15 March 2017
  • 389 ნახვა

Azərbaycan Demokratik Respublikasının yaradıcılarından biri Fətəli xan Xoyski

Azərbaycan Demokratik Respublikasının yaradıcılarından biri Fətəli xan Xoyski 1875-ci ildə Şəki şəhərində anadan olmuşdur. O, Cəncə Klassik Gimnaziyasını, 1901-ci ildə isə Moskva Dövlət Universitetinin hüquq fakültəsini bitirmiş, əvvəlcə Gəncədə, sonra isə Suxumi, Batumi və Kutaisi dairə məhkəmələrində müxtəlif vəzifələrdə çalışmış, Yelizavetpol (Gəncə) quberniyasından Yekaterinador dairə məhkəməsinin prokuror müavini kimi II Dövlət Dumasına üzv seçilmişdir. Fətəli xan Xoyski Dövlət dumasında II şöbənin, onun altı komissiyasının üzvü olmuşdur.

1906-cı il avqustun 16-dan 21-dək Nijni Novqorodda keçirilmiş Müsəlmanların üçüncü qurultayında “İttifaqi- müslimin”in proqramı qəbul edilmişdir. Bu təşkilat 23 nəfərdən ibarət komissiya yaratdığı zaman Fətəli xan Xoyski iqtisadiyyat və hüquq komissiyalarına daxil idi. Azərbaycan deputatları müsəlmanların parlament fraksiyası tərkibinə, Fətəli xan Xoyski və Xəlil bəy Xasməmmədov isə onun bürosuna daxil idilər.

Ömrünü Azərbaycan Respublikasının müstəqilliyinə, onun xoş gələcəyinə həsr etmiş Fətəli xan Xoyskinin fəaliyyətinə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev yüksək qiymət verərək qeyd etmişdir: “Azərbaycanda ilk demokratik respublikanın qurulmasında Əlimərdan bəy Topçubaşovun, Fətəli xan Xoyskinin və onların silahdaşlarının gördüyü işlər Azərbaycan xalqının bu günü üçün çox böyük əhəmiyyət kəsb edir. Onların fəaliyyəti bizim üçün həmişə əziz olacaqdır. Onların xatirəsi bizim qəlbimizdə daim yaşayacaqdır”. Qeyd etmək lazımdır ki, Birinci Dünya Müharibəsi illərində müstəqil Azərbaycan Respublikası yaratmaq planı mövcud idi. Belə bir addım atmaq təşəbbüsünü “Difai” təşkilatının keçmiş üzvləri irəli sürmüşdü. Onların nümayəndələrindən biri - Fətəli xan Xoyskinin qohumu Aslan xan Xoyski 1915-ci ilin  fevral ayında gizli olan qərargaha gəlmişdi. Bu səfərdə məqsəd Bakı, Yelizavetpol, İrəvan quberniyalarının, habelə Dağıstan və Terekin daxil olacağı Azərbaycan Respublikasının yaradılması işinə Türkiyədən yardım almaq idi.

1917-ci il noyabrın 15-də Əmək və Xarici İşlər Nazirliyinin işi üzrə komissar olan Y. R. Qeqeçkorinin başçılığı ilə Zaqafqaziya komissarlığı təsis ediləndə Fətəli xan Xoyski xalq maarifi naziri olmuşdur. Zaqafqaziya Seyminin gürcü bölməsi Batumdakı sülh nümayəndəliyinin gürcü üzvləri ilə birbaşa əlaqə vasitəsilə gizli danışıqlar aparıb, Zaqafqaziyadan ayrılaraq öz müstəqilliyini bəyan etməyə hazırlıq görəndə Fətəli xan Xoyski onlara cavab verərək deyir ki, “Zaqafqaziya xalqları ən müxtəlif ümumi mənafelərlə bir-birilə sıx bağlıdır və bu cür asan ayrıla bilməzlər. Ancaq əgər gürcü xalqının iradəsi belədirsə, bizim buna mane olmağa heç bir haqqımız yoxdur və Azərbaycan türklərinin bu yeni hadisə ilə bağlı uyğun qərar qəbul etməkdən başqa çarəsi qalmır”. Seymin müsəlman fraksiyalarının birgə iclasında siyasi məqamın hərtərəfli müzakirəsindən sonra qətnamə qəbul edilir: “Əgər Gürcüstan öz müstəqilliyini elan edərsə, biz də öz tərəfimizdən Azərbaycanın müstəqilliyini elan etməliyik”.

