17 March 2017
  • 310 ნახვა

Azərbaycanın İstiqlal Bəyannaməsinin mətnini Rəhim bəy Vəkilov hazırlayıb

Görkəmli ictimai-siyasi xadim Rəhim bəy Əliağa oğlu Vəkilov 1898-ci ildə Azərbaycanın Qazax qəzasındakı Salahlı kəndində mülkədar ailəsində anadan olmuşdur. O, 12 yaşında ikən Bakıdakı texniki təmayüllü Realnı məktəbə qəbul olunur. 1916-cı ildə bu məktəbin tam kursunu bitirəndən sonra isə 9 saylı Rus-Tatar məktəbində xalq müəllimi kimi fəaliyyətə başlayır. Eyni zamanda tələbə təşkilatlarında fəal iştirak edir. Ümumqafqaz tələbə təşkilatı adlanan təşkilatın işində fəaliyyət göstərən Rəhim bəy Vəkilovun milli-demokrat yönümlü ilk milliyyətçi baxışları formalaşır. Həmin vaxtlar Gəncədə 1918-ci ilin aprel-may ayları Azərbaycan Respublikasının maarif naziri, 1919-cu ilin aprelindən 1920-ci ilin martına qədər Nazirlər Şurasının sədri olmuş Nəsib bəy Yusiflbəyli tərəfindən Türk Ədəmi Mərkəziyyət Partiyası yaradılır. 1917-ci ildə Müsavat və Türk Ədəmi Mərkəziyyət partiyaları vahid təşkilatda birləşəndən sonra 1917-ci il sentyabrın 21-31-də keçirilən qurultayda birgə yaradılan mərkəzi komitəyə M. Ə. Rəsulzadə, M. N. Hacınski, X. Rəfibəyli, N. Yusifbəyli, Ş. Rüstəmbəyli, M. Vəkilov, A. Ağazadə, M. Axundovla yanaşı R. Vəkilov da daxil edilir. Müsavat partiyası təkcə Bakıda deyil, bütün Azərbaycanda böyük siyasi qüvvəyə çevrilir.

Rəhim bəy Vəkilov 1918-ci ilin əvvəllərində Müsavat partiyasına daxil olur, 1920-ci ilin iyulunda  Müsavat partiyasının MK yanında siyasi işlər komissiyasının rəhbəri təyin olunur. Sonralar Rəhim bəy bu partiyadan Zaqafqaziya Seyminə seçilir. Rəhim bəy Seymdə Azərbaycan fraksiyasının başında duran divanın üzvü olur.

1918-ci il mayın 28-cə Tiflis şəhərində Azərbaycan Milli Şurası Azərbaycanın İstiqlal Bəyannaməsini qəbul edəndə onun tərkibində Rəhim bəy Vəkilov da var idi. Bəyannaməni imzalayanlardan biri də Rəhim bəy Vəkilov olur. Onu da qeyd etmək lazımdır ki, İstiqlal Bəyannaməsinin mətni məhz elə onun tərəfindən hazırlanmışdır.

Rəhim bəy Vəkilov 1918-ci il dekabrın 7-də Azərbaycan parlamentinə üzv seçilir. O, parlamentdə ən gənc deputat olaraq parlamentin katibi seçilir. O, həm də hökumətin orqanı olan “Azərbaycan” qəzetinin redaksiya heyətinə daxil edilir. Redaksiya heyətinin üzvü olmaqla yanaşı, onun səhifələrində müntəzəm olaraq maraqlı yazıları ilə də çıxış edir. Rəhim bəy Vəkilov  tarixşünaslıq baxımından maraqlı olan “Azərbaycan Cümhuriyyətinin yaranma tarixi” adlı məqaləsində yazırdı:

“Zaqafqaziyanın müstəqillik aktını elan etməklə Türkiyə ilə sülh bağlamaq və həm bütövlükdə Zaqafqaziya üçün, həm də xüsusilə Seymin müsəlman sektoru üçün qətiyyən arzu edilməyən konflikdən qaçmaq olardı. Türkiyə cəbhəsində müharibəni qurtarmaq məsələsi onların qarşısında bütün ciddiliyi ilə dururdu və yubanmadan həllini tələb edirdi.

Türkiyədə doğmalıq hisslərindən ilhamlanan Zaqafqaziyanın türk əhalisi öz ağır vəziyyətinə və fiziki mövcudluğu üçün yaranmış təhlükəyə görə öz nümayəndələrinin vahid Zaqafqaziya respublikası ilə həmrəylik və mənafe birliyini rəhbər tutmasını da qiymətləndirməməyə bilməzdi. Elə bu səbəb müsəlman əhalini öz yeganə xilaskarı kimi Türkiyəyə bel bağlamağa ruhlandırırdı. Sülh danışıqlarının başlanmasının ilk günlərindən müsəlman əhalisinin separat nümayəndəlikləri əvvəl Trabzona, sonra isə Batuma və İstanbula axışmağa başlayırlar. Onlar məşhur “İlhaq” şüarını irəli sürürdülər. Seymin müsəlman fraksiyası öz xalqının Türkiyəyə münasibətdə bu əhval-ruhiyyəsini nəzərə almaya bilməzdi. Bu isə, Zaqafqaziya Seyminin Trabzon konfransından sonra aprelin əvvəllərində Türkiyə ilə hərbi əməliyyatlara yenidən başlamaq qərarı ilə bağlı, müsəlman fraksiyalarının əksəriyyəti tərəfindən qəbul edilmiş qətnamədə öz əksini tapdı...”.

