19 December 2016
  • 370 ნახვა

Bəhram Mehdinin öz ifasında şeirləri

Bəhram Mehdi 1943-cü il aprelin 12-də qədim Borçalı mahalının Bolus (indiki Gürcüstanın Bolnisi) rayonundakı Həsənxocalı kəndində dünyaya göz açıb. 1964-cü ildə A.S.Puşkin adına (İndiki Sulxan Saba Orbeliani adına ) Tbilisi Dövlət Pedaqoji İnstitutunu bitirib. Uzun müddət orta məktəbdə müəllim işləyib və eyni zamanda «Gürcüstan» qəzetinin xüsusi bölgə muxbiri olub.1961-ci ildən müntəzəm olaraq mətbuatda çıxış edən Bəhram Mehdinin yaradıcılığı həyatla sıx bağlıdır. O, yalnız görüb duyduqlarını qələmə alır, az sözlə daha çox fikir söyləməyə cəhd edir. Şerləri «Çeşmə» (1980), «Dan ulduzu» (1987, 1989,1990), «Ağır elli Borçalı» (1990) və s. ədəbi məcmuələrdə işıq üzü görüb.  Bir neçə şeir kitabının müəllifidir. Bəhram Mehdi həm də tədqiqatçı alimdir, bir sıra el şairlərinin üzərə çıxarılmasında onun böyük əməyi olmuşdur.  
B.Mehdinin əsərləri arasında xalq yaradıcılığı ruhunda yazılmış şeirlər və nəğmələr xüsusi yer tutur. 
Mən vaxtilə Gürcüstan Radiosunda işləyərkən Gürcüstanda yaşayıb yaradan şairlərin öz ifasında şeirlərini bir qayda olaraq lentə almağı özümə borc bilirdim. 1999-cu ildə Bəhram Mehdinin də öz ifasında bir neçə şeirini lentə almışam. “Poeziya dəqiqələri” silsiləsindən  bu şeirlər dəfələrlə efirdə səslənib. Bu lent yazısı şəxsi arxivimdə qorunub saxlanılır. Poeziya həvəskarlarının  marağını nəzərə alaraq indi onu saytımıza yerləşdirirəm.

Hörmətlə:Mirzə Məmmədoğlu

მსგავსი