30 November -0001
  • 493 ნახვა

Qədim Tiflisin qədim cizgiləri- Hamamlar məhəlləsi

Hamamlar məhəlləsi – Bu məhəllə Tiflisin ən qədim hissəsidir. İlk yurd burda salınmış, Tiflisin beşiyi burda yaranmışdır. Bu məhəlləni və onun həndəvərlərini əsil Tiflis adlandırırlar. O, bilavasitə şəhərin qəsrinə - qalasına söykənirdi. Hamamlar məhəlləsində və onun həndəvərindəki Seyidabadda  orta əsrlərdə əsasən müsəlmanlar məskunlaşmışdı. Vaxuşti Baqrationi yazır: «Qayadan Tiflisə isti su axır, onun altı hamamı var».Tiflis hamamlarının müalicəvi xüsusiyyəti barəsində əfsanə mövcuddur «Gürcüstan çarı meşədə (indiki Tiflisin yerləşdiyi ərazidə) ov ovlayarkən maralı oxla yaralamışdır. Qana bulaşmış maral kükürdlü bulağa yıxılmış, qanı yuyulmuşdur. O, son­ra sahilə çıxaraq çarın gözü önündə meşəyə doğru götürülmüşdür. Sən demə, isti suya girən maralın qanı kəsilmiş və yara tamamilə sağalmışdır».

Səyyah Jan Şarden qeyd edir: «Tiflis hamamlarının suyu kükürdlüdür, çox isti və yaxşı olmasına görə burda çimirlər, eləcə də xəstəlikləri də müalicə etmişdir...».

 Vaxuşti Baqrationi Hamamlar məhəlləsini Seyidabadın bir hissəsi kimi göstərir. Poruçik V. Çuykonun tərtib etdiyi 1800-cü il planında isə həmin vaxtlar Seyidabadın qalan ərazisində yaşayış məntəqəsi olmadığından və tamamilə bağlarla əhatə olduğundan yalnız Hamamlar məhəlləsi göstərilmişdir.

Tiflis hamamları qədim sənədlərdə və səyyahların qeydlərində də xatırlanır. X əsr ərəb coğrafiyaşünasının qeyd etdiyinə görə, «Burda su alovsuz qaynayır». Vaxuşti şəhərdə 6 hamamın olduğunu yazırdı. Göründüyü kimi, Ağa Məhəmməd şah Qacarın Tiflisə hücumu zamanı onlardan bəziləri dağıdılmışdır. Belə ki, 1800-cü il planında bu məhəllədə yalnız 4 hamam qeyd olunmuşdur. XIX əsrin ortalarında Tiflis planın­da yenə 6 hamam göstərilmişdir. XII Georginin fərmanlarının birində maraqlı məlumatlara rast gəlinir. Belə ki, Mehtər və Behbudun hamamları ayrı-ayrılıqda göstərilmişdir. Behbudun hamamı Mehtər hamamının qərbində, Tabor dağı tərəfdə olub. XIX əsrin planından müəyyən olunduğu kimi, Qala qapısına ən yaxın olan hamam Tiflis (Sion) hamamı idi. Sonralar onu II İraklinin və ya Dariyanın (II İraklinin arvadı Darecanın qısaldılmış adıdır - M. M.) hamamı adlandırmışlar. Hamamlar və Axundov küçələrinin küncündə yerləşən bu hamam bir zamanlar çar hakimiyyəti ilə patriarxın arasında xeyli mübahisəyə səbəb olub. Zaman-zaman gürcü çarlarının, gah da Sion kilsəsinin əlinə keçib. Onun qədimliyini VI Vaxtanqın möhürü də təsdiq edir. 1677-ci il tarixli bir fərmanda deyilir: Hamam suları həddindən artıqdır. Başqa hamamlar yeni tikilibsə də, bu hamam çoxdan mövcuddur». Onun qərbində, bir az aralıda isə Məlikin amamı yerləşirdi. Qədim hamamdan, İrakli hamamından başqa Mehtər (XVII əsrin I yarısı), Eynali (XVII əsr), Sərin hamam (XVII əsr), Behbudun hamamı (XVII əsr) qeyd olunmuşdur. Mehtər ha­ma­mı sonralar Sumbatov hamamı adlanmışdır. Kü­r­ün yaxınlığında yerləşən Sərin hamam Şnoyev hamamı adlanırdı. Qala hasarlarının daxilində də «Xocanın hamamı» ad­la­nan hamam var idi. Ağa Məhəmməd şah Qacarın özünü müalicə etmək istədiyi və heç bir xeyri dəymədiyinə görə dağıdılmasını əmr etdiyi hamam bu hamam idi.

