17 November 2016
  • 1128 ნახვა

Isa Ismayilzadənin şeirləri öz ifasında

Gürcüstan Radiosunun Qızıl Fondundan

İsa İsmayılzadə 1941-ci il martın 15-də Gürcüstanın Qarayazı (indiki Qardabani) rayonunda anadan olmuşdur. Burada orta məktəbi bitirdikdən sonra ADU-nun filologiya fakültəsində təhsil almışdır (1958-1963).
Ədəbi fəaliyyətə tələbəlik illərində "Aprel çiçəkləri" (1959) almanaxında və "Azərbaycan gəncləri" qəzetində (19 iyun 1961-ci il) çap etdirdiyi ilk şeri ilə başlamışdır. O, Qardabanidə orta məktəbdə müəllim (1963-1964), Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində redaktor, Azərbaycan Sovet Ensiklopediyası Baş redaksiyasında elmi redaktor (1966-1968), "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında ədəbi işçi, şöbə müdiri, baş redaktorun müavini, "Ulduz" jurnalı redaksiyasında şöbə müdiri (1968-1981), "Azərbaycan" jurnalı redaksiyasında baş redaktorun müavini vəzifələrində işləmişdir (1981-ci ildən ömrünün sonunadək). Eyni zamanda Azərbaycan Televiziya və Radio Verilişləri Şirkətinin musiqili veriliş baş redaksiyasında (müqavilə ilə) musiqi mətnləri şöbəsinin müdiri kimi fəaliyyət göstərmişdir (1994-cü ildən). Şeir və poemaları keçmiş SSRİ xalqlarının dillərinə, habelə bir sıra xarici dillərə tərcümə edilmişdir. Onun şeirlər kitabı eləcə də gürcü dilində 1984-cü ildə Tiflisdə Azərbaycan ədəbiyyatının dostu Zezva Medulaşvilinin tərcüməsində nəşr olunmuşdur.
Öz yaradıcılığında poetik tərcüməyə də xüsusi diqqət vermiş, sosialist ölkələri yazıçılarının Moskvada keçirilən birinci Beynəlxalq simpoziumunda (1977), Asiya və Afrika ölkələri yazıçılarının Yurmalada keçirilən seminar-müşavirəsində (1978) iştirak etmişdir. 1997-ci il iyulun 14-də vəfat etmişdir.
1986-cı il avqustun 7-də Gürcüstan radiosunun Azərbaycan dilində verilişlər proqramında İsa İsmayılzadənin bir neçə şeiri öz ifasında lentə alınmışdır. Gürcüstan radiosunda bu proqram bağlandıqdan sonra həmin lent yazılarını şəxsi arxivimdə saxlayıram. İndi onu sizin ixtiyarınıza verirəm. 

Mirzə Məmmədoğlu

მსგავსი