Zaqafqaziya Seymində müsəlman fraksiyalarının sayı dörd idi. 1) Federalistlərin türk demokrat partiyası “Müsavat” və ona qoşulan demokratik bitərəflər qrupu. 2) “Müsəlman sosialist qrupu”. 3) Rusiya müsəlmançılığı (“İttihad”). 4) Sosial-demokrat (Menşevik) “Hümmət” partiyası. Rəhim bəy Vəkilov «Müsavat» və demokratik  bitərəflər qrupuna daxil idi. Partiyaların bu siyahısı  Seymin 1918-ci il 28 fevral tarixli iclasında təsdiq olundu, lakin sonralar bu siyahıda müxtəlif dəyişikliklər edildi, bir partiyadan başqa partiyaya keçmək halları baş verdi. Buna görə də bütün partiyaların ümumi razılığı ilə müsəlman fraksiyalarının birləşmiş iclaslarının rəyasət heyəti kimi “Müsavat” fraksiyasının və demokratik bitərəflər qrupunun aşağıdakı tərkibdə rəyasət heyəti qəbul edildi: M. Ə. Rəsulzadə - sədr, M. Y. Cəfərov və Nəsib bəy Yusifbəyov – onun müavinləri, M. Mahmudov və Rəhim bəy Vəkilov - katiblər.

Tiflisdə yeni yaranan dövlətlər üçün beynəlxalq ənənənin tələb etdiyi bütün lazımi işləri gördükdən sonra Milli Şura və hökumət öz fəaliyyətini daha da genişləndirmək üçün iyunun 16-da Gəncəyə köçdü. Burada 1918-ci il iyunun 17-də sayca yeddinci iclasda Rəhim bəy Vəkilov katib seçilir. İclasda hökumətin istefası qəbul ediləndən sonra Müvəqqəti hökumət təsdiq edilir.

Sonralar onun partiya ilə münaqişəsi baş verəndə deputatlıq səlahiyyətindən imtina edərək parlamentdən gedir. Lakin partiyada fəaliyyətini davam etdirərək onun bəzi tapşırıqlarını yerinə yetirir. Sovetləşmədən bir neçə gün əvvəl sovet hakimiyyətinə meyl göstərən qrupa qoşulur. 1920-ci ilin aprelində Qızıl Ordu Azərbaycana doğru irəliləyəndə Ordunun inqilabi şurası ilə danışıqlar aparmaq üçün Rəhim bəy Vəkilov bir neçə nəfərlik deputat qrupunun tərkibində bolşeviklərlə müştərək işlərin şərtləri barəsində danışıqlar aparmaq üçün Şimali Qafqaza, Serqo Orconikidzenin yanına gedir. Pyatiqorskda onlar Sergey Kirov və Budu Mdivani ilə görüşürlər. Burada müəyyən anlaşılmazlıq üzündən həbs olunurlar. Lakin bir aydan sonra  azad edilirlər.

Azərbaycan sovetləşəndən sonra Rəhim bəy siyasi fəaliyyətini gizli şəkildə yenə davam etdirir. Bəzi məlumata görə, Məmməd Əmin Rəsulzadənin Bakıdan qaçışını təşkil edənlərdən biri də Rəhim bəy olmuşdur.  

Rəhim bəy Vəkilov 1922-ci ilin sentyabrında savadını artırmaq məqsədi ilə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə daxil olur. Təhsilini davam etdirməklə yanaşı Müsavat partiyasının işlərinə də rəhbərlik edir.

1923-cü ildə müsavatçıların ilk kütləvi həbsləri nəticəsində Rəhim bəy Vəkilov da həbs olunaraq sürgün edilir. Sürgündən sonra bir müddət Bakı-Culfa dəmiryolu idarəsində inzibati şöbə rəisi kimi fəaliyyət göstərir. Sonralar xüsusi xidmətlər tərəfindən müntəzəm təqib edildiyindən 1934-cü ildə intihar edir.

Rəhim bəy Vəkilov Salovkidə musavatçı həmkarları ilə sürgündə olanda həmin vaxtlar gürcü yazıçısı Konstantine Qmsaxurdiya onunla bir düşərgədə olub. Məşhur gürcü yazıçısı və ictimai xadimi, Gürcüstan Elmlər Akademiyasının üzvü, Şota Rustaveli adına Dövlət mükafatı laureatı Konstantine Qamsaxurdiya 1917-1924-cü illərin xatirələrində Salovki düşərgəsindəki məhbusluq həyatından, məhz elə Rəhim bəy Vəkilov ilə əlaqələrindən, onun nəcib keyfiyyətlərindən ürəkdolusu söhbət açır.

                                                                                                                          Mirzə Məmmədoğlu

მსგავსი