Hamamların adı əksər hallarda onun sahibinin adından və ya vəzifəsindən irəli gəlirdi. Buna görə də onların adları da dəyişirdi. Bəzi hamamın adı onun xarakterik xüsusiyyətlərindən irəli gəlirdi (Sərin hamam, Fitil hamamı). Eynalı şəhərin məliki idi (1655-1672-ci illər). O, hamamı yenidən tikdirmiş və suyu Davud xanın hamamından çəkdirmişdir.

Bəzi tədqiqatçılar Eynalı hamamını 19-cu əsrdə Mirzə oğlu hamamı adlanan binanı hesab edir. Mirzə oğluna qədər o, Zubalaşviliyə məxsus idi. Behbudun hamamı isə gərək ki, bu günkü Qarnizon hamamı adlanan hamam olsun.

Hamamlarda əsasən Şərq-İran memarlığının izləri vardır. (Bu, XVII əsr Tiflis memarlığının təqdirə layiq xüsusiyyətlərindən biridir). XIX əsrin II yarısında «Bəzəkli hamam» adlanan hamam Şərq üslubunda yenidən tikilmişdir.

Qədim Tiflis hamamları təkcə yuyunmaq, təmizlənmək üçün deyildi. Bu hamamlar müəyyən mənada ictimai təyinatı da yerinə yetirirdi. İosif Qrişaşvili yazırdı:

«Əvvəllər hamam onu arzu edənlər üçün açıq idi. Camaat səhərdən axşama kimi orada qala bilirdi. Hamam bəzən şəhərə gələn kəndli üçün mehmanxananı da əvəz edirdi: malı ağıla bağlayır, özü isə iki şaa pula bütün gecəni hamamda rahatca yatırdı... Hamamda arvadlar bütün günü qalır, nahar da edirdilər... Sonra çay içməyə başlayırdılar... Bu, onlar üçün klub da idi, teatr da. Bundan başqa qadınlara hamamda öz bəzək şeylərini, qiymətli sırğalarını çıxardıb göstərməyə imkan verilirdi. Qadın özünün təzə aldığı paltarını, şübhəsiz, hamamda geyinməli idi. Şübhəsiz, elçilər hamamda da öz vəzifələrini unutmurdular. Bir çox gözəl qadının taleyi hamamda həll olunurdu. Hamamda bir çox etibarlı «qadın və gəlin» xoşbəxt olub və bir çox lüt qadının da çoxlu eyibləri aşkar olub.

Yeyib içən tiflislilər kefdən sonra hamamlarda vaxt keçirməyi özlərinə borc bilirdilər. Bağlarda başlanan kef həmişə hamamlarda başa çatdırılırdı».

Abdulla Şaiq öz xatirələrində bu barədə yazır:

«Bu hamamlar gecə-gündüz qurnalardan şırhaşır axıb hovuzlara tökülən kükürdlü, isti mədən suları ilə məşhurdur. Heç bir ictimai yerə çıxmayıb evdə dustaq kimi yaşayan çarşablı arvadların ən böyük əyləncə yeri bu hamamlar idi. Hamı burada görüşür, burada tapışır, burada şirin söhbətə qızışır, oğlunu evləndirmək istəyənlər burada qız bəyənirdi. Hər kəs öz gücünə görə səhərdən boğçasına pendir, çörək, yayda qarpız, xiyar bağlayıb hamama gedir, axşama qədər gününü orada keçirirdi.

