017
  • 322 ნახვა

Qədim Tiflisin qədim cizgiləri- Atəşgah

Atəşgah atəşpərəstlərin ibadət etdiyi məbədin adıdır. Farsca olan «atəş» və «gah» kəlmələrindən düzəlmişdir. «Atəş məbədi» mənasını verir. İranın Yəzd şəhərində bu günə qədər qorunub saxlanılmış atəş­gahda qaranlıq məbəddə atəş yanır. Həmin atəş üçün yalnız hansısa meyvə ağacının odunundan istifadə olunur. Bunun nəti­cə­sin­də də ətrafa xoşa gələn ətir, rayihə yayılır. Bu müqəddəs atəşin ətrafında onu «bəd nəzərlərdən» hifz etmək üçün daimi olaraq kahin durur və onu sönməyə qoymur.

    Tbilisidə Kldisubanda Petxain məbədi yaxınlığında hündür yerdə kərpiclə hörülmüş dördkünc tikili vardır. Onun üstü uçub dağılmışdır. Yalnız tağının bir hissəsi qal­mışdır. Platon İoselianinin verdiyi məlumata görə, burada ta qədimdən atəşpərəstlərin mə­bə­di - atəşgah olub. Qədim bir abidə kimi onu gürcü çarları qo­ru­yub saxlamışdır. Platon İoselianinin dediyinə görə, XVIII əsrin 20-ci illərində osmanlılar Tiflisdə iki məscid tikmişlər. Onlardan biri bu qədim atəşgahın yerində olub. Nadir şahın əmri ilə hər ikisi 1735-ci ildə dağıdılmışdır. XIX əsrdə bir müddət bu tikili xüsusi mülkiyyət olub. Onun qədim adı isə əsrlər boyu qorunub saxlanılmışdır.

Atəşgah Azərbay­canda da vardır. Suraxanı qəsəbəsində hind atəşgədəsini 18-ci əsr­də Hindistanın Multan vilayətindən gələn tacir və zəvvarlar tikdirmişdir. Bəzi tədqiqatçıların fikrincə, həmin məbəd yerli atəşpərəstlərə mə­x­sus qədim atəşgahın yerində tikilmişdir. Suraxanı atəşgədəsi əhali arasında atəşgah adı ilə məşhurdur.

Müxtəlif vaxtlarda Bakıya baş çəkən A. Düma, A. P. Çexov, M. A. Balakirov və D. İ. Mendeleyevin, həmçinin, bir çox səyyahların, alim-orientalistlərin yol qeydlərində bu atəşgah xatırlanır.

 Mirzə Məmmədoğlu

მსგავსი