14 March 2017
  • 502 ნახვა

Azərbaycan Xalq Cümhuriyyətinin Gürcüstandakı ilk diplomatik nümayəndəsi Məmməd Yüsif Cəfərov idi

1918-ci il mayın 28-də Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan xalqının istiqlaliyyətini elan edərək onun müstəqillik əzmini nümayiş etdirmişdir. Fəaliyyət göstərdiyi 23 ay ərzində Azərbaycan Xalq Cümhuriyyəti humanist milli ənənənin, ədəbi, hüquqi, fəlsəfi fikrin, milli “mən”in və milli dövlət şüurunun, bütövlükdə xalqın azadlıq hərəkatının tarixən qanunauyğun və məntiqi yekunu kimi təşəkkül tapmışdı. Yenicə yaranan Azərbaycan Xalq Cümhuriyyəti fəaliyyətinin elə ilk günlərində - 1918-ci il iyunun 27-də öz dövlət dili haqqında qərar verdi. Azərbaycan dilinin rəsmi dövlət dili olması məhz elə bu qərardan başlayır. Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri də, onun Gürcüstandakı ilk diplomatik nümayəndəsi Məmməd Yüsif  Hacıbaba oğlu Cəfərov idi.

 Məmməd Yusif Cəfərov 1885-ci ildə Bakı şəhərində anadan olmuşdur. M. Y. Cəfərov orta təhsilini Bakıda almış, sonra Moskva Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. O, Moskvada oxuyan azərbaycanlı tələbələrin təşkil etdiyi Azərbaycan etnoqrafik konsert gecələrinin və Azərbaycan həmyerlilər təşkilatının əsas rəhbərlərindən biri olmuşudur.

1912-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirən M. Y. Cəfərov “Nikahın şəriət üzrə pozulması” mövzusunda hüquq elmləri üzrə namizədlik dissertasiyasını müdafiə etmişdir. O, həmin il Peterburqda çağırılan IV Dövlət Dumasına Bakı, Gəncə və İrəvan quberniyalarının müsəlman əhalisi tərəfindən deputat seçilmişdir. M. Y. Cəfərov Dumada Kadet partiyasına qoşulmuşdur. O, Dumadakı çıxışlarında çar hökumətinin Azərbaycanda yeritdiyi müstəmləkəçilik siyasətini tənqid atəşinə tutmuşdur.

O, Dumanın müsəlman fraksiyasının 5-ci şöbəsinin büdcə, köçürmə komissiyasının üzvü idi. Müsəlman fraksiyası Dumanın11 komissiyasında nümayəndəlik qazanaraq öz nümayəndəsini Dumanın rəyasət heyətinə daxil etməyə də nail oldu. Fraksiya parlamentiçi ittifaqın rus qrupunda iştirak etməyə başladı. M. Y. Cəfərov və K. M. Tevkeyev də onun tərkibinə daxil idilər. M. Y. Cəfərov burada qrup katibinin müavini seçilmişdi. Hüquq təhsili almış və peşəkarlıq cəhətdən yaxşı hazırlığı olan M. Y. Cəfərov  demək olar ki, fraksiyanın özəyini təşkil edirdi. 

1913-cü ilin martında onun üzvü olduğu fraksiyaya hökumətin həmin vaxtlar rəsmi “Rossiya” qəzetində müsəlman mətbuatının icmalçısı olan M. A. Şahtaxtinski müsəlmanların mənafelərini əks etdirmək üçün Peterburqda rus dilində qəzetin nəşrinə nail olunmasına yardım göstərilməsi üçün müraciət edir və onun təklifini M. Y. Cəfərov dəstəkləyir. Məhz elə onun təşəbbüsü ilə fraksiya 1914-cü ilin aprelində özünün mətbu orqanı olan “Millət” qəzetini buraxmağa başlayır.

O, Romanovlar sülaləsi çarlığının 300 illik yubileyində iştirak etmişdir. M. Y. Cəfərov Peterburqda inşa edilən məscid üçün 20 000  rubl ianə etmək arzusunda olduğunu Buxara əmirinə bildirmiş və buna görə əmir tərəfindən 1-ci dərəcəli Ulduz ordeninə layiq görülmüşdür.

Çıxışlarını hazırlamaq üçüq tez-tez Azərbaycanın kənd və şəhərlərinə baş çəkən, ictimaiyyət arasında, eləcə də mitinqlərdə görünən M. Y. Cəfərov 1917-ci il martın 24-də keçirilən mitinqdə çıxış edərək hazırkı məqamın milli şüarlar irəli sürmək vaxtı olmadığına diqqəti cəlb edərək bütün milli tələblərin müəssislər məclisi tərəfindən yerinə yetiriləcəyini qeyd etdi və Qafqazın bütün xalqlarını birləşməyə çağırdı.