Hamama mən adətən atamla gedirdim. Hamama daxil olan kimi gözə dərhal kərpicdən tikilmiş, əhəng və gəc ilə suvanmış böyük bir hovuz çarpırdı. Hovuzun sağ və sol tərəflərində soyunmaq üçün yerdən bir qədər uca xüsusi səkilər vardı. Nazik və uzun taxtalardan qayrılmış kiçik bir daxmada hamamçı otururdu. Soyunulan paltarlara nəzarət edən xidmətçi çimib gələnlərin ayağına su tökür, geyinmək istəyənlərə hər cür kömək göstərirdi. Bir tərəfdə isə samovar qaynayır, çayçı müştərilərə çay paylayırdı. Bir dəfə atam ilə hamama getməyim heç xatırımdan çıxmır. Biz hamama daxil olan kimi ətrafımızı kisəçilər bürüdü. Atam birini seçdi. O, əvvəlcə hamamın səkisinə iki fitə sərdi.
Son­ra uzanmaq üçün bir fitəni yumrulayıb başaltı qoydu. Biz fitə üstündə oturduq. Kisəçi əvvəlcə atamın saqqalına xına yaxıb uzandırdı. Sonra mənə kisə çəkdi. Mən oturub atamı gözləyirdim. Kişi başqa birisinə kisə çəkdikdən son­ra atamın saqqalının rəngini yuyub bədəninə kisə çəkməyə başladı. Sonra canını ovuşdurdu. Bütün bu tamam-dəsgahdan sonra böyük hovuza girdik. Hamının yuyunduğu bu hovuzda çimmək məni hər şeydən çox darıxdırdı. 3-4 saat davam edən yuyunma nəhayət başa çatdı. Hamam xidmətçisi ayaqlarımıza su tökdü, sonra atamın bədənini püştimal etdi (ovuşdurdu). Kişi hamamı intizamlı və səs-küysüz idisə də, kisəçinin hoqqabazlıqları, atamın saqqalının xınası və rəngi, onun bütün hamam qanun-qaydalarına qeyd-şərtsiz itaət etməsi məni lap hövsələdən çıxardı...». 

Görkəmli rus şairi A. S. Puşkin «Ərzuruma səyahət» adlı yol qeydlərində kükürdlü Tiflis hamamları barəsində də yazır:

«Karsikaladan bir neçə verst aralı, Rum yürüşlərinin abidəsi, Kür üzərindəki qədim körpüdən keçərək Tiflisə getdik...

Mən traktirdə dayandım, o birisi gün isə Tiflisin məşhur hamamlarına yollandım. Şəhər mənə çox qalabalıq göründü. Ermənilər, gürcülər, çərkəzlər, farslar Şeytanbazarda toplaşmışdılar. Onlar arasında gənc rus məmurları Qarabağ ayqırlarının belində gəzirdilər. Hamamların girəcəyində qoca fars oturmuşdu. O, qapını mənə açdı. Mən geniş bir otağa daxil oldum. Və nələr gördüm? 50 nəfərdən çox cavan və yaşlı qadın yarı çılpaq və lüt halda bəziləri divarlara söykənmiş skamyalarda oturub, bəziləri də ayaq üstə geyinib soyunurdular. Mən dayandım. Gedək, gedək, - dedi mənə sahibkar, - Bu gün çərşənbə axşamıdır, qadın günüdür, eybi yoxdur. Əlbət də eybi yoxdur, əksinə daha da yaxşıdır, - deyə mən ona cavab verdim. Kişi məxluqunun ora daxil olması heç bir narahatçılığa səbəb olmadı. Onlar qəh-qəhə çəkib gülüşərək söhbətlərini davam etdirdilər. Belə çıxdı ki, mən gözə görünməz halda ora daxil oldum. Onlardan çoxu doğrudan da gözəl idi.

Fars məni hamama saldı. Qaynar, kükürdlü su qayada yonulmuş, dərin  hovuza axırdı. Ömrüm boyu Tiflis hamamları kimi hamam nə Rusiyada, nə də Türkiyədə gördüm».

A. S. Puşkin daha sonra yazır:

«Hamam sahibi məni kisəçi tatara (azərbaycanlıya - M. M.) təhvil verdi. O, mənim qayğımı çəkməli idi. Həsən (bu tatarı belə çağırırdılar) öz işinə başladı, yonulmuş daş döşəməyə məni uzatdı, sonra da qabırğalarımı ovxalamağa, oynaqlarımı gərməyə, yumruğu ilə bərkdən vurmağa başladı. Mən cüzi ağrı belə hiss etmirdim, əksinə xüsusi bir ləzzət hiss edirdim. Asiyalı kisəçilər bəzən çuşa gələrək çiyinlərin üstünə çıxırlar, ayaqları ilə ombalarda sürüşürlər və kürəkdə çöməlirlər. Bundan sonra yun kisə ilə uzun müddət bədənimi sürtdü, isti su ilə məni yaxaladı və kətanda köpüklənmiş hava şarı ilə məni yumağa başladı. Dil ilə deyilməyən duyğudur: isti sabun hava kimi üstünə püskürür. Sabun püskürməsindən sonra Həsən məni hamama saldı və mərasim sona yetdi».