1918-ci ildə Milli Şuranın Rəyasət Heyətinin seçkiləri zamanı Müsavat partiyası tərəfindən irəli sürülən Məmməd Əmin Rəsulzadə gizli səsvermə nəticəsində 22 səs üstünlüyü ilə Milli Şuranın, Fətəli xan Xoyski isə yekdilliklə icraedici orqanın sədri seçilir. 1918-ci il mayın 28-də Tiflis şəhərində Azərbaycan Milli Şurası Azərbaycanın İstiqlal Bəyannaməsini  qəbul edəndən sonra, Fətəli xan Xoyski Azərbaycan Demokratik Respublikasının birinci hökumətinin - müvəqqəti hökumətin tərkibini elan edir. Belə ki, Nazirlər Şurasının sədri və daxili işlər naziri özü olur. 1918-ci il dekabrın 26-da təşkil olunmuş hökumət kabinəsində də Nazirlər Şurasının sədri və xarici işlər naziri vəzifələrini icra edir. Xüsusilə qeyd etmək lazımdır ki, onun fəaliyyət göstərdiyi dövrlərdə dövlət orqanlarının təməli qoyulmuşdur. Ana dilində məktəb və seminariyaların açılması və digər mütərəqqi tədbirlərin həyata keçirilməsi məhz elə onun adı ilə bağlıdır. 1919-cu il mayın 6-da Fətəli xan Xoyski şovinist ermənilərin  mənfur niyyətlərini anlayıb bəyanat verərək bildirmişdir: “Daşnaksütun” partiyası Seym fraksiyasının məsul nümayəndələrinə bildirmişdir ki, Bakı hadisələrini ləğv etməyi bu şərtlərlə öz üzərlərinə götürürlər ki, Bakıda gələcək hökumət sırf müsəlman hökuməti kimi deyil, beynəlmiləl hökumət kimi yaradılsın və erməni hissələri Bakıda saxlanılsın”. O, daha sonra  xüsusilə qeyd edir ki, belə həyasız təklifi o, həmin an taktiki mülahizələrlə rədd etməlidir.

1918-ci il noyabrın 10-da bazar günü Azərbaycan hökuməti Nuru paşanın şərəfinə verilən, 400 nəfər tanınmış ziyalının, siyasi xadimin, cəmiyyət liderlərinin və Azərbaycan ordusu rəhbərinin iştirak etdiyi ziyafətdə Fətəli xan Xoyski ilk çıxış edərək demişdir: “Azərbaycan çöllərində bizim türk qardaşlarımızın qanı bizim türklərin qanı ilə bir-birinə qarışdı. Mənşə etibarilə biz bir-birimizə qohumuq, indi bizim bir-birinə qarışan qanımız bunu daha da möhkəmləndirdi. Azərbaycanın azadlığı uğrunda tökülmüş qanlar Osmanlı və Azərbaycan türkü arasında yaxınlaşmanın və qırılmaz əlaqələrin möhkəm təminatıdır”.  Mənfur niyyətlərinə nail olmaq istəyən ermənilər həmişə Fətəli xan Xoyskidən ehtiyat edirdilər və ona qarşı həmişə gizli və bəzən də açıq-aşkar mübarizə aparırdılar. Xarici işlər naziri vəzifəsində işləyərkən Məhəmmədhəsən Hacinski mart ayının 30-da Azərbaycanın Tiflisdəki daimi nümayəndəsi M. Y. Cəfərova yazırdı ki, “əvvəllər, Ağayevə qarşı kampaniya qaldırmışdılar, indi də Topçubaşovu ləkələmək istəyirlər, açıq surətdə bildirirlər ki, o, Parisə buraxılmamalıdır”. O, daha sonra göstərir ki, “Fətəli xanı təklif  etməyə qorxuram, çünki Parisdə Azərbaycan hökumətinin başçısı kimi guya erməni qırğını törətməkdə onu günahlandırıb ləkələməyə başlayacaqlar”.