1914-cü ilin iyununda Peterburqda müsəlmanların növbəti qurultayında M. Y. Cəfərov çıxış edərək müsəlmanların mənəvi məsələlərinin təşkilinə dair hökumət tədbirlərinin tarixi icmalını vermiş, mövcud qanunvericiliyi təhlil etmiş və xalqın mənəvi həyatına hökumətin müdaxilə etməsinin arzuolunmazlığını göstərmişdir.

1917-ci ildə Rusiyada fevral burjua inqilabı baş verdi. Həmin il martın 9-da Müvəqqəti hökumətin göstərişi ilə M. Y. Cəfərov da daxil olmaqla Dövlət Dumasının 5 nəfər üzvündən ibarət xüsusi  Zaqafqaziya Komitəsi yaradıldı. Komitədə sənaye və ticarət işlərinə rəhbərlik M. Y. Cəfərova tapşırıldı. O, 1917-ci il noyabrın 15-dən Zaqafqaziya Komissarlığında sənaye və ticarət komissarı idi.

1917-ci il noyabrın 15-də Əmək və Xarici İşlər Nazirliyinin işi üzrə komissar Y. P. Qeqeçkorinin başçılığı ilə Zaqafqaziya Komissarlığı təsis ediləndə ticarət və sənaye naziri  M. Y. Yusifov və nəzarət naziri  Xəlil bəy Xasməmmədov Azərbaycan tərəfindən tərkibə daxil edilmişdi.

1918-ci ilin yanvarında Türkiyə Transqafqaz hökuməti ilə sülh danışıqlarına başlamağa təşəbbüs edəndə müsəlman fraksiyası müzakirələrin gedişində Türkiyənin təkliflərinin qəbul edilməsinin mümkün olduğunu hesab etdi. Sülh məsələsi haqqında gedən müzakirələrdə Azərbaycan nümayəndələrindən hökumət üzvləri X. Məlikaslanov, M. H. Hacinski və eləcə də M. Y. Cəfərov iştirak edirdilər.

1918-ci il fevralın 14-də Tiflisdə Zaqafqaziya Seymi açıldı. Seymdə dörd müsəlman fraksiyası fəaliyyət göstərirdi. Məmməd Yusif Cəfərov, Məmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski və başqa görkəmli şəxslərlə yanaşı, “Müsavat” və demokratik bitərəflər qrupu tərəfindən bu Seymə seçilmişdir. Onun elə ilk iclaslarındaca rəsmi olmasa da, təmsil olunan xalqların sayına görə üç milli sektor: erməni, gürcü və türk sektoru yaranır. Bu sektorun nümayəndələri öz millətlərinin  deyil, partiyalarının adından  çıxış edərək milli münasibətlərin kəskinliyini yumşaltmağa çalışsalar da, onların ciddi cəhdləri bir nəticə verməmişdir. Odur  ki, sonralar Zaqafafqaziya Seymi məhz orada təmsil olunan xalqların milli mənafelərinin toqquşması səbəbindən dağılmışdır.

Zaqafqaziya Seymi öz işini buraxandan sonra onun bütün keçmiş müsəlman üzvləri yığıncaq keçirib, hər bir fraksiyanın tərkibinə mütənasib olaraq kooptasiya hüququ ilə özünü Azərbaycanın Müvəqqəti Milli Şurası elan edərək  ölkəni idarə etmək məsuliyyətini öz üzərinə götürdü. Məmməd Əmin Rəsulzadənin sədr seçildiyi Milli Şura üzvlüyünə seçilənlərdən, eləcə də 1918-ci il mayın 28-də Tiflis şəhərində Azərbaycanın İstiqlal Bəyannaməsini qəbul edənlərdən biri  də  M. Y. Cəfərov olmuşdur.

1919-cu il aprelin 25-də Tiflisdə siyasi, iqtisadi və maliyyə məsələlərini, habelə sərhəd məsələlərini həll etmək üçün çağırılan Qafqaz konfransında Azərbaycan nümayəndə heyətinin tərkibində M. Y. Cəfərov xarici işlər naziri kimi iştirak etmişdir. 1919-cu il dekabrın 14-də o, Azərbaycan Xarici İşlər Nazirliyində bu konfransın işi barəsində çıxış edərək demişdir: “Zaqafqaziyanın ayrı-ayrı müstəqil respublikalara - Ermənistana, Gürcüstana və Azərbaycana parçalanması nəticəsində, təəssüf  ki, bütöv bir sıra həll edilməmiş mübahisəli məsələlər qalmışdır. Bunlardan ən başlıcaları - respublikalar arasında qarşılıqlı münasibət və ərazi məsələləridir. Zaqafqaziya hökumətləri bu məsələləri həll etmək üçün dəfələrlə cəhd göstərmişlər. Bu cəhdlərdən biri Tiflisdə açılmış Zaqafqaziya konfransı idi. Bu konfrans həllini gözləyən məsələlərin və Zaqafqaziya respublikaları arasında mehriban qonşuluq münasibətləri yaradılmasının əsas müddəalarını müəyyənləşdirdi.