1812-ci ildə İrana göndərilən Rusiya diplomatı Vilhelm fon-Freyqanq və onun arvadı Frederika fon-Freyqanq yazırlar:

«Tiflis hamamları çox gözəldir. İsti su qayadan qaynayaraq hovuza özü tökülür. Suda böyük miqdarda kükürd vardır, revmatizm, səpmə, qaşınma və yaraları sağaltmaq üçün çox müalicəvidir. Şəhər kənarı yerdə (hamamların əksəriyyətinin yerləşdiyi Seyidabad məhəlləsi nəzərdə tutulur) ona qədər hamam vardır ki, onlar da bir növ yuxarı və aşağı temperaturdadır.

Hamamlar mağaralarda qurulmuşdur. İlk dəfə aşırımlı bir neçə lampanın zəif işıqlandırdığı qaranlıq salona daxil olursan. Orda xalçaların sərildiyi iki taxt durur. Taxtda istədiyin palaz sərilir ki, onun üstündə də bir neçə vaxt dincəlib çimməyə hazırlaşırsan. İki-üç aşırımlı salonu keçəndən sonra hamama daxil olursan və dönmədən su kranı vasitəsi ilə doldurulan hovuza girirsən. Ən qaynar su olan hovuz son aşırımlı salondadır. Hovuz, eləcə də onun vasitəsi ilə bu hovuza düşdüyün pilləkan da qayada yonulmuşdur.

Gürcülər, əlalxüsus varlı-hallı gürcü qadınları həftədə bir dəfə bütün günü və əksər hallarda gecələri də hamamlarda keçirirlər. Birinci aşırımlı salonda onlar taxtda yayxınaraq saçlarını və dırnaqlarını boyadırlar. Yaşlı gürcü qadınları da saçlarını boyadığına görə hörükləri kəhrəba kimi qaradır. Orda onlar üzlərinə ənlik-kirşan çəkirlər. Qaşlarını boyayıb sürmə çəkirlər və sair. Bunlar olmadan burda gözəlliyi təsəvvür etmək çətindir. Bu, onlar üçün böyük gündür, ağrı və məhəbbət günü».

 

Fransız yazıçısı Aleksandr Düma Qafqaza səyahət edərkən yazdığı «Qafqaz» əsərində Tiflis hamamları barəsində qeyd edir:

«Qafqazda mineral sular var. Onların istiliyi 65 dərəcəyə çatır. Onlar soyuq dəyməyə xeyirlidir və yalnız buxar şəklində istifadə olunur. Hovuzda yuyunan mələfəyə bürünərək uzanır, mələfənin uclarından dörd nəfər tutur. Yuyunma 6-8 dəqiqə davam edir. 10 dəqiqə yalnız ən sağlam hamam həvəskarları dözə bilir. Həmin ildə faciəli şəkildə erməni yepiskopu öldü. Utandığından o, proseduranı bilən şəxsləri mələfənin uclarından tutmağa icazə verməmiş, onları 4 nəfər diakon (aşağı dərəcəli keşiş) əvəz etmişdir. Onlardan birinin diqqətsizliyi üzündən mələfənin ucu əlindən çıxmış və yepiskop aşağı yumalanaraq qaynar suya düşmüşdür. Xidmətçilər bərkdən qışqıraraq onu oradan çıxartmağa cəhd etsələr də öz əllərini yandırmışlar. Onların hay-küyünə hamamçılar gələrək yepiskopu hovuzdan çıxartsalar da artıq gec idi, yepiskop yanmışdı».

S. Kişmişov «Nadir şahın Herata, Qəndahara, Hindistana yürüşü və onun ölümündən sonrakı hadisələr» kitabında yazır:

 

     «Sentyabrın 13-də şah Tiflisə gəldi. O, Gəncə qapısı yaxınlığında dayanıb öz yaxın adamlarının məsləhəti ilə özünün əzab çəkdiyi xacəliyindən müalicə olmaq ümidi ilə Çar hamamında çimdi. Lakin onun xəstəliyinə, mənbələrin verdiyi məlumata görə bulaqlar kömək etmədi. O, qəzəblənərək hamamı yerli-dibli uçurmaq əmrini verdi».

     J. Turnefor «Şərq ölkələrinə səyahət» əsərində yazır:

 

 

 

«Saraydan, elə oradaca yerləşən hamamlara baş çəkməyə getdik. Burada dözüləsi temperaturda ləzzətverici isti sular vardır. Təxminən Ərzurum yaxınlığındakı İlçə suları kimidir. Tiflis hamamlarında qaynar sulardan başqa isti və soyuq sular da vardır. Hamamlar yaxşı təşkil olunmuşdur və şəhərlilər üçün həm də gap etmək yeridir».

                                                                                              Mirzə Məmmədoğlu  

მსგავსი