06 February 2017
  • 564 ნახვა

Şair Qulamhüseyn Borçalının ifasında öz şeirləri

Qulamhüseyn Borçalı (Əsədov) 1932-ci ilin may ayının 20-də Gürcüstan respublikasının Marneuli rayonunun Axlılələ kəndində yoxsul kəndli ailəsində anadan olmuşdur. O, atasını görməyib. Atasından yetim qalan Qulamhüseyn müəllimi anası böyüdüb ərəsəyə çatdırmışdır. Orta məktəbi, qonşu Aşağı Saral məktəbində oxuyub. Onun gənclik illəri II dünya müharibəsinin ağırlı-acılı günlərinə təsadüf edir. Gənc yaşlarında o, kənd sovetinin nəzdində Dəmyə-Gorarxı və Axlılələ kəndləri üzrə təlimatçı işləyib. Beş il Qulamhüseyn müəllim bu sahədə işləyəndən sonra Dəmyə-Gorarxı kəndində fəaliyyət göstərən kənd mədəniyyət evinin direktoru vəzifəsinə təyin olunur. Bununla yanaşı o, fəal içtimayətçi olub.

“Sovet Gürcüstanı” qəzetində müxbir işləyib. El içində fəal şəxslərdən biri olub. Qulamhüseyn müəllim orta məktəb illərindən poeziya vurğunu olub və özü də bədii yaradıcılıqla məşğul olub, şeirlər yazmağa başlayıb. Onun yazdığı şeirlər 1987-90-cı illərdə Tiflisdə nəşr olunan “Dan Ulduzu”, “Dağlar dərdə düşsə”, “Ağır elli Borçalı”, “Borçalıdan keçən yollar” və s. toplularda və bir sıra qəzet və jurnallarda  dərc olunmuşdur. 2008-ci ildə Qulamhüseyn müəllimin “Allah eşqinə” adlı şeirlər kitabı işıq üzü görmüşdür. Şeir yazmaqla yanaşı gənc yaşlarından sazın-sözün vurğunu olub. O, ustad aşıq Hüseyn Saraclıdan aşıq sənətinin sirrilərini öyrənib, ustad aşıqla Borçalıda bir çox toy məclisləri keçirib. Qulamhüseyn Borçalı atasız böyüdüyündən ailə canlı bir şəxs olub. O, bir oğul, iki qız böyüdüb ərsəyə çatdırıb. Borçalıda yazıb yaradan ziyalı nəslinə mənsub olan Qulamhüseyn müəllim həmişə öz şeirlərində paklığı, saflığı, mərdliyi təmiz sevgini tərənnüm etmişdir.

Qulamhüseyn Borçalı 2011-ci ilin mart ayının 3-də haqqın dərgahına qovuşmuşdur.

Ötən əsrin sonlarında onun öz ifasında şeirlərini lentə köçürmüşdüm və şəxsi arxivimdə qoruyub saxlayıram. İndi  Qulamhüseyn Borçalının ifasında  öz şeirlərini sizə təqdim edirik.

Hörmətlə: Mirzə Məmmədoğlu 

მსგავსი