Təəssüf ki, yaranmış siyasi şərait bu konfransın başa çatmasına imkan vermədi və məsələlərin bir hissəsi həll edilməmiş qaldı. Ancaq həyat bu məsələlərin həllini təkidlə tələb edirdi. Nəticədə Azərbaycan, Gürcüstan və Ermənistanın baş nazirləri arasında anlaşma baş verdi. Burada üç respublika arasında qarşılıqlı  münasibətlərin bir sıra məsələləri nəzərdən keçirildi. Onlardan ən başlıcası Ermənistan və Azərbaycan arasında mübahisəli ərazilər məsələsi idi. 23 noyabr anlaşması bu mübahisələrin həlli üçün əsas müddəaları müəyyənləşdirdi və hazırkı konfransın əsas vəzifəsi bu müddəaları işləyib hazırlamaq idi”.

1918-ci ilin 28 mayında Azərbaycan Xalq Cümhuriyyəti elan olundu. M. Y. Cəfərov Xoyskinin təşkil etdiyi birinci kabinetdə sənaye və ticarət naziri olmuşdur. O, birinci hökumətin istefaya getməsi ilə bağlı işdən çıxmış, sonra isə Azərbaycan hökumətinin Gürcüstan hökuməti yanında diplomatik nümayəndəsi vəzifəsini icra etmiş, daha doğrusu, ilk səfiri olmuşdur. M. Y. Cəfərov Nazirlər Şurasının sədri N. Yusifbəylinin təşkil etdiyi kabinetdə 1919-cu ilin aprelindən 1920-ci ilin martınadək  xarici işlər naziri vəzifəsində çalışmışdır.

Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq aləmdə tanınmasında onun xidmətləri çoxdur. Onun rəhbərliyi altında həmin dövrdə məşhur Azərbaycan sənətşünasları və ictimai xadimləri Məmməd Ağa oğlunun və Hüseyn Mirzə Camalovun arxivlərdən toplayaraq çap etdirdikləri “Zaqafqaziyada rus siyasətinə dair sənədlər” kitabını xüsusi qeyd etmək lazımdır.

1919-cu il mayın 26-da Gürcüstan, 28-də isə Azərbaycan və Ermənistan öz istiqlallarının birinci ildönümünü təntənə ilə bayram etdilər. Könüllü ordunun, yəni Denikinin ordusunun bir tərəfdən Azərbaycana, digər tərəfdən Gürcüstana hücumu gözlənildiyi üçün iyunun 27-də Azərbaycanla Gürcüstan arasında üç il müddətinə hərbi-müdafiə anlaşması bağlandı. Bu sənədi Gürcüstan adından xarici işlər naziri Qeqeçkori, hərbi və daxili işlər naziri Ramişvili, müdafiə naziri general Qedevanişvili, hərbi şuranın üzvü general Odişelaşvili, Azərbaycan adından xarici işlər naziri Cəfərov, müdafiə naziri general Mehmandarov, baş qərargah rəisi general Sulkeviç imzalamışlar.

Həmin ilin dekabrında Yusifbəyli kabineti  istefaya çıxdığı üçün M. Y. Cəfərov da tutduğu vəzifəni tərk etmişdir. O, 1920-ci ilin fevralında Azərbaycan parlamenti sədrinin müavini vəzifəsinə seçilmişidir. Parlament sədri Ə. Topçubaşov Bakıda olmadığı üçün  M. Y. Cəfərov aprelin 27-nə qədər həmin vəzifəni icra etmişdir. 1920-ci il aprelin 27-də M. Y. Cəfərovun imzasi ilə Azərbaycan parlamenti hakimiyyəti müqavimət göstərmədən bolşeviklərə təhvil vermək barədə qərar çıxardı. Sovet dövründə M. Y. Cəfərov Azərbaycan Pambıqçılıq Trestində və Azərbaycan Şərabçılıq Trestində hüquq məsləhətçisi vəzifəsində işləmişdir. O, 1938-ci il mayın 15-də Bakıda vəfat etmişdir.

მსგავსი