24 March 2017
  • 334 ნახვა

Axırkələkli Aşıq Nurudan dərs alan Baba Şennik

Aşığın kökəni 1827-1828-ci illərdə Rusiyaya boyun əyməyən, yığamat ilə Çıldır-Qars tərəflərə köçmüş Borçalı qanapapaqlarına dayanır. Onun atası Molla Qədirin beş ailə ilə birlikdə öz külfətiylə Borçalı mahalından Çıldır dərəsinin Sühara (Yakinsu) kəndinə köçdüyü bəllidir.

Şenlik babanın qızı Gülxanım, nəvəsi Qələndər axır vaxtlara qədər Bolnisidə yaşamışlar. İndinin özündə Borçalı kəndlərində, o sıradan Hamamlıda, Faxralıda, Qəmərlidə Şenlik babanın qohum-əqrəbaları vardır. 

Şenlik babanın “Borçalı Səməd bəy”, “Mehralı bəy”, “İsmayıl”, “Cüyür ovu”, “Gürcüstan səfəri” dastanları bu yerlərə bağlıdır, daha doğrusu, ünlü sənətkarın Borçalı gəzisinin ədəbi xatirəsidir. Ustad sənətkarın Borçalı sevgisi, mahalın söz xiridarları ilə yaradıcılıq irtibatı azman aşıq Hüseyn Saraclının düzüb qoşduğu “Aşıq Şenliyin Borçalı səfəri” epiqrafik dastanında öz əksini tapmışdır.

Türk dünyasının böyük söz-fikir ustadı Şenlik babanın qənşərinə Quşçü şair Abbas (Abbasəli) cəsarətlə çıxmış, onunla deyişmişdir. Adı çəkilən şair Abbasın Çıldırlı Aşıq Şenniklə deyişməsi Borçalı mahalında və bu mahaldan kənarlarda yayılmış, dastan kimi dildə-ağızda dolaşmışdır.

Professor Şurəddin Məmmədli onun barəsində yazır: “Çıldır-Qars aşıq yaradıcılığının qonşu Axalkələk, Ağbaba, Gümrü və Borçalı aşıq yaradıcılığı ilə qarşılıqlı təsiri və sıx bağlılığı da inkarolunmaz bir həqiqətdir. Və mən deyərdim ki, bu bağlardan söhbət açmalı olan hər bir sənət və bilim adamı ilk olaraq bizim böyük sənətkarımız Aşıq Şenliyin adını çəkməyə borcludur. “Bizim böyük sənətkarımız” ifadəsini isə təsadüfən işlətmədim. Aşıq Şenliyin adını təkcə bir mahalın saz-söz dünyası ilə bağlamaq, sadəcə olaraq, mümkün deyil. O, Türk Dünyasının azman aşıq-şairlərindən biridir. Borçalıda aşıq məclislərində iştirak etmiş, eləcə də saz-söz və bilim-eyitim-kültür adamları ilə ünsiyyətdə olmuş hər bir şəxs bunu aydınca dərk edə bilər. Dünyaya göz açdığım və boya-başa çatdığım, türk nüfuzu yarım milyon olan Borçalıda aşıq sənətindən söhbət gedən hər məclisdə, hər yığıncaqda Aşıq Şenliyin adını birincilər sırasında eşitmişəm və hələ məktəb illərində özümdə onun adına, sənətinə nəsə bir heyranlıq duyğusu yaşatmışam.

Bildiyimiz kimi, Şenlik saz-söz dərsini məşhur Xəstə Hasanın şagirdi lebisli Aşıq Nurudan almış, Aşıq Nuru vasitəsilə Xəstə Hasan yaradıcılığındakı poetik qüdrətdən və genəlliklə qarapapaq folklorundan təsirlənib faydalanmış, bütün bunları öz şeirləri və dastanları ilə daha yüksək bir zirvəyə ucaltmışdır.

Üçüncüsü, Doğu Anadolu, Ağbaba və Ahılkələk aşıqları kimi, bir çox Borçalı saz-söz ustaları da öz növbəsində Aşıq Şenlik yaradıcılığının sehirli təsirindən qurtula bilməmiş, ondan yetərincə fayda görmüşlər. Aşıq Şenliyə şagirdlik etmiş sənətkarlar: İbrahim, Şivğa, Balakişi, Qazəli, Əli, Bala Məmməd, Qasım, Namaz, Əsgər, Mövlud, Nəsib, Süleyman, Hüseyn, Gülüstan. Bu təsir yüz ildən artıqdır ki mövcuddur və indi də davam etməkdədir. Maraqlı burasıdır ki, Çıldır bölgəsinə qonşu bölgələrdə yaşayan erməni, gürcü və yunan aşıqlarının yaradıcılığına və onların bir sənətkar kimi yetişməsinə də Şenliyin çox böyük təsiri olub. Onlardan biri də Ahılkələyin Prtena kəndində yaşamış və əsil adı Luka Beridze olan türkdilli gürcü aşığı Şivğadır.

