07 February 2017
  • 1209 ნახვა

Eloğlumuz Fərman Cəfərovun ifasında üç mahnı

Fərman Qiyas oğlu Cəfərov 1945-ci ildə Marneuli rayonunun  ağır ellərindən biri olan Sadaxlı kəndində anadan olub. Hələ uşaqlıq vaxtı onda musiqiyə, xüsusilə də məşhur el sənətkarı aşıq Hüseyn Saraclının təsiriylə aşıq musiqisinə böyük həvəs yaranmışdı.

1967-ci ildə o, Sumqayıt musiqi məktəbinin  xanəndəlik şöbəsinə qəbul olundu. Təhsil müddətində muğam sənətinin sirlərini respublikanın  əməkdar artisti Sahib Şükürovdan öyrəndi. 1971-ci ildə musiqi məktəbini fərqlənmə diplomu ilə bitirib təxminən bir ilə yaxın Sumqayıt şəhər mədəniyyət evinin bədii rəhbəri vəzifəsində çalışıb.

Sonra Bakıya gələrək  peşəkar  səhnədə fəaliyyətini davam etdirib. 1974-cü ildə Azərbaycan Dövlət Filarmoniyasına və əməkdar incəsənət xadimi Ağasi Məşədibəyovun rəhbərlik etdiyi “Azərbaycan təranələri” ansamblına solist qəbul olunub.  
Ansamblın solisti kimi Azərbaycanın, demək olar ki, bütün bölgələrində çıxış edib.

1978-ci ildə Azərbaycan Dövlət Konsert Birliyinin solisti seçilib. Bir qədər sonra respublikanın xalq artisti İslam Rzayevin rəhbərlik etdiyi ansamblda çıxış etməyə başlayıb.  

1982-ci ildən solo konsertlər ilə çıxış edib.  Azərbaycan xalq mahnıları, muğam və təsniflərlə yanaşı, bəstəkar mahnıları və aşıq mahnıları da ifa edib.  Repertuarında digər xalqların mahnıları da olub. Özünün bəslədiyi mahnılar da vardır. “Oyna, gülüm” və “Məni” mahnıları və digər bir neçə mahnı ilə birlikdə Azərbaycan  radiosunun  fondunda  saxlanılır. 

Həmçinin onun ifasında “Dilə bəndəm”, “Oyna gülüm” və “Şur təsnifi” mahnıları Gürcüstan radiosunun qızıl fondunda qorunub saxlanılır.
İndi həmin mahnıları onun pərəstişkarlarına təqdim edirik.

Hörmətlə: Mirzə Məmmədoğlu

მსგავსი