18 January 2017
  • 493 ნახვა

Ustad aşıq Xındı Məmmədin ifasında bir neçə mahnı

Aşıq Xındı Məmməd 1896-cı ildə Borçalıda - Marneuli rayonunun Qaş Muğanlı (Böyük-Muğanlı) kəndində anadan olmuşdur. Məmməd Gülabı oğlu çətin uşaqlıq dövrü keçirmişdir. Lap körpəlikdən çox məlahətli bir səsə malik olduğunu duyan dayısı Söyün Qoca oğlu onu 1914-cü ildə məşhur el şairi, gözəl söz xiridarı Şair Ağacanın yanına gətirib ona şəyird vermişdir.
Gənc Məmməd bir müddət Ağacanın yanında qalır, şeir-sənət dünyasının sirlərinə dərindən bələd olur, aşıq yaradıcılığını mənimsəyir.
Tale sonra Məmməd Gülabı oğlunu o zamanlar Borçalıda məşhur aşıq kimi tanınan Bəyazidli Məsimlə qoşalaşdırır və bu da onun nadir ifaçı kimi püxtələşməsində əvəzsiz rol oynayır. Qeyri-adi zil, məlahətli səsə malik olan Məmməd aşıq sənətinə dərindən yiyələnib, Borçalının ustad aşığı kimi formalaşır və sonralar "Xındı Məmməd" təxəllüsü ilə gözəl aşıq şeirləri yazmağa başlayır, sazı-sözü ilə böyük şöhrət qazanır.
Xındı Məmməd çox gözəl dastan danışan, ifaçı sənətkar, hazırcavab, bağlama və qaravəllilərin gözəl bilicisi kimi əvəzsiz bir aşıq olmuşdur.
Ustadlardan dərs ala-ala Xındı Məmməd özü sonralar geniş yaradıcılıq yoluna qədəm qoymuş, divani, təcnis, gəraylı, müxəmməs kimi aşıq şeir üslubunda xeyli əsər yazmışdır. O, bir çox ustad aşıqların şeirlərinə qabaq-qaytarmalar yazmış, neçə-neçə ustadlarla deyişmişdir.
Dövrün mükəmməl, tanınmış el şairləri və aşıqları Şair Ağacan, Şair Nəbi, Bəyazidli Məsim, Təhləli Novruz və bir çox başqaları ilə şeirləşmişdir.
Hələ 1930-cu illərdə bu Borçalı bülbülünə də qara yaxaraq pantürkist damğası vurmuşlar. Buna görə də o, bir müddət Tiflisdəki Metex qalasında yatmışdır.
Böyük Vətən müharibəsi (1941-1945) başlayanda Xındı Məmməd də cəbhəyə getmişdir. O, müharibəyə yola düşməzdən əvvəl canından artıq sevdiyi öz sədəfli sazını "Cəngi" havası üstündə kökləyib divardan asmışdı.
Müharibədən evə sağ-salamat dönən Xındı Məmməd öz gözəl sənətini davam etdirmişdir. Bu sənətdə ustadlıq zirvəsinə çatan aşığın Borçalıda xeyli ünlü şagirdi vardır. Onun şagirdləri olan Aşıq Məhəmməd Sadaxlı, Aşıq Allahyar, Aşıq Seyfi artıq dünyasını dəyişmişdir. Bu gün  onun şagirdi olmuş Aşıq Ziyəddin Borçalının ən ünlü sənətçilərindəndir və bu sənəti uğurla davam etdirir. Bu şagirdlərin arasında ustadın oğlu mərhum aşıq Gülabı Xındı Məmmədə layiq davamçı olmuşdur. 
Ustad aşığın yazdığı şeirlər rayon və respublika mətbuatında çap olunmuşdur. Onun ifasında 60-cı illərdə lentə alınmış  bir neçə mahnı Gürcüstan radiosunun, Azərbaycan radiosunun  qızıl fondunda, eləcə də mənim şəxsi arxivində qorunub saxlanılır. Bir neçəl bundan əvvəl Türkiyyənin TRT-si tərəfindən  bu ölkəyə dəvətli olduğum vaxtlar onun tərəfindən  bu ustad aşığın  lent yazıları digər Borçalı aşıqlarının lent yazıları ilə birlikdə  Türkiyənin Ankara radiosunun fonduna da təqdim etmişəm. 
Onun şeirlərinin tam külliyyatı Bakıda "Meydanda mərdi-mərdanə" adı altında kitab şəklində çap olunmuşdur. Qədirbilən Borçalı camaatı və sazsevərləri Xındı Məmmədin 1986-cı ildə 90, 1996-cı ildə 100 illiyini böyük bayram şənliyinə çevirdilər.
Xındı Məmməd 1968-ci il 28 avqustda vəfat etmişdir. Qəbri doğma yurdu Qaş Muğanlıdadır. Allah rəhmət eləsin.

Hörmətlə: Mirzə Məmmədoğlu

მსგავსი