1920-ci ilin yanvarında Paris sülh konfransında Azərbaycan Respublikasının siyasi cəhətdən tanınması Ə. M. Topçubaşov başda olmaqla Azərbaycan nümayəndələrinin uğurlu diplomatik fəaliyyəti hesab edilməlidir. Yanvarın 14-də saat 10.00-da Bakıda bayram şənlikləri başlamışdı. Parlamentin təntənəli iclası keçirildi. Deputatlarla birgə bütün hökumət üzvləri, İngiltərə, Gürcüstan, Estoniya və Polşa diplomatik nümayəndələri də iclasda iştirak edirdilər. Sədrlik edən Həsən bəy Ağayev (qeyd edək, o da Fətəli xan Xoyski kimi 1920-ci il  aprel ayının 28-də Tiflisdə muzdu qatil tərəfindən qətlə yetirilmiş və Tiflisdəki Müsəlman qəbristanlığında dəfn edilmişdir) parlament iclasını açaraq sözü Fətəli xan Xoyskiyə vermişdir. Azərbaycanın istiqlaliyyətinin elan edilməsi və onun böyük dövlətlər tərəfindən tanınması uğrunda mübarizənin ağırlığını öz çiyinlərində çəkənlərdən biri olan Fətəli xan qısa təbrik nitqində demişdir: “1919-cu il may ayının 28-də Azərbaycan xalqı öz istiqlaliyyətini elan etdi. Lakin bunu etmək hələ az idi. Bütün dünyaya sübut eləmək lazım idi ki, biz müstəqil həyata layiqik və ötən il yarımda Azərbaycan xalqı Avropaya sübut etdi ki, o, müstəqil yaşaya bilər, müstəqil idarə edə bilər. Azərbaycan xalqının həyat qabiliyyətinə inanan Avropa bizim müstəqilliyimizi tanımağı lazım bildi. Birinci Azərbaycan hökuməti təşkil olunduğu vaxt, onun başında mən durdum, indi isə bizim respublikamızın müstəqilliyinin tanınması haqqında xəbəri sizə çatdırmağı özüm üçün böyük xoşbəxtlik hesab edirəm”. 1919-cu ilin mart ayında Fətəli xan Xoyskinin başçılıq etdiyi hökumət istefa verəndən sonra o, Nazirlər Şurasının sədri Nəsib bəy Usubbəyovun təşkil etdiyi hökumət kabinəsində xarici işlər naziri kimi yenə də siyasi fəaliyyətini davam etdirmişdir. Azərbaycan Demokratik Respublikasının beynəlxalq aləmdə tanınmasında onun böyük xidmətləri olmuşdur. Fətəli xan Xoyski Azərbaycan Demokratik Respublikasının xarici siyasi idarəsinə bacarıqla rəhbərlik edərək bütün məsələlərdə ardıcıl və düzgün siyasət aparmışdır. Rusiya imperiyasının XI Qızıl Ordusu tərəfindən müstəqil Azərbaycan Respublikasının  işğalından sonra Tiflisdə sığınacaq tapan Fətəli xan Xoyski bir neçə aydan sonra – 1920-ci il iyunun 19-da muzdlu qatil tərəfindən küçədə güllə ilə qətlə yetirilir. Onun qətlə yetirilməsində əsasən ermənilərin əli olması güman edilir. Fətəli xan Foyski Tiflisdəki Nəbatat bağında Müsəlman qəbiristanlığında dəfn edilmişdir.

                                                  

 

მსგავსი