Aşıq Şenliyin təsiri sayəsində Şivğa Ahılkələk bölgəsinin ən qüdrətli gürcü sənətkarına çevrilmiş və özündən sonra gələn bir çox türkdilli gürcü və erməni aşıqlarının yetişməsində əvəzsiz xidmətlər göstərmişdir”.

Aşıq Şenliyi öz sağlığında Ağbabaya və Borçalıya qohumluq, əqrəbalıq telləri də bağlamışdır. Ömrünün sonlarına qədər Bolnisdə yaşayan qızı Gülxanımın oğlu Qələndər müəllim və onun övladları bu telləri indiyə qədər qoruyub saxlamış, qırılmağa qoymamışlar.

Şenliyin Borçalıya hər səfəri çox mənalı və unudulmaz təsir bağışlamış, yerli əhalinin və sənətkarların yaddaşında əbədi iz buraxaraq tarixiləşmiş, dastanlaşmışdır. Borçalı aşıqları bu gün də Şenliyin Borçalı səfərlərini məclislərdə böyük həvəslə ifa edirlər. Şenlik belə səfərlərdən birində Tiflisə də getmiş və o zamankı şəhər həyatının mənəvi düşkünlüyünü və natəmizliyini “həsrətin çəktiyim Tiflis şəhrinin dürlü-dürlü əlaməti var imiş” misraları ilə başlayan məşhur qoşqusunda real, gerçək boyalarla ifadə etmişdir.

Ümumiyyətlə Şenliyin Borçalının Qəmərli, Abdallı, Faxralı, Qasımlı, Şüləver və başqa kəndlərinə səfərləri və yerli camaatla görüşləri onun Borçalı aşıq-şairləri ilə deyişmələrinə və yeni-yeni qoşqularının ortaya çıxmasına səbəb olmuş, sonucda sənətkar həm özü mənən zənginləşmiş, həm də digərlərini zənginləşdirmişdir. Aşıq Nuru, Busatlı Pəri, Quşçu Aşıq Abbasəli, Şair Nəbi və başqaları ilə deyişmələri, eləcə də Borçalının nüfuzlu şəxsiyyətlərinə həsr etdiyi şeirləri bu baxımdan çox səciyyəvidir. Ancaq, nədənsə, Şenliyin ünlü el şairi Faxralı Şair Nəbi ilə deyişmələri bizə bəlli olan türk nəşrlərində oxuculara təqdim olunmamışdır. Aşıq Şenliyin Borçalı mahalına səfərlərini əhatə edən dastan-rəvayət bölgə aşıqlarının əksəriyyətinin repertuarında bu gün də çox geniş yer tutmaqdadır.

Aşıq Şenlik XIX yüzildə Rusiya dövlətçiliyinə və zorakılığına qarşı barışmaz olan və ona qarşı qətiyyətlə mübarizə aparan igid Borçalı ərənlərinin sədaqətli dostu və tanışı olmuşdur. Gürcüstan arxivlərindəki tarixi sənədlərdə və dövrü mətbuatda Çıldır qarapapaqlarının və ümumiyyətlə, Qars mahalının Borçalı qaçaqlarına arxa durmaları və onlara ən etibarlı sığınacaq olmaları haqqında tutarlı dəlillərlə qarşılaşmaq olar. Şenlik şeirlərində mədh olunan Mehralı, Səməd, İsmayıl, Mahmudoğlu və başqaları sənətkarın yaxından tanıdığı Borçalı igidləri idilər. Professor F. Kırzıoğlu qeyd edir ki, 93 savaşlarında Qars milis baş komandanı təyin olunmuş Borçalı Mehralı bəy Aşıq Şenliyin “Can sağ ikən yurd verməniz düşmənə” şerini öz süvari alayının igid döyüşçülərinə türkü olaraq mənimsətmiş və bir ağızdan söylətmişdir. “«Mehralı bəy atlıları türküsü” kimi bəlli olan bu qoçaqlamanı tədqiqatçılar həmin və sonrakı çağların istiqlal marşı kimi dəyərləndirir.

Borçalı aşıqları Çıldırlı Şenliyi həm də bəstəçi bir sənətkar, yeni havacatlar müəllifi kimi yad edirlər. Onlar “Çıldır divanisi”, “Şenlik Mirzəcannısı”, “Şah-sevəri” və hətta “Borçalı” kimi neçə-neçə saz havasının yaranmasını Aşıq Şenliklə bağlayır, öz ifalarında həmin havalara geniş yer verirlər.

 

 

მსგავსი