21 March 2017
  • 438 ნახვა

Mirzə Şəfi Vazeh və Tiflis

Böyük Azərbaycan şairi Mirzə Şəfi Vazeh 1792-ci ildə, digər bir versiyaya görə, 1804-cü ildə Gəncədə memar ailəsində dünyaya gəlmişdir. Mirzə Şəfinin atası Kərbalayı Sadıq 1804-cü ilədək Gəncə xanının memarı olmuşdur. 1804-cü ildə Sisiyanovun  komandanlıq etdiyi  çar ordusu Gəncə şəhərini işğal etdikdən sonra Gəncə xanlığına son qoyuldu. Bu, xanın tikinti işləri ilə məşğul olan  Kərbalayı  Sadığı yeganə və son gəlir mənbəyindən məhrum etdi, maddi durumuna ciddi mənfi təsir göstərdi.

Mirzə Şəfini gələcəkdə ruhani rütbəsi almaq məqsədi ilə atası Gəncə mədrəsəsinə qoymuşdu. Şəfi mədrəsədə ərəb, fars dillərini və şəriət elmlərini öyrənməklə bərabər, o vaxtlar geniş yayılmış Şərq  poeziyası nümunələri ilə tanış olur, hüsnxətt dərsinə xüsusi maraq göstərir.  Şəfi mədrəsədə oxuyarkən atası dünyasını dəyişir. Dövrünün  mədəni adamlarından olan Hacı Abdullanın Təbrizdən Gəncəyə qayıtması və gənc Şəfini öz himayəsi altına alması, gələcək şairin inkişafına mühüm təsir göstərir. Gəncənin molla və axundları Hacı Abdullaya düşmən münasibəti bəsləyirdilər. Çünki Hacı Abdulla onlarla münaqişəyə girir, dini baxış və uydurmaların cəfəngiyat olduğunu göstərirdi. Təlim aldığı mollalara qarşı çox soyuq və etinasız olan gənc Şəfi onu himayəsinə götürən  Hacı Abdullaya dərin  məhəbbət hissi bəsləyirdi. Hacı Abdulla isə gələcək mütəfəkkir və şairdə elmə, mədəniyyətə böyük həvəs oyadırdı. Bütün bunlar mollaların diqqətini cəlb etməyə bilməzdi. Şəfi  nəhayət, mədrəsədən kənar edilir.

Hacı Abdulla mərhum Cavad xanın qızı Püstə xanımın yanında idarə işinə girməkdə Şəfiyə kömək edir. Beləliklə, gənc oğlan özünə dolanışıq yolu tapır. Lakin çox çəkmir ki, Püstə xanımı qardaşı İrana aparır. İşsizliyə və çətinliklərə məruz qalan Mirzə Şəfi müsəlman ruhanilərinin kitablarının üzünü köçürməklə birtəhər çörək pulu qazanır. Həmin dövrdən etibarən, Şəfinin adının əvvəlinə bir Mirzə sözü də artırılır. Hacı Abdulla öləndə özünün bir neçə yüz rubl pulunu Mirzə Şəfiyə vəsiyyət edir. Bu pulla Şəfi borclarını qaytara bilir və maddi durumunu bir qədər yaxşılaşdırır. Ancaq bu da müvəqqəti olur. Bir yandan da mətbəələrin yaranması onun xəttatlıq sənətini az qala lazımsız bir şeyə çevririr. Şəfi olduqca ağır bir vəziyyətə düşür.

1840-cı ilin sonunda Mirzə Şəfi Vazeh yaşamaq üçün Tiflis şəhərinə köçür. Görkəmli Azərbaycan dramaturqu və filosofu Mirzə Fətəli Axundov Mirzə Şəfiyə Tiflisdəki qəza məktəbində müəllim yeri almaqda kömək edir. Ömrünün sonuna kimi də burada işləyir. O, yalnız 1848-ci ildə iki illiyə Gəncəyə dönərək təzəcə açılmış Gəncə uezd məktəbində dərs deyir. Tiflisdə çalışarkən Mirzə Şəfi V. V. Qriqoryev ilə birlikdə ilk Azərbaycan-türk dili dərsliklərindən olan “Kitabi-türki”ni yazır. Həmin kitab Təbriz  mətbəələrinin birində  nəşr olunur. Bu kitabda Mirzə Şəfinin misal gətirdiyi “Müdrik deyimlər və təlimatlar” sonradan Bodenştedt tərəfindən əsl müəllifi göstərilmədən təkrar çap olunmuşdur. Mirzə Şəfi Tiflisdə özü üçün yeni olan mühitə düşsə də, Gəncədəki ədəbi mühitlə əlaqələrini kəsmir. Onun Gəncədə yaratdığı “Divani-hikmət” ədəbi məclisi Tiflisdə öz fəaliyyətini davam etdirir.

Ömrünün Tiflis dövründə onun bəxtinə Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli Axundov və başqa  yazarlarla ünsiyyətdə olmaq şərəfi düşür. Onların hamısı “Divani-hikmət”in üzvləri idilər. Məclisin əhatə dairəsinə Azərbaycan, fars dillərini bilən rus və gürcü ədib və şərqşünasları da daxil olurlar. Tiflisdə o zaman yaşayan çoxsaylı Avropa alim və şairləri də Mirzə Şəfinin məclislərində fəal iştirak edirdilər. 1843-cü ildə bayaq adı çəkilən Fridrix Bodenştedt də məclislərə gəlməyə başlayır.  Mirzə Şəfinin ədəbi irsinin taleyində bu şəxs müstəsna rol oynamışdır.

