23 March 2017
  • 376 ნახვა

Görkəmli alim Əziz Şərif gənclik çağlarını Tiflisdə keçirmişdir

Əziz Şərif 1895-ci il martın 28-də Azərbaycanın Naxçıvan şəhərində anadan olmuşdur. 1915-ci ildə orta təhsilini Tiflisdə almış, sonra əmək fəaliyyətinə başlamşdır.

"Molla Nəsrəddin" jurnalı redaksiyasında işlədiyi ilk gənclik illəri Mirzə Ələkbər Sabir, Əbdürrəhim bəy Haqverdiyev, Hüseyn Cavid və Əliqulu Qəmküsarla  yaxın dostluq əlaqələri onu ömürlük ədəbi fəaliyyətə bağlamışdır. Moskva Kommersiya İnstitutunda təhsilini davam etdirdiyi dövrdə (1915-1917) rus ədəbi mühiti ilə tanış olmuşdur. Tiflisdə mətbuat və nəşriyyat sahəsində çalışmışdır (1920-1930). Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsində məsləhətçi olmuşdur (1925-1935). Moskvada M. Qorki adına Ədəbiyyat İnstitutunun tənqid bölməsini bitirmişdir (1943). Sonra SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda və Dünya Ədəbiyyatı İnstitutunda baş elmi işçi olmuşdur (1950-1961). M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin filologiya fakültəsində SSRİ xalqları ədəbiyyatı kafedrasının professoru vəzifəsində çalışmışdır (1961-1988).

Ədəbi fəaliyyətə 1906-cı ildən "Molla Nəsrəddin" jurnalında dərc olunan "Naxçıvandan məktublar"ı ilə başlamışdır. Bundan sonra tənqid və ədəbiyyatşünaslıq, bədii tərcümə sahəsində səmərəli fəaliyyət göstərmiş, Maksim Qorkinin  "Ana", "Düşmənlər", Aleksandr Fadeyevin "Tarmar" əsərlərini rus dilindən, E. Ninoşvili və N. Sisişvilinin əsərlərini gürcü dilindən çevirmiş və çap etdirmişdir.

Azərbaycan bədii ədəbiyyatından ruscaya çoxlu tərcümələr etmiş, onlara ön söz, müqəddimə, şərhlər yazmışdır. İki medalla təltif olunmuşdur.

Əziz Şərif "Sabir bu gün” (1942), “Molla Nəsrəddin” (1946), “Rojdenie Molla Nasreddina” (1968), “Vaqif – pevets lyubvi i krasotı” (1968), “Literaturı narodov SSSR” (1970), “Keçmiş günlərdən” (1977), “Literatura narodov Zakavkazye” (1981), “Keçmiş günlərdən. Atam və mən” (1983), “Molla Nəsrəddin necə yarandı?” (1986) adlı kitabların müəllifidir.

Əziz Şərif 1989-ci il iyunun 1-də Moskvada 94 yaşında vəfat etmiş, Naxçıvan şəhərində dəfn olunmuşdur.

Mirzə Məmmədoğlu

                                                                                                             

 

 

 

მსგავსი