Müşahidəçi qismində Tiflisə gələn və xarici dilləri tədris etməyə başlayan Bodenştedt burada şərq dillərini öyrənmək fikrinə düşür. O, sonralar “Xatirələr”ində  yazırdı: “O zaman mən Tiflisdə yaşayan yeganə alman idim ki, Şərq dillərini öyrənmək istəyirdim. Mən tatar-türk dilindən başladım, çünki bu dil Qafqazda müxtəlif millətlərdən olan insanlarla ünsiyyət saxlamaq üçün vacib  sayılırdı. Bu dili bilən hər kəs rus dilini bilmədən də hər yerdə baş çıxara bilərdi”. 

Bodenştedt Mirzə Şəfi Vazehlə tanış olur. Mirzə Şəfi həftədə üç dəfə Bodenştedtə və digər tələbələrinə dərs keçir. Az çonra müəllim öz qərib qonağı ilə o qədər yaxın ünsiyyət yaradır ki, Bodenştedt Mirzə Şəfinin “Divan”ına tam hüquqlu üzv olur.

“Divani hikmət” ədəbi məclisinin yığıncaqları canlı fəlsəfi diskussiyalar şəklində keçirilirdi. Mirzə Şəfi  Firdovsi, Xəyyam, Sədi, Füzuli kimi dahi şairlərin  şeirlərini əzbərdən  avazla oxuyurdu. Şəfi  öz şeirinə də yer ayırırdı. Bəzən hazır şeirlərini oxuyur, bəzən də məclis üzvlərinin gözü qarşısında bədahətən şeirlər deyirdi. Bodenştedt yazırdı: “Mən hələ onun dil dərslərinə kitab gətirdiyini görməmişdim. O, həmişə nə deyirdisə, nə diktə edirdisə, nəyi sitat gətirir və sübut etməyə çalışırdısa, öz yaddaşına arxalanırdı. Allahın ona ən böyük töhfəsi olan yaddaşı da heç vaxt şairi darda qoymurdu”.

1845-ci ildə Fridrix Bodenştedt Tiflisdən Almaniyaya gedir və Tiflisdə  keçirdiyi illərin yekunu kimi “Şərqdə 1001 gün” adlı  kitabını nəşr etdirir. O, Mirzə  Şəfidən tərcümə etdiyi şeirləri də həmin kitaba salır. Bu kitabda Bodenştedt digər Azərbaycan və fars şairlərindən etdiyi tərcümələri də toplamışdı. O, Mirzə Şəfi də daxil olmaqla, hər bir şeirin nəinki  müəllifini dəqiq göstərir, hətta həmin əsərləri hansı şəraitdə və haçan qeydə aldığını da ətraflı təsvir edir. Beləliklə, qərib qonağın və sevimli  şagirdin  səyləri nəticəsində  bütün Avropa XIX əsrin ən görkəmli Azərbaycan şairlərindən bir ilə tanış olur.

Mirzə Şəfinin qələminə məxsus şeirləri Zaqafqaziya müftisi, Molla Hüseyn Əfəndi  Qayıbov toplamış və ilk dəfə olaraq özünün dörd cildlik “Azərbaycan poeziya antologiyası” kitabında çap etdirmişdir.

Mirzə Şəfi 1852-ci il noyabrın 16-da Tiflisdə vəfat etmiş, burada Müsəlman qəbristanlığında dəfn olunmuşdur. Onun qəbri indiki Nəbatat bağındadır.

Görkəmli gürcü jurnalisti Q. Bejaşvili 1964-cü ilin avqustun 14-də "Literaturuli Sakartvelo" qəzetində (№33/1410) Mirzə Şəfi Vazeh haqqında xatirələr dərc etdirmişdir.

Mirzə Şəfinin öz düşüncələri və ideyaları ilə gənc Mirzə Fətəli Axundova dərin təsiri olmuşdur. Xüsüsən xəttatlıqda Fətəlini kamilləşdirmişdir. "Mirzə Şəfinin mahnıları" ruscaya, almancaya və sonra digər Avropa dillərinə tərcümə edilmişdir. Gürcüstana Şəfinin xoş münasibəti var idi. "Tiflisə əlvida" şeirində şair gürcü xalqına səmimi məhəbbəti ifadə etmişdir:

 

Sən ey Kür şəhəri, gözəl məkan,

Zənginsən günəşlə və meyvə bağlarınla!

Zənənlərin nazı ilə qəşəngləşirsən,

İgidlərin nərəsilə qüdrətləşirsən,

Sən mənim kədərimin də, sevincimin də ümmanısan.

Faş edilmiş ləlsən - qəlbimin eşqi,

Qarşında diz çökərək, əlimdə piyalə

Səni tərənnüm etdiyimə şadam!

 

Mirzə Şəfi və Fətəli arasında böyük məhəbbət və hörmət hissi hökm sürürdü. Təsadüfi deyildi ki, Axundov 1878-ci ildə vəfat etməzdən öncə özünün Mirzə Şəfinin yanında basdırılmasını vəsiyyət etmişdi.

Tiflisdə Mirzə Şəfi adına küçə mövcuddur. Həmin küçə Botanika küçəsindən başlayır və Nəbatat bağında bitir. Şəfinin və Fətəlinin məzarları da elə buradadır.

                                                                                                               Mirzə Məmmədoğlu

მსგავსი